Milli.Az İomiuri-yə istinadən bildirir ki, “Malaysian Airlines” aviaşirkətinin “Boeing 777” sərnişin təyyarəsi uçuşdan 90 dəqiqə sonra, Vyetnam səmasında olanda yoxa çıxıb.
İlkin məlumatlara görə, MH370 reysi ilə uçan təyyarə Cənubi Çin dənizinə düşüb.
Qəzanın Vyetnamın To Çu adasının yanında baş verdiyi bildirilir.
Vyetnamın Hərbi-Dəniz Qüvvələrindən verilən məlumata görə, təyyarənin axtarışları davam edir.
Təyyarədə 239 nəfər vardı. Onların 227 nəfəri sərnişinlər, 12 nəfəri heyət üzvləri idi.
Sərnişinlərin 153 nəfəri Çin, 38 nəfəri Malayziya, 12 nəfəri İndoneziya, 7 nəfəri Avstraliya, 4 nəfəri ABŞ, 3 nəfəri Fransa, 2 nəfəri Yeni Zelandiya, 2 nəfəri Ukrayna, 2 nəfəri Kanada vətəndaşları olublar. Bundan başqa, təyyarədə Rusiya, Tayvan, İtaliya, Hollandiya və Avstriya vətəndaşları da vardı.
“Malaysia Airlines” bildirib ki, təyyarə ilə son dəfə əlaqə “Boeing” Malayziyanın şərqindəki Kota-Baru şəhərindən 190 km aralıda, Cənubi Çin dənizin üzərində uçanda olub.
CCTV-nin məlumatına görə, Çinin Hərbi-Dəniz Qüvvələrinin gəmisi Cənubi Çin dənizinə, təyyarənin axtarışlarına yollanıb.
AsiaOne bildirir ki, təyyarənin komandiri çox təcrübəli pilot, 53 yaşlı Malayziya vətəndaşı Zəhari Əhməd Şah idi. 1981-ci ildən bəri “Malaysia Airlines”də çalışan pilot 18365 saat uçuşa malikdir. Təyyarənin ikinci pilotu malayziyalıFarik Əbdül Həmid idi.
Xinhua bildirir ki, dənizə düşmüş təyyarə 2012-ci ilin avqustunda qəzaya uğramışdı. Həmin gün “Boeing 777-200” Çinin Şanxay şəhərindəki Pudonq beynəlxalq hava limanında “China Eastern Airlines”in təyyarəsinin quyruğunu zədələmişdi.
“Malaysia Airlines”ın rəhbərliyi bu insidenti ört-basdır etməyə çalışmış, kütləvi informasiya vasitələrinə heç bir açıqlama verməmişdi.