Ukraynadakı vəziyyət Azərbaycanı da vura bilər; Kreml Ukraynada istədiyinə nail olsa, bunun ölkəmizə ciddi zərəri olacaq; azərbaycanlı politoloq “coğrafi baxımdan elə yerdəyik ki, bura nə Amerikanın donanmasını gətirmək mümkün olacaq, nə də Türkiyənin köməyi çatacaq, Rusiyanın ətrafındakı bütün dövlətlər hazır olsun” deyir…
Rusiyanın Ukraynanın Krım bölgəsinə qoşun yeritməsi bu addımın digər postsovet respublikalarına hansı şəkildə təsir edəcəyi ilə bağlı qorxulu mənzərə yaradır. Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Krımın Rusiyanın nəzarəti altına keçməsinin Azərbaycan və digər postsovet respublikaları üçün də təhlükə vəd etdiyini düşünür.
Onun fikrincə, Rusiyanın qarşısının illərdir alınmaması hazırkı vəziyyətə gətirib çıxarıb: “Azərbaycanın torpaqlarını da ermənilər ruslarla birgə işğal etmişdilər. 20 ildən artıqdır dünya buna göz yumurdu. Bundan sonra Rusiya arxayınlaşdı və bu başqa respublikalara da təsir göstərdi. Dnestryanı bölgədə rus ordusu dayanıb. 2008-ci ildə Rusiya dünyanın gözü qarşısında Gürcüstanı işğal etmək istəyirdi. Tiflisi ələ keçirməsinin qarşısını dünya ala bildi. Ancaq Abxaziya ilə Osetiyanın Rusiya tərəfindən işğalına göz yumuldu. Nəticədə Rusiya bir qədər də arxayınlaşdı və indi Krıma ordu yeridir. Ukraynanın ərazisinə açıq şəkildə qoşun yeridilir.
Qərb, dünya birliyi artıq buna reaksiyaya verməyə başlayıb. Ancaq bu reaksiya nə dərəcədə sərt, prinsipial olacaq bunu hələlik dəqiq söyləmək mümkün deyil. Azərbaycan, Gürcüstan, Moldova daim dünya qarşısında məsələ qaldırırdı ki Rusiyanı durdurmaq lazımdır. Vaxtında qarşısı alınmadığı üçün baxın, indi Rusiya haralara əl atır. Rusiya Ukraynada istədiyinə nail olarsa, Qərb onun qarşısını almazsa, Rusiyanın ətrafındakı bütün qonşuları rus qoşunlarının bu ölkələrə də daxil olmasına hazır olmalıdır”.
Deputat bəyan etdi ki, Rusiya Krımdan çıxarılmasa, Ukraynada istədiyinə nail olsa, bunun Azərbaycana zərəri Qarabağ məsələsində daha çox təsirini göstərəcək: “Rusiya onsuz da Azərbaycanı Qarabağda savaşa başlayacağı halda həmişə hədələyib və dünya, təəssüf ki, buna göz yumurdu. İndi Azərbaycan nə vaxtsa öz torpaqlarını azad etmək üçün addımlar atsa, Rusiya qoşunlarını Azərbaycan ərazisinə yeridə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ukraynadan kiçik dövlətdir və coğrafi baxımdan elə yerdədir ki, bura nə Amerikanın donanmasını gətirmək mümkün olacaq, nə də Türkiyənin köməyi çatacaq. Ona görə də yaranmış hazırkı vəziyyətdə Azərbaycan məqam gözləməlidir və öz davranışında ehtiyatlı olmalıdır. Dünyanın da Azərbaycanın müdafiəsinə Ukraynanın müdafiəsinə qalxdığı səviyyədə qalxmasına əminliyimiz yoxdur. Bir sözlə, Rusiyanın qonşuları üçün, o cümlədən Azərbaycan üçün təhlükə realdır”. Politoloq sonda onu da dedi ki, Ukraynada Rusiyanın cəhdləri onun özü üçün baha başa gələcək.
Bəzi ekspertlər isə hesab edir, Ukrayna uğrunda ABŞ-Rusiya qarşıdurması Kremlin başını xeyli dərəcədə qatdığından Dağlıq Qarabağ məsələsində Azərbaycanın hərəkətə keçməsi, hərbi əməliyyatlara başlaması üçün əlverişli şərait yaranır. Bu fikirdə olanlar düşünür ki, şimal qonşumuz üçün hazırda bir nömrəli məsələ Ukraynada istədiyinə nail olmaqdır. Elə bir situasiya yaranıb ki, Rusiya Qarabağ məsələsində Ermənistanı açıq şəkildə dəstəkləmək imkanında deyil.
