Avropa standartlarına yaxınlaşmaq üçün Bakıda 1100, ölkə üzrə isə 10 min yeni uşaq bağçasının tikilməsinə ehtiyac var; məktəbəqədər müəssisələrin kəskin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyev Fondu yenilərini tikir, Əmlak Məsələləri Dövlət Komitəsi isə 82 uşaq bağçasını iş adamlarına satıb və satmaqda da davam edir…
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məlumatına görə, indiyədək 82 uşaq bağçası və körpələr evi özəlləşdirilib. Bu, 2006-cı ildə özəlləşdirməyə açılan məktəbəqədər təhsil müəssisəsinin üçdə biridir. Dövlət Komitəsinin 1996-2013-cü illərdə kiçik özəlləşdirmə hesabatına əsasən, 2007-ci ildə özəlləşdirməyə açılan məktəbəqədər təhsil müəssisəsinin 240-dan 63-ü özəlləşdirilib.
Özəlləşdirilən uşaq bağçalarının əksəriyyəti Bakıda yerləşir. 2010-2011-ci illərdə bir uşaq bağçası belə özəlləşdirilməyib. 2013-cü ildə isə bir uşaq bağçası hərracda satılıb. Burada çox qəribə, təzadlı bir situasiya yaranıb. Hökumət məktəbəqədər təhsil müəssisəsinin kəskin çatışmazlığını etiraf etsə də, uşaq bağçalarının özəlləşdirilməsi siyasəti davam etdirilir.
Bu günlərdə Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələri ilə bağlı yeni proqram elan edib. Fond ötən illərdə 20 uşaq bağçası və körpələr evinin tikintisini maliyyələşdirib. Fondun keçirdiyi monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilib. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən müəssisələrdir. Müəyyən edilib ki, Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac var. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır.
Ən neqativ tendensiya budur ki, özəlləşdirilən uşaq bağçalarının yerində ticarət mərkəzləri, çoxmərtəbəli yaşayış binaları tikilir. Bu, o deməkdir ki, həmin massivlərdə yaşayanların sayı artsa da, əsas sosial infrastruktur sayılan uşaq bağçaları yoxa çıxır. Bu isə həmin ərazilərdəki valideyn və uşaqlar üçün diskomfort yaradılması deməkdir.
Yeri gəlmişkən, paytaxtda özəlləşdirilən uşaq bağçalarının əksəriyyəti mərkəzdə fəaliyyət göstərirdi. Yəni bu ərazidə daşınmaz əmlak daha bahadır. Maraqlı qruplar da uşaq bağçalarını özlərinin biznes maraqlarına qurban veriblər.
Məsələnin başqa problemli məqamı budur ki, məktəbəqədər müəssisələrin tikintisi və təmiri mövcud tələblərə cavab vermir. Burda kadr çatışmazlığı, təchizat, özəlləşdirmə, qaçqınların uşaq bağçalarında yaşaması problemləri də var. Bu isə məktəbəqədər müəssisələrdə daha ciddi problemlərin yaranmasına gətirib çıxarır.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələri ilə bağlı yeni proqramının təqdimatında deyib ki, Bakıda 345 uşaq bağçası və körpələr evində 6 yaşa qədər 37 min uşaq var. Bu, ehtiyacın 23,4 faizidir (157 min 349 uşaq kənarda qalıb). Beləliklə, paytaxtda 1105 məktəbəqədər müəssisə tikilməlidir. Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac var, 11 uşaq bağçası tam qəzalıdır.
Ölkə üzrə ümumi vəziyyət Bakıdan daha pisdir. Əsas səbəb tərbiyəçilər, uşaq həkimləri, digər işçilər üçün dövlət güzəşt və təminatının yoxluğudur. Mütəxəssislər ayda 120-150 manata işləmək istəmir. Rayonlarda məktəbəqədər təhsil müəssisələri çox azdır. Standartlar aşağı, təhsil, ərzaq təminatı, tibbi nəzarət zəifdir. Bağçaların özəlləşdirilməsinin davam etməsi vəziyyəti daha da ağırlaşdırır.
Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 1700 uşaq bağçası var. Bunun 1637-si dövlətə məxsusdur. Məktəbəqədər müəssisələrdə 111 min uşaq (cəmi 1-5 yaşlı uşaqların 15 faizi) tərbiyə alır – yəni hər 7-ci uşaq I sinfə hazırdır. Deməli, 1-5 yaşlı uşaqların 85 faizi – 746 min nəfəri orta uşaq bağçasının xidmətlərindən məhrumdur, ilkin hazırlıq olmadan birbaşa orta məktəbə daxil olurlar.
Müqayisə üçün deyək ki, Avropada uşaqların 90 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır. Deməli, məktəbəqədər tərbiyə sistemindəki vəziyyət orta Avropa göstəricisindən 6 dəfə aşağıdır. Avropa standartlarına yaxınlaşmaq üçün ölkə üzrə ən azı 10 min uşaq bağçası tikilməlidir.
Ölkə üzrə 850 minə yaxın 1-5 yaş arası uşaq var, hər bağçada orta hesabla 60-65 uşaq tərbiyə alır, bu hesabla ehtiyacları tam ödəmək üçün 13 min uşaq bağçasına ehtiyac var. Bunun 1700-ü artıq mövcuddur. Deməli, 11 300 bağçaya hələ də ehtiyac var. Ancaq təbii ki, heç də bütün valideynlər məktəbəqədər müəssisələrini xidmətindən faydalanmağa maraq göstərmirlər. Bu kateqoriyanın da 15-20 faiz təşkil etdiyini nəzərə alsaq, ölkə üzrə 10 minə yaxın yeni məktəbəqədər müəssisənin tikintisinə ehtiyac olduğu üzə çıxır. Bu həm də orta Avropa göstəricisinə yaxındır.
10 min uşaq bağçasının tikintisi isə böyük maliyyə vəsaiti tələb edir. Hesab etsək, bir bağçanı tikmək 250 min manata başa gələcək, onda 10 min bağçanı tikmək üçün ən azı 2,5 milyard manat lazım olacaq. Neft gəlirlərinin azalması fonunda bu qədər xərci qarşılamaq ilbəil çətinləşir.
Milli Məclis ötən il vəziyyəti nizama salmaq üçün müvafiq qanun qəbul edib. Sənəd bu il yanvarın 1-dən qüvvəyə minib. Sənədə əsasən, uşaq tərbiyə müəssisələri 10 illiyə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad edilir. Bunun hansı nəticələri olacaq?
Bakı meri çıxış yolunu məktəbəqədər təhsil müəssisələrinin yerli icra hakimiyyətlərinə verilməsində, yararsızların təmir edilməsində, özəlləşdirmə barədə qərarların ləğv edilməsində, boş ərazilərdə yenilərin tikilməsində görür. Onun fikrincə, bu yolla uşaqların 75 faizini məktəbəqədər müəssislərə cəlb etmək olar.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə o qədər də nikbin deyil. Onun fikrincə, problemin hətta formal aradan qaldırılması üçün illər lazımdır. Bu sahə hökumətin prioritetlərindən deyil. Təhsil proqramları və təlimatları Təhsil Nazirliyi hazırlayır, formal nəzarəti isə yerli icra hakimiyyəti həyata keçirir: “Hakimiyyət qəsdən demoqrafik mənzərəni pozur, əhali paytaxta köçür, ali məktəblər faktiki məktəbəqədər təhsil müəssisələri üçün kadr hazırlamır, uşaq bağçalarında mütəxəssislər çalışmır. Buraya süni növbələri, antisanitariyanı, uşaq bağçalarının keyfiyyətsiz təminatını, zəif nəzarəti əlavə etsək, hər şey aydın olar”.
Onun sözlərinə görə, Avropada uşaq hüquqları, onların maraqları qorunur, maksimal komfort yaradılır, yeni oyun və idrak standartları tətbiq edilir. Azərbaycanda isə real tədbirlər planı, konkret proqram yoxdur, icraçılar dəqiqləşdirilməyib, real irəliləyişdən danışmağın mənası yoxdur.
Beləliklə, aydın olur ki, yaxın illərdə məktəbəqədər təhsil sistemindəki problemləri həll etmək mümkün olmayacaq. Bu isə effektiv təhsil sisteminin yaranmasına mane olur. Xarici təcrübə göstərir ki, normal məktəbəqədər müəssisələrin oturuşmadığı şəraitdə modern təhsil sistemi qurmaq mümkünsüzdür. Görünür, modern təhsil sistemi yaratmaq hökumətin prioritetlərindən deyil.
Musavat.com