Əslində burada vidalaşmalı idik. Amma istəyirəm ki, vidalaşmazdan əvvəl daha bir məsələyə də toxunum. Parlament müxbirimiz Ləman Ələşrəfqızının Milli Məclisə buraxılmamasına…
Bir az əvvəldən başlayacam. Oqtay müəllimin üzrlü səbəbdən iştirak etmədiyi iclasların birində deputatlar özlərini bir az boş buraxıblar, bəzi millət vəkilləri ümumiyyətlə zala gəlməyiblər. Millət vəkilləri arasında bir-birinin yerinə səs verənlər də olub. Təbii ki, bu kadrları Ləman Ələşrəfqızı efirə verib. Bizdə olan məlumata görə, Oqtay Əsədov deputatların məsuliyyətsizliyinə əsəbiləşib və bunun bir daha təkrar olunmamasına göstəriş verib.
Lakin görünür, Milli Məclisin sədrinin tənbehini gözlənilməz hesab etdiklərindən aparatın aşağı instansiyada çalışan əməkdaşları Ləmanın Milli Məclisə buraxılmaması barədə məlumat yayıblar və doğrudan da Ləman iclas zalına buraxılmayıb. Biz inanmırıq ki, bundan Milli Məclis sədrinin xəbəri var. Çünki biz Oqtay müəllimi peşəkar və ağsaqqal bir dövlət adamı kimi tanıyırıq. Mən onun parlament üzvlərinin iclaslara məsuliyyətsiz münasibəti barədə son çıxışını diqqətlə dinlədim və gördüm ki, bizim efirdə gedən kadrlara onun qəzəbi bizimkindən heç də az deyil, əksinə, daha sərt və prinsipialdır.
Ona görə də ümid edirik ki, Ləman Ələşrəfqızı – bizim parlament müxbirimiz və bir sıra təşkilatlar, dövlət qurumları tərəfindən peşəkarlığı yüksək qiymətləndirilən, 5 ildən artıqdır ki, ANS-i Milli Məclisdə təmsil edən tanınmış jurnalistimiz ətrafında yaranmış anlaşılmazlığa məhz elə Oqtay müəllim son qoyacaq.
Çünki Milli Məclis millətin, xalqın məclisidir və orada baş verənlərdən xalq, millət mütləq xəbər tutmalıdır, parlamentin imicini korlamaq istəyən şəxslərin tapılıb tənbeh edilməsini isə bizim hörmətli spikerimizdən xahiş edirik. Növbəti iclaslardan Ləman Ələşrəfqızının reportajlarını gözləyirik. Yəqin ki, Milli Məclisimizin hər bir üzvü kimi. Bu, bizim məclisdir. Hər necə olsa…