Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininə rektor təyin edilib.
Modern.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev idi.
F.Əliyeva isə BDU-nun professoru, görkəmli alim, mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.
Modern.az saytı onun tərcümeyi halını təqdim edir.
Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.
1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısı, elmi monoqrafiya, dərsliklər, onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.
Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahangirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir.
F. Əliyeva bu təyinatadək Bakı Musiqi Akademiyasında musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədidir.