İlhamiyyə Rza: “Bilirəm ki, mənim hansısa projedə olmağım həmin projeyə tiraj gətirir”
İlhamiyyə Rzanı çoxları televizyonçu kimi tanıyır. Efirdən 8 il öncə getsə də auditoriyası hələ də onunladı. Etiraf edək ki, 8 illik uzun fasilədə seyrçilərin yadında qalmaq hər efir adamına qismət olmur. Demək ki alınıb. Bilənlər bilir, bilməyənləri də xəbərdar edək, İlhamiyyə xanım yaxınlarda siyasi fəaliyyətə başlayıb – fevralın 17-dən o, 2015-c il parlament seçkilərinə hesablanan “125-lər Siyasi Klubu”nun rəhbəridir. Onunla “125-lər”in ofisində görüşdük. Xətrini istədiyin insanla müsahibə hər zaman çətindi. Çalışdıq tərəf saxlamayaq. Alınıb-alınmaması məsələsində qərar sizin…
– İlhamiyyə, ATƏT-in Azərbaycanda keçirilən son prezident seçkiləri ilə bağlı hesabatını oxumusan?
– Ümumi məlumatım var. Ancaq hesabatı başdan ayağa oxumuşam, təhlil etmişəm, deyə bilmərəm…
– Bilirsənmi, nə üçün soruşdum? O hesabatda açıq-aşkar yazılıb ki, Azərbaycanda azad seçki mühiti yoxdur. Belə bir mötəbər qurumun dəyərləndirməsindən qısa zaman sonra siyasətə gəlmək qərarı verdin. Mübarizənin çətin olacağından qorxmadın?
– Bu, hesabatsız da bəllidir. Mən son seçki prosesini prezidentliyə namizəd İqbal Ağazadənin vəkili kimi yaxından izlədim. ATƏT-in hesabatında yazılan bir çox qanun pozuntularının canlı şahidiyəm. Çox təəssüf seçki bu dəfə də şəffaf olmadı. Ancaq Azərbaycanda hər şey şəffaf və qənaətbəxş olsaydı bəlkə də heç siyasətə gəlmək qərarı verməzdim.
– Yetərincə tirajlı insansan, hər zaman səni diqqət mərkəzində saxlayan auditoriyan var. Bu gün gündəmdə media ilə bağlı xeyli layihələr var. İnternet TV-lər açılır, alternativ media ilə bağlı maraqlı layihələr ortaya çıxır. Niyə sən jurnalistikanı deyil, siyasəti seçdin?
– Sən haqlısan ki, gündəmdə xeyli layihələr var. Ancaq bu layihələrin heç birində mən özümü görmürəm. Çünki çoxu mənimçün artıq keçilmiş yoldur. Vaxtilə ən dar meydanda belə sözümü deyə bilmişəm. İndi mənə təklif olunan meydanlar mənə qat-qat cılız və daha dar görünür. Əgər mənə vaxtilə olan auditoriyamdan daha geniş auditoriyaya çıxış imkanları verilsəydi, təbii, istifadə edərdim. Hal-hazırda olanlar məni qane eləmir. Peşəkarlıq yönümündən də həmin layihələr heç cür məni cəlb eləmir. İndi təklif olunanlara bənzər dar məkan mənim sonuncu iş yerimdə də var idi. Ona qalsa, elə həmin durumu qəbul edib Ezop dilindən istifadə etməklə, ya dar imkanlar daxilində digər vasitələrlə sözümü deyərdim. Düşünürəm ki, insan bir yerdə o zamana kimi qalır ki, qalmaq mümkündür.
– Jurnalistin əsas missiyası informasiyanı toplum üçün əlçatan etməkdir. Praktika göstərir ki, artıq internet televiziyaları insanların həyatına ciddi şəkildə daxil olur. Hətta azad media qurumları olan ölkələrdə belə. Götürək elə Ukraynanı. Orada senzura yoxdur. Telekanallar hər hansı materialı efir qayda-qanununa uyğunlaşdırana qədər internet televiziyaları artıq həmin xəbəri cəmiyyətə çatımlı edir. Məncə, Azərbaycanda belə bir internet TV-yə rəhbərlik üçün sən ən yaxşı namizədlərdən birisən. Belə bir təklif olsa, nə deyərsən?
