Jurnalistə qarşı sui-qəsdin üstü açıldı!!!; Deputat Elton Məmmədovun hər iki oğlu ilə yaxın dost olan Tural Bayramov cinayətin maliyyəçisi və sifarişçisi kimi ifşa olundu; reportyorumuzu döyən Feyruz Termişi yaxalandı; cani şok etiraflarda bulundu; şübhələr Aynar Məmmədova doğru istiqamətlənib
“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyənlər həbs ediliblər. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalistin döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki, mayın 6-sı Nizami Rayon Polis İdarəsi və 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub. Bu cinayətdə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb.
Sifarişçi Tural Bayramov adlı biridir – o, kimdir?
Saxlanılanlar bir müddət dirəndikdən sonra F.İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər. Onlar müxbirimizin də iştirak etdiyi istintaqdakı üzləşmə zamanı etiraf ediblər ki, sifarişçi T.Bayramov F.İlqaroğlunun facebookdakı şəklini göstərərək, “bunu cəzalandırmaq lazımdır, pul da veriləcək”, söyləyib. T.Bayramov özü də aktiv facebook istifadəçisidir.
Cinayət əməlini törətməmişdən öncə onlar T.Bayramovdan pulun bir qismini də alıblar. T.Bayramovun K-1 döyüş növü (“qaydasız döyüş”) üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən T.Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Deyilənə görə, peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin ətrafında olub. Onun facebook-da Adil Əliyevlə mehriban pozlarda şəkilləri də var. İddialara görə, T.Bayramov daha sonra Adil Əliyevdən ayrılıb, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla dostluq etməyə başlayıb. Onların birlikdə fotosu da üzə çıxıb. Ümumiyyətlə, 7 may gününü ölçən zaman irəlilədikcə belə bir xəbər gəldi ki, Tural Bayramov bir sıra zənginlər üçün nəzarətində olan idmançıların vasitəsilə sifarişlə adam döymə işlərini təşkil edirmiş. Fərahim İlqaroğlunun döyülməsini də Feyruz Termişiyə məhz bu mexanizmlə E. Bayramov sifariş verib.
Axşam saatlarında cinayətin sifarişçisi T.Bayramovun deputat Elton Məmmədovun daha bir oğlu ilə çəkilmiş fotosu da yayıldı. Artıq sübut olunur ki, Tural Bayramov Məmmədovların xidmətindədir və nazir Ziya Məmmədovun gənc qohumları ilə yaxın dostdur. Deputatın hər iki oğlunun idmançı ilə dostluğunun, bunu sübut edən fotolarının üzə çıxması isə jurnalistin döyülməsinin əsas sifarişçisinin Məmmədovlardan biri olduğu ehtimallarını gücləndirir.
Əks halda, bir idmançı niyə reportyoru döyməyi sifariş versin ki? Əməkdaşımız nə həmin idmançı barədə bu günə qədər yazıb, nə də qəzetdə Bayramov haqda bir sətir gedib. Lakin əvəzində “Yeni Müsavat” qəzeti Ziya Məmmədov və onun klanını ardıcıl olaraq kəskin tənqid edib. Sui-qəsdə uğrayan Fərahim İlqaroğlu isə Aynar Məmmədovun və digərlərinin avto-xuliqanlıqları barədə qəzetlərdə məlumatlar gedərkən onlar haqda facebook-da kəskin fikirlər yazıb, onları qudurğan adlandırıb.
Adil Əliyev idmançıdan danışdı
Azerfax.az saytı dəqiqləşdirib ki, iki il əvvəl Kiqboksinq Federasiyasında parçalanma baş verib. O zaman T.Bayramovun Məmmədovlarla münasibətləri daha da yaxınlaşıb.
O, rəsmən dövlət qeydiyyatından keçmiş Kiqboksinq Federasiyasında deyil, Elton Məmmədov və onun oğlunun nəzarətində olan qondarma qurumda – “adamdöyənlərin” federasiyasında təmsil olunmağa başlayıb.
Məlumdur ki, Məmmədovlar yaratdıqları qurumu Kiqboksinq Federasiyası kimi təqdim edirlər. Bir müddət əvvəl Məmmədovların Bakıda təşkil etdikləri yarış isə ciddi etiraza səbəb olmuşdu. Hətta bu məsələ ilə bağlı deputat Adil Əliyevin etiraz bəyanatları və yazıları da yayılmışdı. Sayt yazıb ki, T.Bayramov Məmmədovların “Şilləvuranı” kimi fəaliyyət göstərir.
Kiqboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev lent.az-a bildirib ki, jurnalistin döyülməsini sifariş vermiş T.Bayramovu tanımır: “Federasiyaya on minlərlə adam gəlib-gedir. Hamısının nə işlə məşğul olmasına mən cavabdeh deyiləm”.
Fərahim İlqaroğlu: “Məqsəd Məmmədovlardan yazan qəzetə gözdağı vermək olub”
F.İlqaroğlu “Yeni Müsavat”a dedi ki, mayın 6-da Nizami Rayon Polis İdarəsinə (RPİ) çağırılıb: “Məni döyən Feyruz Termişini artıq tutmuşdular. Dindirilmə zamanı etiraf etdi ki, mənə sifariş əsasında sui-qəsd edib. Özü hazırda özəl təhlükəsizlik xidmətində çalışır. Rəisi Tural Bayramov adlı K-1 idman növü üzrə peşəkar döyüşçüdür.
Feyruz etiraf etdi ki, Tural ona tapşırıq verib, deyib ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Bu məsələdən sonra Turalın Aynar Məmmədovla bir yerdə şəkillərinin üzə çıxması belə şübhələrə yol açır ki, məni döyməyi deputatın oğlu tapşırıb. Ancaq hər şey Tural Bayramov həbs ediləndən sonra bilinəcək”.
