Bu xalq yaxşının qədrini bilmir deyəsən… Nədənsə bu ifadə bir hökm kimi qulaqlarımda səslənir… Dünən doğum gününü qeyd etdiyimiz Əbülfəz Elçibəy haqda düşünürəm… sonra ondan bir gün öncə ölüm xəbərini aldığımız Sara Oğuzu düşünürəm. Amma yox, xalqı, milləti söymək dəb olsa da, bunu etməyəcəm, sualın cavabını tapmağa çalışacaqam… görəsən, niyə bu baş verir…
Dünəndən bəri içimdəki qəhəri boğub Sara xanım haqda yazı yazmaq isəyirdim. Nəhayət, bu gün özümdə qüvvə tapdım. Necə yazım, nə yazım?? Suallarını kənara qoyub fikir axınına təslim oluram…
Çox illər öncə “Gözəlləmə” yazısına görə tanış olduğum bu qadın məni elə öz gözəlliyi ilə heyran etmişdi. Dəniz mavisi gözləri mənə Xatun nənəmin (ulu nənəm) gözlərini xatırlatmışdı… Və fikirləşmişdim ki, yox, bu cür simalar keçmişdə qalmayıbmış…
Gözəlliyin ki, içində doğmalıq, işıq olmadı, apar tulla… Hə, bax, Sara xanım bircə təbəssümlə insanı özümə doğma salmağı bacaran bir xanım idi. Xanımlıq hər halından bəlli olurdu… Geyimindən, mimika və jestlərindən, artıq gənc olmayan bu xanımın uşaq məsumluğu ilə təəccüblənməyindən, nəyəsə heyran olanda sevinməyindən, gülüşündən, hətta səsinin tonundan, nitqindən belə… Nə deyim, indi məndəmi bir gözəlləmə yazım? Zahiri gözəllik insanı yaşlaşanda belə tərk etmirsə, bu, artıq daxili aləmin zənginliyindən xəbər verir. Sara xanım, əslində, sənətşünas idi. Sənətçini və sənət əsərini onun kimi qiymətləndirməyi bacaran bir başqası olmazdı. Söhbət zövq məsələsindən getmir, əlbəttə. Hərçənd ki, bu yerdə zövqsüz keçinmək mümkün deyil. Amma əsas məsələ fikirlərin əsaslandırılmasıdır ki, bunun üçün də tək zövq yetmir, burda xüsusi təhsil, bilik, bacarıqlar, təcrübə gərəkdir… elə qiymət verməlisən ki, inansınlar. Sara xanım kimi… Ona anındaca inanmağa başlayırdın… çünki səni aldatmadığı ilk kəlməsindəncə bəlli olurdu…
Əlbəttə ki, onu qiymətləndirmək mümkün deyildi. Çünki qiymət verən o özü idi. Ən gözəl əsərlərə. Hələ cəmiyyətin və dövrün həzm edə bilmədiyi modern ideyalar, cərəyanlar məhz Sara xanımın təqdimatında bizə bəlli olurdu… “Üfüqü ötənlər” sənədli filminə baxsanız, görərsiniz bunu. Bu filmdə vaxtilə sənətdə arzuolunmaz cərəyana məxsus olan rəssamlar, sənət adamlarından bəhs edilir. Baxın, mütləq baxın
Hər gördüyümdə, hər ünsiyyətimdə bu xanıma baxıb dünyanı gözümdən salırdım… özümə verdiyim sualdan özüm də dəhşətə gəlirdim. Bu gözəllikdə, bu savadda, bu insanlıqda bir qadın tənhamı qalar? Əslində, tənha deyildi – başında hər zaman dostları, yaxınları… Amma ailə qurmamışdı. Yox, bu sadəcə mümkün deyildi… tutaq ki, o çox qürurlu olub, bir kimsəni bəyənməyib, amma bu məmləkətdə, ona layiq olan, onun könlünü ala bilən, ağlını apara bilən, bunu bacaran bir erkək olmayıbmı? Ona baxıb… kişilərimizə qiymət verirdim… ay sizi…
Ölçü meyarı idi Sara xanım… Və bir kəs ki, ölçü meyarı ola, onu axı necə qiymətləndirmək olar? Əlbəttə ki, qədriniz bilinmədi… son dəfə onun evində olanda, hələ canı nisbətən sağlam idi… Və bircə arzusu gündəlik yaşam qayğılarından azad olub, yaradıcılığa həsr etmək idi həyatını, artıq sağalmaz bir dərdə düçar olduğunu bilirdi, bununla belə ömrünün olan-qalanını məhz yaradıcılığa həsr etmək niyyətində idi. Amma nərdə, canında can varkən, maaş, pul xatirinə yaradıcılıqdan uzaq olan işlərdə çalışmalı idi və buna da şükür edirdi. Axı irəlidə çox bahalı müalicə gözləyirdi onu.
