загруженное (5)

“Əl-Qaidə” terror şəbəkəsindən ayrılaraq ondan daha betər qəddarlıqlar törədən “İraq Şam İslam Dövləti” yaraqlılarının İraqda şəhərləri bir-birinin ardınca tutduğu bir vaxtda Türkiyənin Nazirlər Kabineti mübahisəli qərar verib.

Virtualaz.org saytı xəbər verir ki, Nazirlər Kabinetinin son iclasında “Əl-Qaidə”nin İraq qanadı olan “Əl Nusra briqadası” qruplaşması terror təşkilatları siyahısından çıxarılıb. Bu qərar hökumətin iyunun 16-da keçirilən iclasında qəbul edilib və “Rəsmi qəzet”in bu günkü sayında dərc edilərək rəsmən qüvvəyə minib. Hökumətin qərarına əsasən yeni siyahısında Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən “Jabhet Əl Nusra”, “The Victory Front” adlı qruplaşmaların da adı yer almayıb. İŞİD isə siyahının son versiyasına daxil edilib.

Bundan əvvəl Türkiyə hökuməti İŞİD-i rəsmən terror təşkilatları siyahısına daxil etməmişdi və “Əl Nusra briqadası”nı terrorçu hesab edirdi. “Əl-Nusra briqadası” “Əl-Qaidə” lideir Ayman əs-Zəvahiri tərəfindən terror şəbəkəsinin İraqdakı yeganə “qanuni təmsilçisi” elan edilib. Suriyada İŞİD-in güclənməsindən əvvəl “Əl-Nusra briqadası” xüsusi zorakılıq və qəddarlığı ilə fərqlənirdi. Lakin İŞİD başkəsənləri öz qəddarlıqları ilə bu qruplaşmanı kölgədə qoydu. “Əl-Nusra briqadası”nı düşmən elan edən İŞİD ötən ilin sonlarından etibarən bu qruplaşmaya qarşı döyüşür və onun mövqelərini xeyli zəiflədə bilib.

Bəs Türkiyə hökumətinin terrorçu təşkilatlar siyahısında apardığı bu yerdəyişmə nədən irəli gəlir? Belə görünür ki, İŞİD-in İraqda dəhşətli zorakılıqlar və kütləvi qətliamlarla müşaiyət olunan qəfil hücumları Türkiyə hökuməti bu qruplaşma ilə bağlı mövqelərini korrektə etməyə məcbur edib. İndiyədək Türkiyə Suriyada İŞİD-ə üstörtülü dəstək verirdi və məlumatlara görə ona silah-sursat ötürürürdü. İŞİD sıralarına qoşulmaq üçün gedənlər Türkiyə üzərindən keçərək Suriyaya daxil olurdu. Lakin indi İŞİD İraqda qəfil hücumlara başlayaraq 100-ə yaxın Türkiyə vətəndaşını girov götürüb, ölkənin neftlə zəngin Kərkük bölgəsini tutmağa çalışır. Doğrudur, Türkiyə hökuməti İŞİD-in İraq hücumlarını və törətdiyi qətliamları odlu-alovlu şəkildə pisləmir. Ancaq Ankara bu qorxulu təşkilatı terrorçu kimi rəsmən tanıyaraq ondan məsafə saxlamağı qərara alır.

Virtualaz.org