NATO Avropa Müttəfiq Qüvvələrinin baş komandiri amerikalı general Filip Breedlove Rusiya ordusunun Ukrayna üçün yaratdığı təhdidə qarşı görüləcək tədbirlər arasında Şərq Avropadakı müttəfiq ölkələrə Amerika əsgərlərinin yerləşdirilməsinin də olduğunu söyləyib.
NATO konfransında iştirak üçün Fransanın paytaxtı Parisdə gələn general Breedlove, “hazırda Şərqdəki müttəfiqlərimizə zəmanət vermək üçün qurudan, havadan və dənizdən görüləcək tədbirlər paketi üzərində işləyirik. Planı yaxın həftələrdə tamamlayıb, təqdim etməyə çalışırıq”, – deyib.
Amerika əsgərlərinin Rusiyaya ən yaxın müttəfiq ölkələrinə göndərilib-göndərliməyəcəyi sualına cavab verən Breedlove, müttəfiqlərdən gələcək istəkləri qiymətləndirəcəklərini söyləyib.
Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı hərbi varlığının davam etdiyinə işarə vuran Breedlove, “sərhəd bölgəsində təxminən 40 min rus əsgəri var. Məncə bu, müxtəlif qüvvələrdən ibarət yaranan ordudur. Daha doğrusu, bölgədə veriləcək hərbi vəzifələri yerinə yetirmək üçün bütün tədarüklərə malik bir rus ordusu var”, – deyib.
Ukrayna sərhədi yaxınlığındakı rus ordusunun səhra xəstəxanaları, xəbərləşmə qüvvələri, döyüş təyyarələri, vertolyotlar və ağır silahları olduğuna diqqət çəkən Breedlove, NATO-nun bunları nəzərə alaraq müttəfiqlərdən gələcək təklifləri qiymətləndirəcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə NATO-nun Şərqi Avropa ölkələrinə əsgər yerləşdirmək üçün Ukrayna böhranından istifadə etdiyi fikrini səsləndirib.
Açıqlamada, “NATO-nun baş katibi Anders Fogh Rasmussenin Ukrayna böhranını istifadə edərək Rusiyaya yönəltdiyi əsassız ittihamlar, XXI əsrdə NATO üzvlərinə qarşı “xəyali xarici təhdid” yaradaraq, şərqə doğru genişlənmək istəklərini gücləndirməyi məqsəd güdürlər”, – deyilir.
Qeyd edək ki, NATO xarici işlər nazirləri təşkilatın Rusiyaya qonşu üzvlərini tək qoymayacağına dair addımlar atması üçün Breedloveyə gələn həftəyə qədər vaxt verib.