Bu ölkədə təkcə insanlara haqsızlıq edilmir. Ağaclara da zülm olur. Ağaclar üçün də yaşamaq çətindi bu ölkədə. Onları haqsız yerə kəsirlər. Yerində ayaqqabı dükanı açırlar, ya da kosmetika. Olur ki, ticarət mərkəzləri də tikirlər; bəzən də yekə-yekə binalar. Ağac qəbiristanlıqları üzərində ucalan nə qədər binalar var Bakıda…
***
Allah ağaclara rəhmət eləsin. Allah ağacların qanını yerdə qoymasın. Azərbaycanda təkcə döyüşçülərin, soyqırım qurbanlarının adına salınan, qətliamda öldürülmüş insanların adlarını əbədiləşdirən şəhidlər xiyabanı yoxdu. Bu ölkədə ağac şəhidliyi də çoxdu.
***
Şəhidlər Xiyabanındakı ağaclar və şəhid ağaclar… Birincilər daha şanslıdırlar, çünki Şəhidlikdəki ağacları kəsməyə cürət etməz hələ yaşıllıq terrorçuları.
***
Terrorun hamısı pisdi, qorxuncdu, murdardı – insanlığa qarşı yönəlib bütün terrorlar. Nə fərqi var, insanı bir anın içində güllə ilə öldürəsən, ya da ağacları kəsib insanın nəfəsini kəsəsən, onu günbəgün, aybaay, ilbəil öldürəsən. Oksigensiz qoyaraq tədricən məhv edəsən. Tədrici ölüm daha amansız, daha əzablıdı…
“O əli baltalı məmurlar bir gün kəsməyə ağac tapmayanda, insan başı axtaracaqlar” |
* * *
Prezident son müşavirədə yaşıllıq terrorçularına möhkəm təpindi. Barmaq silkələdi onlara. Ölkə başçısı onun rəhbərlik etdiyi ölkənin ağaclarına qənim kəsilən bu çetenin üzvlərini “cinayətkar”, “vicdansız” adlandırdı. Son dəfə xəbərdarlıq etdi ağac kəsənlərə. Düz etdi. Doğru yapdı.
Amma və lakin… O müşavirə keçirilən məkana yığışmış yüksək ranqlı dövlət məmurları arasında nə qədər ağac qənimi, yaşıllıq düşməni var. Əksər vaxt onlara güvənib Bakının yaşıllığına əl qaldırır o vicdansız əli baltalı terrorçular. Prezident araşdırsa xeyli nazirin və digər yüksək rütbəli məmurun indiyədək nə qədər yaşıllıq məhv etdirdiyini öyrənər, bilər.
* * *
Bakıda yaşıllıqların xeylisi mərhum Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda salınıb. İndi Heydər Əliyevin qabağa çəkib, vəzifə verdiyi xeyli məmur onun əkdirdiyi ağacların kökünü qazımaqla məşğuldur. İcra başçıları kvadratmetrlə satırlar Bakının torpağını. Artıq boş sahə qalmayıb, meşə zolaqlarına, yaşıllıqlara girişib rayon rəhbərləri. Satırlar torpağı, sonra da o “iş adamı” adlanan əli baltalı terrorçular düşürlər ağacların canına. Gözümlə görmüşəm, seyr etmişəm bu dəhşətli səhnəni. Evimizin qarşısında, M.Hadi küçəsində yaşıllıq zolağını bir gecənin içində məhv edib yerində dükanlar tikdilər. Xətainin icra başçısı vaxtı ilə H.Əliyevin tapşırığı ilə əkilmiş şam və küknar ağaclarından ibarət böyük bir ərazini də satıb, 30-40 illik ağaclar qətl günlərini gözləyir. Məmurların gözünü tamah elə örtüb ki, Ulu Öndər dedikləri adamın xatirəsini belə narahat edirlər. Əxlaq olmayanda adam atasına da balta qaldırar. Heydər Əliyev bunların mənəvi atalarıdı, hər halda özləri belə deyir, amma onun ağaclarına balta çalmaqla pul qazanır məmurlar. H.Əliyev bir vaxtlar demişdi: “Hər ağac kəsiləndə elə bilirəm ki, mənim qollarımı kəsirlər”. O gündən bu günə nə qədər qollu-budaqlı ağaclar kəsilib, məhv edilib.
“Kütləvi ədalətsizliklər olan ölkələrin xalqları sonda kəsilən ağaclardan dar ağacı və edam kötüyü də düzəldir” |
* * *
Məmurların övladları 200-300 min manatlıq maşınlarla avtoxuliqanlıq edib, insanların ailələrini təkər altında qoyub həyatlarını yarıda kəsir, başqa bəd əməllərlə də məşğuldurlar, təbii. Bu ərköyün oğulların ataları isə xalqın çörəyinə, büdcəsinə, malına göz dikir. Üstəlik də ekoloji fəlakətə düçar edir vətəndaşları. Ağaclarımızı kəsirlər, havamızı kəsirlər, ümidimizi kəsirlər. Bu komanda ilə bacarmaq çətindi – xalq üçün də, elə prezident üçün də.
O əli baltalı məmurlar bir gün kəsməyə ağac tapmayanda baş axtaracaqlar. Ona görə də onları indidən durdurmaqda fayda var.
Kütləvi ədalətsizliklər olan ölkələrin xalqları sonda kəsilən ağaclardan dar ağacı və edam kötüyü də düzəldir…