Bir qəzet məqaləsindən uzağagedən nəticələr çıxaran deputatın menyusuna
Deputat Adil Əliyev “Yeni Müsavat”da onunla bağlı dərc olunan məqalədən narazı qalıb. “Məhərrəm Əliyevin qardaşından şifrəli mesajlar” başlıqlı yazı “Yeni Müsavat”ın 29 yanvar sayında çap olunub. Məqalə A.Əliyevin facebookda paylaşdığı status əsasında hazırlanıb.
Amma A.Əliyev onunla bağlı qəzetdə yazılan məqalədən nəyə görəsə narazı qalıb. Narazılığını məqaləyə çevirib redaksiyaya yollayıb. Ötən sayda onun cavab haqqını tanıyaraq yazdığı məqaləni həm saytımızda, həm də qəzetimizdə çap etdik.
Deputatın narazı qaldığı ən birinci məqam onu general Məhərrəm Əliyevin qardaşı kimi təqdim etməyimizdir. Qardaşı kifayət qədər məşhur olan insanlar mediada və xalq arasında adətən öz adları ilə yox, daha çox özlərindən məşhur olan qardaşlarının adı ilə təqdim olunur. Bununla bağlı xeyli misal göstərmək olar. Ona görə də Adil Əliyevi qardaşının adıyla təqdim etməkdə xüsusi bir planımız, niyyətimiz olmayıb.
A.Əliyev bu məqaləyə yazdığı cavabda bildirir ki, biz onun məlum statusunu təhrif olunmuş şərhlərlə “zənginləşdirmişik”. İstənilən siyasətçinin, deputatın, müğənninin və digər tanınmış şəxsin fikirlərinə, sosial şəbəkədəki statuslarına, qəzetlərə verdiyi müsahibəyə jurnalistin yazı həsr etməsində, bundan məqalə hazırlamasında, köşə yazmasında heç bir qəbahət yoxdur. Zatən biz qəzetçilərin işi budur – cəmiyyətdə üzdə olan, az-çox tanınan şəxslərin səsləndirdikləri fikir və mülahizələrə öz baxışlarımızı əlavə edək, onları təhlil və təftiş edək, hətta başqa ekspertlərin, siyasətçilərin buna mövqeyini öyrənək. Həmin yazıların ictimaiyyətə necə təqdim olunmasında, hansı başlıq altında verilməsində də mətbuat azaddır.
A.Əliyev media işinə az-çox bələd olan deputatlardandır. Ona görə onun bu məqaləyə bu cür yanaşması, sanki onu və qardaşını hədəfə çıxarmışıq kimi təqdim etməsi açığı bizdə təəccüb və təəssüf doğurdu. Hər gün ölkədə siyasətlə məşğul olan xeyli şəxsin dediyi sözü, verdiyi müsahibəni, statusu şərh etdiririk. İndi həmin adamların hamısı dursun bizdən hesab sorsun ki, niyə mənim fikirlərimi təftiş edirsiz? Buna görə bizi qınasın?
A.Əliyev bizə yazdığı cavabda soruşur ki, niyə onun iki ay öncə yazdığı statusa indi diqqət ayırmışıq. Bunun sadə bir cavabı var: həmin statusu indi fərq etdik. Türkiyə saytlarından biri bu statusu öz şərhində vermişdi, bir neçə Azərbaycan saytı da həmçinin bunu tirajlamışdı. Biz də bunu görüb öz şərhimizdə oxuculara təqdim etdik. Yəni məsələ bu qədər sadədir.
Deputat daha sonra bizə irad tutaraq deyir ki, başqa facebook statuslarına diqqət ayırmırıq. Konkret nümunə də göstərir. Ola bilsin A.Əliyev mətbuatı ardıcıl izləmir. Ona görə də xatırlatmağı özümüzə borc bilirik. A.Əliyevin şəhid olmaq arzusu ilə bağlı paylaşdığı statusunu həm musavat.com saytında, həm də “Yeni Müsavat”da dərc etmişik. Üstəlik bu mövqeyinə başqa həmkarlarından rəy də almışıq.
Adil Əliyev cavabında başqa məqama da toxunur. Deputat yazır: “Yeni Müsavat”da mənim statusuma istinadən yazılan məqalədən isə belə çıxır ki, guya məqsədim qeyri-türklərlə mübarizə aparmaq, kimisə hədəf almaqdan ibarətdir. Kökündən yanlış yanaşmadır”. Bu qənaətə A.Əliyev necə gəlib, hansı məntiqlə gəlib – deyə bilmərik. Amma yanlış nəticədir. Əsla belə bir fikir işlətməmişik. Sadəcə bildirmişik ki, Adil Əliyevin türk olduğunu qabartması ola bilsin ki, hakimiyyətdəki kürd qruplaşmasına ünvanlanan mesajdır. Ardınca da vurğulamışıq ki, iqtidarda təmsil olunan türklər hakimiyyətdəki yüksək vəzifələrdə təmsil olunan kürd kökənli məmurları sevmirlər. Fəqət deməmişik ki, A.Əliyev ölkəmizdə yaşayan sadə qeyri-türk vətəndaşları sevmir. Bəlkə də millət vəkili bizim vurğuladığımız həmin məqamdan diqqət yayındırmaq üçün bilərəkdən mövzunun istiqamətini dəyişmək istəyib.
Adil Əliyevin – general Məhərrəm Əliyevin qardaşının, uzun müddət iqtidarda güclü mövqeyə sahib olan bir ailənin təmsilçisinin açıq şəkildə “Mən türk oğlu türkəm” deməsinə qarşı deyilik. Niyə də olaq… İstənilən etnosun nümayəndəsinin öz milli kimliyini bu şəkildə qabartmasında, xatırlatmasına qəbahət görmürük.
Qaldı ki, millət vəkilinin bizi onunla əlaqə saxlamamaqda suçlamasına, bu mövzuda onun fikirlərini öyrənməməkdə qınamasına… Adil Əliyev dəfələrlə ona etdiyimiz müraciətlərə rəğmən “Yeni Müsavat”a heç vaxt müsahibə və açıqlama verməyib. Mən özüm şəxsən facebookda yazaraq ondan müsahibə istəmişəm, fəqət deputat bundan imtina edib.
Əgər indən sonra A.Əliyev bizə danışmaq istəsə, istənilən mövzuya dair mövqeyinin “Yeni Müsavat”da çap olunmasını arzulasa məmnuniyyətlə onun fikirlərinə yer ayırarıq. Bunun üçün sadəcə bir zəng, ya da facebooka mesaj yazmaq kifayətdir…