telebe

“İdmançı olmaq istəyənlər bilirlər ki, onlara 100 bal lazımdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə əvvəlki illərin məzunlarının imtahan nəticələrini açıqlayıb.

Modern.az  xəbər verir ki, I qrup üzrə 1997 nəfərin imtahan verməsinə baxmayaraq, onlardan 90%-i 150-dən az bal toplayıb.

IV qrup üzrə isə 4558 nəfər imtahan verib. Onların isə 90%-i 100 baldan aşağı nəticə göstərib.

TQDK sədri qeyd edib ki, IV qrupda iki kontingent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki, onlara 100 bal lazımdır:

“Yüksək bal toplayanlara gəlincə isə I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhəri məzunudur. Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib. Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 625 bal toplayıb. IV ixtisas qrupunda imtahan verən məzunlardan biri isə 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub. Bu il 612 bal yığan digər bir abituriyent isə ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə – 431, 2013-cü ildə – 406 bal toplayıb. 600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-cü il məzunudur və həmin il 468 bal toplayıb”.

Qeyd edək ki, imtahanda 100 baldan aşağı nəticə göstərən abituriyentlərin 50%-i 50 baldan aşağı nəticə göstərib.