Bu mövzuda söhbət etdiyimiz Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri isə hesab edir ki, dünya güclərinin toqquşmasının hazırda Qarabağ məsələsində Azərbaycanın hərəkətə keçməsi üçün münbit şərait yaratdığını düşünmək yanlışdır. Münbit şərait qlobal prosesin nəticələrinin necə olacağına bağlıdır: “Ukrayna ilə bağlı baş verən proseslər əslində, hazırlanmış böyük oyunun tərkib hissəsi sayılmalıdır. Yəni əslində savaş təkcə Ukrayna uğrunda savaş deyil. Bu problem Rusiyanın problemidir. Ortada Ukrayna məsələsi olsa da, əslində hədəf Ukrayna deyil. ABŞ-ın hədəfi məhz Rusiyadır. Ukrayna məsələsi gələcəkdə məhz Rusiyanın parçalanıb kiçik dövlətlər halına gəlməsinin açarı olacaq. Prosesin kökündə bu hədəf dayanır.
Bunu bildiyi üçün Rusiya çox aqressiv davranır və bir növü sərhədləri özündən uzaqlaşdırmaq istəyir. Ukraynanı bölməklə Viktor Yanukoviçi guya legitim prezident olaraq Şərqi Ukraynaya prezident kimi yerləşdirmək istəyir. Məsələ bundan ibarətdir ki, bu gün Rusiya heç bir dövlət tərəfindən dəstəklənmir. Bu, gələcəkdə Rusiya üçün acınacaqlı vəziyyətə gətirib çıxarda bilər. Bunun bəzi işartıları da görünməkdədir. Belə bir həssas vəziyyətdə, xüsusilə Rusiyanın aqressivləşdiyi bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində aktivləşməsi məncə, doğru olmaz. Düzdür, aktivləşmənin vaxtı çatdığı yönündə bəzi ekspertlər fikirlər səsləndirirlər, ancaq mənə elə gəlir ki, belə vəziyyətdə aktivləşmə Azərbaycanın əleyhinə çevrilə bilər”.
Ekspertin qənaətincə, indiki şəraitdə, böyük güclərin qarşıdurmasında onların arasında əziləcək kiçik bir element olmağa ehtiyac yoxdur. Hazırkı vəziyyətdə ən doğru addım gözləmək mövqeyi tutmaq, hansı gücün savaşdan qalib çıxacağını gözləməkdir. Məhz bundan sonra konkret addımlar atıla bilər: “Təbii ki, bu məsələdə Rusiyanın birmənalı müvəffəqiyyət qazanması perspektivi yoxdur. Hazırda Rusiyanın addımları əslində, onun özünün məhvinə rəvac verən addımlardır. Rusiyanın Ukrayna xalqına qarşı addımlarını Rusiya xalqı da dəstəkləməyəcək. Artıq bunun anonsunu Rusiyanın tanınmış ziyalıları verməkdədirlər. Bu da göstərir ki, Putin hakimiyyəti çox böyük yanlış qərar qəbul edib. Bu qərar Rusiyanın gələcəkdə parçalanması üçün stimul olacaq.
Ona görə də hələlik nəticəsi tam bəlli olmayan qlobal prosesin getdiyi indiki məqamda Azərbaycan Dağlıq Qarabağ cəbhəsində hərbi əməliyyatların keçirilməsi yönündə addım atmamalıdır. Azərbaycanın hərəkəti səngərdən çıxıb iki böyük döyüşən gücün arasında qalmaq effekti yarada bilər. Azərbaycan belə vəziyyətdə əzilə bilər. Ona görə də qlobal səviyyədə gedən prosesin daha da açılmasını, aydınlaşmasını və Rusiyanın dünya miqyasında izolə olunmasını gözləməliyik. Rusiya üçün gözlənilən bu perspektiv reallaşandan sonra Azərbaycan Qarabağ məsələsində haqlı mövqeyinə, savaşına dünya miqyasında dəstək verilə bilər. Rusiya izolə vəziyyətinə düşdükdən sonra onun Dağlıq Qarabağ cəbhəsinə müdaxilə imkanı sıfıra yaxınlaşacaq”.
Azərbaycanlı ekspertlərin “Amerika uzaqdadır” deməsinə baxmayaraq, Ukrayna xalqı ümidi Qərbdən gözləyir və tələb edir. Amerika prezidenti Barak Obamanın Krım uğrunda başlatdığı diplomatik mücadilə, Putinlə telefonla danışması, onu böyük bir savaşla uyarması göstərir ki, Qərb bu hadisələrə sadəcə seyrçi qalmayacaq. “Yeni Müsavat”ın diplomatik qaynaqlardan əldə etdiyi məlumat da onu göstərir ki, Amerika hətta hərbi qüvvə ilə də müdaxilə variantını istisna etmir. Təbii ki, bu, yeni bir dünya müharibəsi demək olardı; lakin Vaşinqton bu jestlə məsələyə nə dərəcədə ciddi baxdığını ortaya qoyur.
“Yeni Müsavat”ın qaynaqları isə iddia edir ki, Amerikanın Atlantik okeanında, Aralıq dənizində olan dəniz qüvvələri hazır vəziyyətə gətirilib. Məlumatda bildirilir ki, bu qüvvələr hələ ki gözləmə mövqeyindədirlər: “24 saat içərisində nəticə olmazsa, Rusiya durmazsa, ABŞ-ın dəniz qüvvələri Qara dənizə tərəf hərəkət edəcək”.
MUSAVAT.COM