azer ayxan kose 1

 

Bizi xalq olaraq özümüzə və dünyaya Qarabağ ətrafındakı proseslər tanıtdı. 70 illik totalitar Sovet idarəçiliyindən sonra qəfildən siyasi səhnəyə çıxan Azərbaycan xalqı SSRİ rəhbərliyini şaşırtmışdı. Onun (xalqın) meydanlara yığışması, suverenlik tələb etməsi, Moskvanın hədə və şirin vədlərinə boyun əyməməsi, aldanmaması İttifaq rəhbərliyinə şok yaşatmışdı. Beləcə, SSRİ adlı nəhəng bir imperiya ilə döyüşə-döyüşə bir xalq doğulmaqdaydı meydanlarda. 

 
*  *  *
 
1988-ci ildə Azadlıq meydanındakı yüz minlər, milyonlar qarşılaşdığı problemi tam olaraq özününkü bilirdi. Bunu o vaxtkı Meydan şüarları da isbatlayırdı. Hamı Qarabağlıydı o vaxtlar. “Biz ölərək, Qarabağı vermərik” şüarını bəlkə də əslən Qarabağdan olmayan birisi ortaya atmışdı. Bəlkə də bu, bakılının, şirvanlının, ya da naxçıvanlının dilindən səslənmişdi ilk olaraq. O vaxt haralısan sualı da az qala qadağan edilmişdi. Bu suala qəzəblə, nifrətlə baxırdı hamı. Azərbaycanlıların bu qədər həmfikir, həmrəy və bütöv olduğu vaxt elə deyəsən məhz 1988-89-cu illərdə qaldı.  
 
*  *  *
 
Amma üstündən illər keçəndən sonra cəmiyyət bölünməyə başladı. Torpaq davası siyasi davaya keçid edirdi yavaş-yavaş. Siyasi intriqalar və maraqlar ölkədəki ümummilli rəyi parçalamaq üzrə idi. Bir vaxtlar Qarabağın meşəsinin ağaclarını öz canı kimi müdafiə edən, o ağacları 100 kilometrlərlə uzaqdan qoruyan, bunun üçün imperiya tanklarının üstünə yeriyən Azərbaycan xalqı getdikcə Qarabağı daha çox qarabağlıların müdafiə etməli olduğunu düşünməyə başladı. Və yanıldı. Ya da bu sevgili milləti yanıltdılar, onun beyninə, düşüncəsinə qurd saldılar. Təbii ki, bunu millətin parçalanmasını istəyən qüvvələr edirdi.
 
Sonralar Dağlıq Qarabağ işğal edildi. Rusiya Ermənistana ciddi dəstək verib Azərbaycanın 20 faizini yağmaladı. Proseslər o həddə çatdı ki, Qarabağın işğalına görə erməniləri, rusları yox, ağdamlıları, şuşalıları, zəngilanlıları, laçınlıları, füzulililəri və digər işğal olunan rayonların əhalisini ittiham etməyə başladılar. “Qoydular, qaçdılar”, ittihamı havada uçuşdu.    
 
*  *  *
 
Qarabağ probleminə bölgəçilik prinsipindən yanaşmaq, “filan rayonun camaatı erməniyə 1 qarış torpaq vermədi, amma qarabağlılar yurd-yuvalarını qoyub qaçdı” demoqojisi etmək, yumşaq desək, sağlam düşüncə deyil, gerizəkalılıqdı. Qarabağın və ətraf rayonların işğalı bütövlükdə Azərbaycanın,daha qlobal mənada Türk dünyasının dərdi və bəlasıdır. Bunu anlamaq üçün deyəsən 20-25 il bizə yetməyib. Rusiya bizə bu problemi qarabağlılar ordan didərgin düşsün deyə yaratmayıb – Azərbaycan zəif düşsün, parçalansın deyə yaradıb. Bir az da geniş baxsaq, Qarabağ az qala türk və müsəlman dünyasının 2-3 ana problemindən biri səviyyəsindədir. Qarabağı işğal etməklə Türkiyəni çıxmaza soxublar, manevr imkanlarını az və ya çox kısıtlayıblar, İranla Azərbaycanın münasibətlərini zədələyiblər. Elə 2009-cu ilin bu günlərində sərhəd məsələsinə görə Azərbaycan iqtidarı ilə Türkiyə hökumətinin də münasibətləri kifayət qədər gərginləşmişdi. 
 
İndi bu cür qlobal bir problemə bizim bəzi həmvətənlərimizin, deputat mandatı gəzdirən həmkarlarımızın regionçu mövqedən yanaşması adamı ağrıdır. Qarabağı itirəndən sonra qarabağlılar didərgin düşdü, torpaqlarını, səadətlərini, yaxınlarını, oğul-uşaqlarını itirdilər. Yerdə qalan bölgələr necə, rahatlıq tapdımı? Xoşbəxt həyata qovuşdumu? Əlbəttə yox! 1988-ci ildən ölkə və xalq olaraq həyatımız qaydı, qarabağlı vətəndaşlarımızın üzləşdiyi problemlər, faciə və fəlakətlər hər birimizin həyatına soxuldu. Ona görə də Qarabağ dərdinə öz dərdimiz, bu bölgənin işğalına öz rayonumuzun, öz kəndimizin, öz evimizin işğalı kimi yanaşmalıyıq. Düşmən bizi tam olaraq, xalq olaraq məhv etmək istəyir, biz isə özümüz özümüzü təkləyib – bölgəyə, rayona, kəndə, məhəlləyə bölüb yox etməyə həvəslənirik Nə qədər ki, Qarabağ yoxdu, bizə normal və düzənli həyat haramdı. Bunu anlamaq biriləri üçün bu qədərmi çətindi? 
 
*  *  *
 
Biz Qarabağı qaytara bilməsək Azərbaycanı itirəcəyik. Necə ki, Vətənimiz bölünəndən, iki yerə ayrılandan sonra parçalana-parçalana, bölünə-bölünə getdi, kiçildi, balacalaşdı, bu məsələdə də belə olacaq. Kiçilən, bölünən ölkənin vətəndaşları da getdikcə kiçik düşünməyə başlayırlar. Ölkənin ərazisi kiçildikcə qlobal düşüncə aradan qalxır. Bölgəçilik dövriyyəyə girir. Məhəlli və ölkədaxili regional intriqalar həyata vəsiqə qazanır. Qarabağ davası qarabağlıların savaşı kimi anlaşılır. Necə ki, artıq bu meyllər baş qaldırmaq istəyir. Vətənin hər bölgəsi vətəndi. Vətəni bir kənd, bir rayon qədər kiçiltmək düşmən qarşısında kiçilməkdi. Bunun da sonu böyük hesablı məğlubiyyət olur.
 
Azərbaycanlıların yeganə qurtuluşu Qarabağ problemi ətrafında birləşməkdi. Örnək var: 1988-ci ildə ən güclü paytaxtlara öz iradəmizi məhz bu birliklə diqtə etdirirdik. 
 
Tarix özbaşına yazılmır və… təkrarlanmır. Tarixi xalqlar öz mübarizələri, fədakarlıqları və zəkaları ilə yazar, lazım olsa təkrarladarlar.