Jurnalistin sözlərinə görə, əgər döyülməsini deputat oğlu sifariş veribsə, məqsəd Məmmədovlardan yazan qəzetə onun timsalında gözdağı vermək olub: “Aynarla bağlı yazıların müəllifi mən deyiləm. Onun avtoxuliqanlıq etməsi haqda xəbərləri Eynulla Fətullayevin rəhbəri olduğu virtualorg.az saytı ictimailəşdirib. Sadəcə, hamı kimi mən də facebook səhifəmdə bu xəbərləri paylaşıb, tənqidi rəyimi yazmışam. Qətiyyən onun barəsində təhqirə yol verməmişəm”.
F.İlqaroğlu əlavə etdi ki, polis idarəsində onu döyən şəxsin telefonuna baxış keçirilib: “Onun telefonunda Tural Bayramovla danışıqları, yazışmaları var. Son yazışmalarını isə silib. İdarədən yaxınlarına zəng etmək istəyəndə ilk zəngi Turala olub.
Hətta aprelin 25-də məni döyəndən sonra həmin tarixdən etibarən davamlı olaraq musavat.com saytını izləyib, barəmdə gedən yazılara baxıb. Ən son baxdığı yazı “Jurnalisti döyən hələ tapılmayıb” başlıqlı xəbər olub. Ondan sonra arxayınlaşıb ki, ara sakitləşdi, iş bağlandı”. Reportyorumuz döyülməsi ilə bağlı hüquqi müstəvidə mübarizə aparacağını qeyd etdi.
Elton Məmmədov: “…Tanımırıq, tanımırıq, tanımırıq”
Məsələyə aydınlıq gətirmək üçün deputat Elton Məmmədovla əlaqə saxladıq. E.Məmmədov “Yeni Müsavat”a tədbirdə olduğunu, danışa bilmədiyini deyib, telefonu qapatdı.
Deputat aznews.az-a açıqlamasında isə yayılan bu məlumatı növbəti iftira adlandırıb: “Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz. Oğlumun kimlə şəklinin olması ilə belə bir qənaəti taraşlamaq heç bir əxlaqa sığmır”.
Deputat əlavə olaraq teleqraf.com-a açıqlamasında deyib: “O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam. ”Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bir kampaniyadır, başladıb, onlara cavab vermirik”.
Rauf Arifoğlu: “Ziya Məmmədov və ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur”
“Biz özümüz Elton Məmmədovu axtarırıq, ona çoxlu suallarımız var. Amma o, ”Yeni Müsavat”a danışmaqdan imtina edir. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur”.
Bu sözləri teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Elton Məmmədovun onların ailəsinə qarşı kampaniya başladılması barədə fikrinə münasibət bildirərkən deyib. R.Arifoğlu əllərində olan məlumatları və şübhələri bölüşdüklərini bildirib: “Ortada ağır cinayət hadisəsi var. Bir jurnalistin həyatına sui-qəsd olunub. Sui-qəsdçilər tapılıb. Belə məlum olub ki, bu, Ziya Məmmədovun çevrəsinə, ailəsinə yaxın olan idmançılardır.
Aynar Məmmədovun da yaxın çevrəsində görüntülənmiş insanlardır. Bu məsələnin ictimai əhəmiyyəti o dərəcədə yüksəkdir ki, onu ictimailəşdirmək məcburiyyətində qaldıq. İstintaq davam edir, bəlkə başqa versiyalar ortalığa çıxacaq. Biz iddia etməmişik, sadəcə, şübhələrimizi, əlimizdəki məlumatları bildirmişik, şəkilləri paylaşmışıq”.
Baş redaktor qeyd edib ki, F.İlqaroğlu zərərçəkmişdir, sui-qəsdə uğrayıb: “Onun müxtəlif versiyalar və şübhələr yönündə mülahizələr irəli sürmək hüququ var. Biz ona bu hüququ tanıyırıq. İdmançılardan ibarət qrupun bu işi pulla icra etdiyi haqqında əlimizdə məlumat var. Həmin şəxslər istintaqa ifadə veriblər. Həbs olunanlar Fərahim İlqaroğlu ilə üzləşərkən özləri etiraf ediblər. Biz bu materiallar əsasında çıxış edirik. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur. Əksinə, biz 7 may tarixinə qədər Bakı rayonlarının icra başçılarının birindən şübhələnirdik; hətta bu şübhələri rəsmi şikayətimizdə də yazmışıq. Ona olan şübhələrimiz yenə də qalır. O istiqaməti də araşdırırıq. Lakin Məmmədovların sifarişçi ola biləcəyi ehtimalı daha yüksəkdir”.
DİN-dən açıqlama gəldi
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə jurnalisti döyən şəxslərin T.Bayramovdan sifariş alması ilə bağlı aktual.az-a açıqlamasında bildirib ki, bu barədə hələ ki heç bir söz deyə bilməz:
“Mətbuatda kimin adı hallandırılır, bilmirəm. İstintaq sirri olduğu üçün açıqlama vermək qanunvericiliyə ziddir. Cinayətdə iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əlavə heç nə deyə bilmərəm. Çünki bu, istintaqın gedişinə təsir edə bilər”.
Xatırladaq ki, əməkdaşımız aprelin 25-də yaşadığı binanın qarşısında hücuma məruz qalıb. Onu vəhşicəsinə döyərək, ciddi xəsarətlər yetiriblər. Bu zaman onun avtomobilində açıq qalmış video-qeydedici bütün cinayəti yaddaşa yazıb.
Dünən axşam saatlarında isə F.İlqaroğlu işdən çıxıb gedərkən onu Nəqliyyat Nazirliyinə məxsus 90 AR 168 nömrə nişanlı maşın izləyib.
Musavat.com