Bir neçə il öncə, təxminən 4 il qabaq, Sara xanıma mənəvi dəstək vermək üçün onunla görüş, imza günü keçirmək qərarına gəldim. Bu niyyətimi “Ali Nino” kitab mağazasının müdiri Nigar Köçərliyə bildirdim. Sağ olsun, razılaşdı. Və mən adətim üzrə facebookda bir event düzənlədim. İnsanları dəvət etdim. Nə başınızı ağrıdım, həmin gün qar yağdı, tufan qopdu, və Sara xanımın görüşünə öz yaxın dostlarından (bizdən) savayı yalnız 1 oxucu gəldi – Ülvi İsmayıl. O da sağ olsun. Amma mən yaman pərt olmuşdum. Sara xanımdan utanırdım. Onun da bənövşə kimi, sanki təəccübdən açılmış gözlərində işığın yavaş-yavaş söndüyünü müşahidə etmək ağır idi mənə…
Sonra daha 2 il keçdi və üstümdə sanki bir mənəvi borc kimi qalmış yaradıcılıq gecəsini nəyin bahasına olursa olsun, keçirmək qərarına gəldim. ADA kitab mağazası ilə danışdım. Mağazanın meneceri Rövşanə xanım məmnuniyyətlə razılıq verdi. Mən yenə də event hazırladım. ADA rəhbərliyi ilə də danışdım ki, tələbələr də gəlsin, axı təqdim edəcəyimiz kitab Sara xanımın ingiliscəyə çevrilmiş Seçilmiş Əsərləri idi. Və birdən xəbər gəldi ki, sən demə, ADA və ona məxsus kitab evi məhz həmin gün yeni ünvana köçməlidir. Necə ola bilərdi axı, biz danışmışıq, razılaşmışıq, qonaqlar dəvət edilib. Uzun sözün qısası, bir gün də uzatdılar vaxtı, sağ olsunlar.
Tədbirdə, “Üfüqü ötənlər” filminin nümayişi və ümumiyyətlə Sara Oğuzla görüş nəzərdə tutulmuşdu. Bundan sonra Sara xanımı evinə yola salıb, onun müalicəsinə ianələr toplayacaqdıq, çünki bunu onun yanında edə bilməzdik. Hər şey çətinliklə olsa da, gözəl keçdi, yüksək səviyyədə.
Sara xanım, ona göstərilən münasibətdən, sevgidən sanki dirçəlmişdi. Sanki yeni bir məlhəm almışdı, ümidlənmişdi. Bunu xatırladıqca, indi təsəlli tapıram: onu sevindirə bilmişdim, əlbəttə ki, tək mən yox, bütün dostları, oxucuları…
Mən Sara xanıma yazıçı, sənətşünas kimi qiymət verə bilmərəm. Sadəcə deyə bilərəm ki, onun oxucusuyam, Sara xanımın gözəl üslubuna heyranam, mövzuları çox insanidir, oxuyanda sanki onun özü ilə söhbət edirəm, sanki səsini eşidirəm. Onun böyük sevgisinə heyrətlənirəm, gözəllik sevgisinə, insan sevgisinə… Çox ağır bir həyat görsə də, öz daxili və zahiri gözəlliyini qoruya bilməsinə heyranam…
İndi fikirləşirəm ki, o qara torpaq da xeyli gözəlləşib… bizsə əksinə… Bizdən getdi Sara xanım…
P.S. Sara xanım, həm də çox səxavətli idi, heç vaxt onun yanından əliboş gəlməzdim. Mütləq bir yeni söz, ifadə, məlumatla dönərdim evə. İndi də onun 3 məclisindən gəlirəm və yenə də əlidolu. Yenicə çapdan çıxmış və özünün görə bilmədiyi son kitabı, rusca “İskuşenie iskusstvom” kitabını bağrıma basıb fikirləşirəm ki, bu kitabda onun avtoqrafı yoxdur…
Vikipediyadan: Sara Oğuz Nəzirova 1968-ci ildən dövri mətbuatda çap olunur. Təsviri incəsənət haqqında saysız məqalələri və nəsr əsərləri dövrü mətbuatda dərc olunub. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında “İkarus” jurnalında onun povesti Azərbaycanı təmsil edib. 1996-cı ildə YUNESKO-nun “The World Literature to Day” toplusunun payız sayında “Kəpənək ömrü” povesti dərc olunub. 2010-cu ildə ən yaxşı hekayə üçün beynəlxalq müsabiqənin qalibi olub. 1983-cü ildə “Yazıçı” nəşriyyatında “Terrakota”, 1986-cı ildə “Qədir ağacı”, 1992-ci ildə yenə həmin nəşriyyatda “Tale damğası”, 1990-cı ildə “Gənclik” nəşriyyatında “Nağıl nabatı”, 1996-cı ildə “Şərq-Qərb” nəşriyyatında “Beton evdən yazılar”, 2007-ci ildə “Ziya” nəşriyyatında “Əşrəf Muradoğlu”, AME nəşriyyatında ingilis dilində “Selected Works” kitabları çapdan çıxıb. Sonuncu kitab hətta Oksfordun Bodlean kitabxanasında yer alıb.
Onun yaradıcılığı haqqında 2003-cü ildə “Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Oğuz gözəlləməsi” kitabı nəşr olunub. “Azərbaycanfilm” kinostudiyasında “Batmış şəhərin incəsənəti”, “Nar nağılı”, “Qəsd”, “İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər” filmləri onun ssenariləri əsasında çəkilmişdir. Sara Nəzirovanın “Nağılını göstər”, “Mərd körpüsü”, “Qayıt”, “Sözün sehri” pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub.
Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.
YUNESKO Tasis, European Council, Internews layihələrində iştirak edib. Vaxtaşarı xarici ölkələrdə elmi konfranslarda Azərbaycanı təmsil edir.
9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.