Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynov Qarabağ camaatından üzr istəyib.
Virtualaz.org-un modern.az-a istinadən xəbərinə görə, “Gərək elə deməyəydim” deyən E.Hüseynov parlamentdəki bugünkü çıxışı zamanı səhv etdiyini etiraf edib.
Etibar Hüseynov KİV-də onun adından yayılan müsahibə və açıqlamaları təkzib edib. Deputat bildirib ki, sosial mediada təxribatla üzləşib. O, qeyd edib ki, 10 gün ərzində heç bir KİV orqanına açıqlama və müsahibə verməyib: “Amma müxtəlif saytlarda mənim adımdan təxribat xarakterli yazılar yayımlanıb. Bildirmək istəyirəm ki, mən əhalini təhqiredici heç bir ifadə və açıqlama verməmişəm. Gərək həmin məsələ ilə bağlı daha ətraflı danışaydım”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur. “Dünən bizim Etibar Hüseynovla kəskin görüşümüz olub. Etibar Hüseynov öz qabiliyyəti çatacaq qədər ölkə əhalisindən üzr istəyib”.
Sədr deputata bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görüb.
Xatırladaq ki, Etibar Hüseynov bir neçə gün öncə ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirlər səsləndirib və bu, ciddi etirazlara səbəb olub. E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi epitetlərin (“ac-yalavac”, “təhsilsiz”, “mədəniyyət görmədilər” və s.) ardından özünün facebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləmədiklərini vurğulayıb: “Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün facebook meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun”.
Deputatın çıxışından qəzəblənən qaçqın və köçkünlər qarabağlı deputatlardan Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı tələb etmişdilər.