Bakıda üçəm doğulub. Özəl klinikada dünyaya gələn körpələrin hər üçü qızdır. Klinikanın ümumi işlər üzrə direktor müavini Səftər Əliyev APA TV-yə deyib ki, saat 08.50-də xəstə əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı yerinə yetirilib: “İlk uşaq 08:55-də dünyaya gəlib. Çəkisi 2500 qram, boyu 46 sm, ikinci uşaq çəkisi 1800 qram boyu 43 sm, üçüncü uşağın da çəkisi tam normaldır – 2500 qram, boyu 50 sm-dir. Hər üç uşaq və ana tam sağlamdır. Həkim nəzarəti altındadırlar. Ümumiyyıətlə bizim klinikada üç uşaq birinci dəfədir dünyaya gəlir”.
Xəzər rayon, Şağan qəsəbə sakini olan gənc ana Mehparə Mahmudovanın ilk hamiləliyidir. Anası deyir ki, üçəmlərin hər üçünün də qız olmasından son aylarda xəbər tutub: “Çox sevincliyəm, 3 qız övladıvımız oldu. Allah olmayanlara qismət eləsin”.
Ancaq Mahmudovlar ailəsinin maddi imkanlarının az olması bu sevinci bir qədər azaldıb. Üçəmlərin atası özəl şirkətlərin birində fəhlə işləyir: “Çətin olacaq bizim üçün… Yoldaşım da elə çox maaş almır. İnşallah, dövlət tərəfindən bir köməklik gözləyirik”.
Ötən il ölkədə 172,6 min körpə doğulub. Doğulanların 53,6 faizini oğlan, 46,4 faizi qızdır. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.