– Yaxşı təklif olsa, dəyərləndirmək olar. Ancaq söhbət sırf auditoriyaya çıxışdan gedirsə, sosial şəbəkələr həmin missiyanı həyata keçirir, sən dediyim kimi. Mən sosial şəbəkələrin imkanlarından yetərincə geniş şəkildə faydalanıram. Ürəyimdən keçən mesajları auditoriyama çatdırmaq üçün bu imkanlar bəs edir. Onun fərqindəyəm ki, bu, sadəcə mənim şəbəkəm deyil. Bu mənim vaxtı ilə mənə əlçatan olan auditoriyamdır. Bəzən dostlarım qınayır ki, sən tanımadığın insanları da dostluğa qəbul edirsən. Mən də cavab verirəm ki, onları tanımasam da, onlar məni tanıyıb dostluq təklifi göndəriblər. Əgər bu tanımamaq qarşılıqlı olsaydı, qəbul eləməzdim. Yəni mənim auditoriyama sosial şəbəkə vasitəsi ilə çıxışım var. Mən TV-dən artıq 8 ilə yaxındır getmişəm. 8 il mənimçün çox ciddi bur rəqəmdir. Ancaq hərdən mənə elə gəlir, TV-dən dünən ayrılmışam. Ona görə ki, ətrafımdakı insanlar məni bunu unutmağa qoymur. Təvazökarlıqdan kənar çıxmasın, küçədə, sosial şəbəkədə bunu mənə xatırladırlar. Başıma gələn bur olayı mən ardıq lətifə kimi danışıram. Şəhərdə bir xanım mənə yaxınlaşıb dedi ki, İlhamiyyə xanım, mən sizi tanıdım, verilişlərinizə həmişə baxıram. Təbii, gülümsədim, təşəkkür etdim, həm də soruşdum ki, sonuncu dəfə nə zaman görmüsüz məni efirdə? Qadın fikrə getdi, sonra dedi ki, doğurdan a, siz niyə efirdə yoxsuz? Bir məqamı da deyim, bizim məkanımız daralsa da xüsusi çəkisi artıb. Sosial şəbəkədə insan hədəf qrupları ilə danışır. Əgər televiziyada bir verilişə məsələn, 1 milyon seyrçi baxırsa, o 1 milyonun ancaq 200 mini sənin hədəf qrupundu, səni seçmiş insanlardı, təsadüfilər deyil, sosial şəbəkələrdə isə birbaşa səni görmək istəyən şəxslərlə təmasdasan.
– Virtual dostlarını potensial seçicilərin saymaq olar?
– Hamısı bir dairəyə yığışsa, kifayətdi. (Gülürük – A.M.) Bir məsələni də deyim. Azərbaycanda internet istifadəçilərin də sayı o qədər çox deyil. Əgər dairə şəhərdədirsə, internetdən faydalanmaq mümkündür. Ancaq ucqarlarda sosial şəbəkələrin, internetin gücünə arxalanıb hər hansı iş görmək təbii uğur vəd etməz. Ümumilikdə Azərbaycanı internetləşmiş ölkə saymaq olmaz.
– “125-lər”dən artıq neçəsi var?
– Əslində “125-lər”in hələ yarısı toplanmayıb. Təxminən 50 nəfərik. Onların da çoxu öz dairələrini müəyyən edib.
– Paytaxta köklənmisiz, yoxsa, regionlarda da varsız?
– Regionlarda da varıq. Şəbəkəmiz açıqdır. Bizim dəyərləri paylaşan insanları bu kluba qəbul etməyə hazırıq. Ancaq prosedur belədir ki, onlar müraciət etdikdən sonra Məclisdə konsensus əsasında qəbul haqqında qərar verilir.
– İşlərinizi necə planlaşdırırsız – “125-lər”ə qoşulanların hər birinin seçkidə ayrıca komandası olacaq, yoxsa, klub seçki kampaniyasını aparmağı öz üzərinə götürəcək?
– Üzvlərimiz arasında seçki təcrübəsi olanlar var. Ancaq mənim özüm kimi ilk dəfə seçkidə iştirak edəcək üzvlər də var. Biz bilik və bacarıqların artırılması deyilən bir mərhələdən keçməliyik – təcrübəlilər öz təcrübələrini təcrübəsizlərlə bölüşməlidirlər. Davamlı təlimlər, görüşlər, təcrübə mübadilələri nəzərdə tutulub. Bundan başqa da hər bir klub üzvü yerlərdə öz şəbəkəsini yaratmalıdır. Fikrimcə, seçkidə qanunsuzluqların baş verməsinin əsas səbəbi seçki məntəqələrindəki müşahidəçilərin təcrübəsizliyi, eyni zamanda saylarının azlığıdır. Mən özüm müşahidə edəndə gördüm ki, məntəqələrdə müxalif cəbhədən çox az müşahidəçi vardı, olanlar da nə edəcəklərini, qanun pozuntularına necə reaksiya verəcəklərini bilmirdilər. Bu çox ciddi problemdir.
– Gündəmi necə, dəyərləndirirsiz?
