O gün, nəhayət ki, Şah Qacar tamaşasının 21-ci nümayişinə (belə dedilər) getdim. Hər şeyə – uşağın evdə nasaz olmasına, tamaşadan çıxanda artıq gec saatda -11-də tək evə dönmək ehtimalına və s. bu kimi, adətən bütün yaxşı təşəbbüsləri şeytan əməli tək əngəlləməyə çalışan maneələrə rəğmən…
Minnət qoymaq kimi çıxmasın, amma kaş ki, sənət adamları bunun fərqində olaydı… Biləydilər ki, bu qədər əmmalara baxmadan 3 saatlıq tamaşaya gəlmiş insan bu zamanının boşuna keçməsini heç istəmir. Və tamaşadan zövq almaqda hamıdan artıq özü maraqlıdır… Odur ki, hər vəchlə çalışacaq ki, bəyənsin, ləzzət alsın-hətta bu, mümkün olmadığı hallarda belə…
Anladınız ki, tamaşaya məhz bu məqsədlə gəlmişəm bir çoxları kimi… Əvvəla, Fuad Poladovun baş rolu ifa etməsi faktı, daha sonra, kifayət məlumatım olmadığından tanımadığım, təzadlı tarixi şəxsiyyət – Şah Qacarı tanımaq istəyi, ümumiyyətlə isə, teatrın özü ilə təmasda olmaq arzusu, bu tamaşaya gəlmək qərarımı möhkəmlətdi.
Nə isə, uzun sözün kəsəsi, az getdim, üz getdim, dərə, təpə, düz getdim, yetişdim Azdramaya. Hər zamankı kimi, böyük mehribanlıq və qonaqpərvərliklə qarşılandım. Yerimi rahatladım, özümü gözəl bir tamaşadan,aktyor oyunundan zövq almağa köklədim…
Tamaşa haqda məlumat almaq prosesi məndə adətən bukletdən başlayır. Baxıram. Məlum olur ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Doğrusu, bilmirəm, Akademik Milli Dram teatrında başqa sifarişlərlə hazırlanan tamaşalar da olurmu? Amma dəxli yoxdur, sifarişin sanballı olması dərhal hiss olunur: dekorasiyalar, kostyumlar kifayət qədər bahalı, zəngin olmaqla, ilk baxışdan “Möhtəşəm 100 ili” xatırlatsa da, nə gizlədim, xoşuma gəlir, yaraşır obrazlara. Bir sözlə, ilkin xoş təəssüratımı formalaşdıran şəxs, güman ki, tamaşanın baş rəssamı(bukletdə belə yazılıb), dövlət mükafatı laureatı, xalq rəssamı Nazim Bəykişiyevdir.
Hərçənd ki, bukletdə tamaşanın rəssamı da, quruluşçu rejissoru, üstəlik müəllifi də xalq artisti Azər Paşa Nemətov olduğu göstərilib. İndi bilmirəm, kostyumların müəllifi bu şəxslərdən məhz hansıdır. Amma bütün hallarda, tamaşanın bütövlükdə uğurları bir qayda olaraq, quruluşçu rejissorun uğuru sayılar. Odur ki, analamadım, nədən bukletin üzərində tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı bir şəxsin simasında qeyd olunub. Tək quruluşçu rejissor yazılsaydı bütün bunları tam şəkildə özündə ehtiva edərdi… Nə isə, görünür, bilmədiyim şeylər var burda…
Və, qayıdıram yenidən rəssam işinə. Dekorasiyalar və kostyumlar hadisələr baş verən dövrə, mühitə və məkana uyğun olmaqla yanaşı, sanki canlı idilər, sünilik, butaforiya hissi yaşatmırdı baxana. Hərhalda, ilk baxışdanca, həmin mühitə teleportasiya etdim sanki…
Bəyənmədiyim məqamları yazmaqdan öncə tərəddüd edirəm…çünki, tənqidin normal qarşılanmadığı bir mühitdə yaşadığımın fərqindəyəm. Amma bu anda sığınıram, əsərdən gətirdiyim bir sitatın əfvinə:”Bir kəsin ki, belini qırmaq istəyirsən, təriflə onu”. Bunu Qacar, ünvanına həddən artıq tərif yağdıran Axund Hacı Babəkə deyir… Mənsə, heç kimin belini qırmaq istəmirəm…
Başlayıram, elə lap tamaşanı ərsəyə gətirən əsas şəxslərdən. Ssenari müəllifi dövrümüzün ən parlaq dramaturqlarından sayılan və neçə maraqlı səhnə əsərininin ssenari müəllifi olan Əli Əmirlidir. Onun ssenarisi əsasında səhnələşdirilmiş hər hansı tamaşadan narazı qayıtmağım yadıma gəlmir. Bu tamaşanın ssenarisini oxumamışam deyə, fikirlərim yalnız gördüklərimə, seyr etdiklərimə əsaslanır. Nədənsə, süjet xətti bir qədər süst dəydi gözümə. Tamaşanın elə lap başlanğıcından bəlli olur ki, Şahın siyasi rəqiblərinin əsas arqumenti Qacarın xacə olmasıdır. Məhz bu səbəbdən, yaxud bu bəhanəylə silahlanıb onu devirmək, ona qəsd etmək istəyirlər. Çox keçmir, bəlli olur ki, elə Qacarın özünü də incidən, əzab verən əsas məsələ xacə olmasıdır. Vəssalam, əsas konflikt də elə budur. Sonadək.
