Bakının “Sovetski” deyilən tarixi ərazisində evləri plana düşənlərə zorla sənəd imzalatdırırlar.
Bu barədə “Yeni Müsavat”a evləri plana düşən “Sovetski” sakinləri məlumat veriblər. Onların sözlərinə görə, verilən kompensasiya ilə razılaşmayan sakinlərə yenə də hədə-qorxu gəlinir.
Adının açıqlanmasını istəməyən “Sovetski” sakini bildirdi ki, Köçürmə Komitəsinin nümayəndələri qapı-qapı gəzərək verilən kompensasiya ilə bağlı razılığı ifadə edən sənədin imzalanmasını tələb edirlər.
“Sovetski” sakinləri bildirdilər ki, bu vərəqlər hər kəsə paylanılır və onu imzalamaq üçün hər kəslə fərdi qaydada söhbət aparılır, insanlar dilə tutulur. Sənəddə isə bunlar qeyd olunub: “Yazıb sizə bildirirəm ki, sökülmə ilə əlaqədar olaraq mənzilimə və ya payıma düşən kompensasiya verilməsinə etiraz etmirəm”.
Sakinlər bildirirlər ki, burada əsas məqsəd sabah vətəndaşın məhkəməyə üz tutmaması üçün əvvəlcədən hüquqi baza yaratmaq və bir hadisə baş verəcəyi təqdirdə icra strukturlarını sudan quru çıxarmaqdır.
Sakinlər deyirlər ki, evləri ölçülmüş sakinlər mənzillərinin sahəsi barədə yekun qərarın nə olduğunu öyrənə bilmirlər: “Ümumiyyətlə, hər hansı bir sual üçün Yasamal Rayon İcra Hakimiyyətinin sökülmələr üzrə komissiyasına müraciət etdikdə onlar deyirlər ki, əvvəlcə gedin ”JEK”də ərizə yazın, sonra işinizə baxılsın, deyilsin ki, sizin mənzilinizi ölçüb neçə kvadratmetr olmasına qərar veriblər”.
Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Fevralın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazirin müavini Abid Şərifov bildirib ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.
A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib: “Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min manatlıq təklifləri əsassızdır”.
Qeyd edək ki, hazırda ərazinin baş planı hazırlanır. Baş planın hazırlanması isə təxminən bir ay çəkəcək. Sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək.