Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsinin yekunlarına həsr olunmuş Dəyirmi Masa keçirilib. Layihədə iştirak edən və dəstək olan təşkilatların nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın keçirilməsində məqsəd fiziki aktivliklə bağlı İSİM-in bu günə kimi həyata keçirdiyi fəaliyyətə nəzər yetirmək idi.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” çərçivəsində gerçəkləşdiyini və kifayət qədər uğur qazandığını nəzərə çatdırıb: “Uğurla həyata keçirildiyini nəzərə alaraq, İSİM layihənin davamlılığı məqsədilə bundan sonra da müvafiq tədbirlər görəcək”.
“Gənclərin İnkişafı” İctimai Birliyinin nümayəndəsi Nəzrin Babazadə layihədə əməyi keçənlərə, o cümlədən İSİM-ə minnətdarlığını bildirib. Layihənin eksperti Aytəkin Əsgərova fiziki aktivliyin vacibliyi və bu istiqamətdə görülən işlər barədə təqdimat edib. Məruzəçi layihənin məqsədləri, əhəmiyyəti, layihə çərçivəsində görülmüş işlər, layihənin davamlılığı istiqamətində təkliflərə dair geniş məlumat verib: “Layihənin məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək idi. Gələcəkdə də layihənin daha geniş miqyas almasına çalışacağıq”.
Mövzunun müzakirəsində Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova, Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Yeganə Sultanova, Azərbaycan Kardioloqlar Assosiasiyası Gənc kardioloqlar işçi qrupunun rəhbəri Samir Əsgərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Nurlana Qaraxanova fiziki aktivliyin insan sağlamlığı üçün vacibliyindən bəhs ediblər. Layihənin həyata keçirilməsində İSİM-in rolu xüsusilə vurğulanıb. “Qeyri-infeksion xəstəliklərin profilaktikasında idman və fiziki aktivlik vacib şərtdir. İSİM-in layihə üçün hədəf auditoriya kimi gəncləri və uşaqları seçməsi gələcəkdə baş verə biləcək bir sıra xəstəliklərin qarşısının daha erkən alınmasına yardım edəcək”.
Dəyirmi masada layihə çərçivəsində hazırlanmış, fiziki aktivliyin faydalarını özündə əks etdirən videoçarxın təqdimatı olub. Bu videoçarxın bir ay ərzində ANS telekanalı ilə yayımının nəzərdə tutulduğu qeyd edilib.