Əsərin quruluşçu rejissoru, bayaq dediyim kimi, xalq artisti Azər Paşa Nemətovdur. Azər bəyi zamanı ilə ayaqlaşan, müasir tendensiyalardan xəbəri olan, zövqlü bir sənət adamı kimi tanıyıram və bu fikri məndə formalaşdıran onun müxtəlif zamanlarda çıxışları, müsahibələri, verilişlərdə söylədiyi mülahizələr olub. Bəlkə elə ondandır ki, Azər bəydən gözləntilərim bir tamaşaçı kimi hər zaman yüksək olub. Təəssüf ki, gözləntilərim elə də doğrulmayıb özünü hər izləmədə… Nə yazıq ki, bu dəfə də belə oldu… söhbəti uzatmadan və detallara varmadan fikrimi izah etməyə çalışacağam. Bir var Teatr, bir də var Teatrallıq. Bir var Proza, bir də var Prozaizm… və s. Bu tamaşa başdan ayağa teatrallıq idi. Geniş diapazona malik aktyorların aşırı oyunçuluğu, pafos, musiqinin təmtərağı(bəstəkar Siyavuş Kərimi)- hər şeydə bu teatrallıq özünü biruzə verirdi. Aktyor oyununda bu, Kərim xan Zənd rolunun ifaçısı əməkdar artist Məmməd Səfada xüsusilə hiss olunurdu. İstənilən aktyorun həsəd apara biləcəyi faktura və peşəkarlığa sahib olan bu aktyor, sanki bütün bilik və bacarıqlarını bir obrazda göstərməyə çalışırdı. İblisanə qəhqəhlərdən tutmuş, məsum pıçıltıya gədər, ironiya, lağlağı, qəddarlıq və s. bu kimi təzadlı insani, həm də şeytani hissləri bir dəfəyə oynamaq bacarığı aktyorda varsa, bu heç də o demək deyil ki, bütün bunları bir obrazda ifadə etməlidir…
Tamaşaçı qəhrəmanın müsbət, ya mənfi olduğunu, yaxud təzadlı olduğunu bilməlidir, görməlidir. Əlbəttə, əgər, müəllif özü bunu bilirsə və öz tamaşaçısına, auditoriyasına bunu bildirmək, söyləmək, göstərmək istəyirsə. Doğrusu, mən müəllifin, rejissorun İstər Şah Qacara, istərsə də, başqa obrazlara münasibətini çözə bilmədim. Bir tək Sadıq xan (ifaçı əməkdar artist Sabir Məmmədov) obrazında qəhrəmanının tamahkar bir xain olduğu dərhal bəlli olur.
Tamaşada ən çox bəyəndiyim mesaj, “kişi olmağın şərti uşaq əkmək deyil” mesajı idi. Amma bir xacənin bu qənaətə gəlməsi o qədər gözləniləndir ki… Həyatdan əlini üzməmək üçün əl atdığı saman çöpünə bənzər bu həqiqəti Qacar deyil, bir başqası desəydi, daha təsirli olmazdımı?
Nə isə, tamaşa bitdi, mənsə hələ də Şah Qacarı tanımıram… Bir onu bilirəm ki, tənha olub… tamaşanın sonunda xatırladığı tülkülər kimi… Vaxtilə gəncliyində, saray dustağı olduğu illərdə ova çıxarkən tutduğu tülkülərin quyruğuna zınqırov bağlayıb buraxarmış, o… Bununla həmin tülküləri əbədi təhlükəyə və əbədi yalnızlığa məhkum edərmiş. Çünki həmin bu zınqırova görə tülkü daim ovçunu cəlb edər, dişi tayınısa qorxudub özündən qaçırarmış…Sanki, öz haqsız cəzasının heyfini bu bədbəxt canlıdan almaq istərmiş gənc Məhəmməd Qacar. Əbədi təhlükədə və əbədi tənhalıqda olan şah…
Sonda aktyorlar və dramaturq, eləcə də quruluşçu rejissor alqış sədaları altında səhnəyə çıxdılar. Azər bəy, bir bir, bütün ifaçıların əlindən tutub onları bir daha irəliyə çıxarıb, hər birinə məxsusi alqış istədi… amma bununla belə, aktyorlar gözümə çox tənha dəyirdilər…illərdir öz rolunu gözləyən, rejissorunu gözləyən bir aktyor tənhalığında…