– Bu gün bütün dünyanın gözü Ukraynadadır. Heç şübhəsiz, oradakı demokratik mübarizənin post-sovet ölkəsi olaraq Azərbaycana da təsirləri var. Biz Ukraynada yaşanan siyasi olaylarla bağlı bəyanat hazırlayırıq. İsmayıllı məhbusları ilə, NiDA hərəkatının üzvləri ilə, digər siyasi məhbuslarla bağlı da bəyanatlarımız hazırlanır. Klub bu gün gündəmin əsas mövzularından olan insanların mülkiyyət hüquqları ilə bağlı da mövqeyini bildirməyi vacib sayır. Bakı Dövlət Universitetində yaşananlar da diqqətdən kənarda qalmayacaq. Strategiyamız belədir ki, biz Azərbaycanda baş verən, eyni zamanda digər ölkələrdə yaşanıb Azərbaycana hər hansı formada təsir edə bilən olaylara bəyanatlar formasında münasibətimizi açıqlayacağıq.
– Ümumiyyətlə Ukraynada baş verənlər haqqında nə düşünürsən? Rusiya asanlıqla Ukraynadan əl çəkəcəkmi? Proqnozların nədir?
– Ukrayna Azərbaycanın müttəfiqi olan dövlətdir. Televiziya açısından baxdıqda bunu Eurovizion yarışmasından da aydın görmək olar. Əslində Evrovision özü də bir siyasi olaydır. Həmin müsabiqə ölkələrin qarşılıqlı münasibətlərinin mənzərəsini ortaya qoya bilir. Ukraynanın zəifləməsi təbii, Azərbaycanın maraqlarında deyil. Düşünürəm ki, bu gün Azərbaycan Ukraynada yaşananlardan dərs götürməlidir. Mən yaşananları siyasi icmalçı kimi şərh eləmək istəməzdim. Çünki siyasi icmalçı deyiləm. Sırf insan faktoru nöqteyi-nəzərindən münasibət bildirə bilərəm. Bizim bəyanatda da insan faktoru prioritet kimi qoyulub.
– “125-lər”in hədəfi seçkilərdə hər bir dairədə təmsil olunmaqdır – bu bəlli? Bəs, bir qədər geniş mənada götürsək hədəfləriniz nədir?
– Biz siyasətə yeni adlar gətirmək istəyirik. Bunu əsas vəzifələrimizdən biri kimi görürük. Azərbaycanda bu məsələ ilə bağlı problemlər var. Vətəndaşlar artıq “köhnələr”in dəyişməsini istəyir. Ancaq ölkədəki ən ciddi problemlərdən biri də insanlar şəxsiyyət olaraq ortaya mövqe qoymaqdan çəkinməsidir. Çəkinməyə də haqları var. FB-da siyasətə gəlməyin haqqında status yazanda, xeyli şərhlər gəldi. Ümumiləşdirsək, böyük çoxluq “sənə görə qorxuruq, narahatıq” deyirdi. Təbrik edənlər də ağızucu təbrik edirdi.
– Təsisdən keçən qısa zaman nə göstərdi – hansı tərəf daha haqlıdır?
– Təsis olunduğumuz günün səhərisi xoşagəlməz bir olay yaşandı. Mən bu haqda çox danışmaq istəmirəm. Ancaq burdan bildirim ki, bizi bu cür yolumuzdan çəkindirə bilməzlər.
– Söhbət hakimiyyətin hansısa formada basqısından gedir?
– Kimin etdiyi haqda dəqiq bir söz deyə bilmərəm – buna anonim bir hədə deyək. Ancaq Azərbaycanda gündəmdə olan ənənəvi basqı formatında idi.
– Belə tez gözləyirdinmi?
– Yox, şaşırdım. Çünki heç bir fəaliyyəti olmayan, təşəbbüs formatında olan bir təşkilata ilk dəfədən belə reaksiya verilməsi siyasi məkanda proseslərin qeyri-səmimi, qeyri sağlam məcrada getməyini sübut edir. “Siyasət çirkin oyundur” fikri Azərbaycanda çox tirajlanır. Bəlkə doğurdan da çirkindi, bəlkə elə özümüz onu çirkaba batırmışıq. Ancaq bu hədə o anlama gəlirdi ki, sən özünü təmiz adam hesab edirsənsə bu işə girişmə. Mənə müxtəlif dönəmlərdə siyasətə gəlmək təklifləri edilib. Bilirəm ki, mənim hansısa projedə olmağım həmin projeyə tiraj gətirir. Görünür qismət indiyə imiş. Həm də yeni ideya mənə cəlbedici göründü. Hər halda artıq oturuşmuş bir partiyada təmsil olunmağın imkanları yeni ideyanın verdiyi imkanlardan xeyli azdır.
– “125-lər” daha çox İqbal Ağazadənin projesi kim təqdim olunur. Belədirmi?
(ardı var)
Musavat.com