“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.
Qeyd edək ki, Tural Bayramov hələ saxlanılmayıb. Onun axtarışları davam etdirilir.