Publika.Az-ın cazibədar qadınlar layihəsinin bu gün ki qonağı peşəkar vizajist, makiyaj ustası əlləri ilə gözəllik yaradan Nigar İbrahimovadır. Nigar İbrahimova yeni il dəbindən, gözəllik sirlərindən və ailə həyatından danışıb
“Kişilərin də pərdə arxası bizə həsəd apardığı o qədər məqamlar var ki…”
– Peşəkar stilistlə yaxşı zövqü olan xanımın bir-birindən fərqi nədir?
– Peşəkar stilist gözəlliyi kəşf edir, bir növ Allah vergisidir. Həm də bu sənətin məktəbi, xüsusi akademiyası var. İstər makiyaj ustası, istər saç ustası, istərsə də modelyerin işi peşəkarlıq baxımdan xanımlara qulluq etmək, gözəlliyi önə çıxartmaqdan ibarətdir. Peşəkarın işi bir çox qüsurlu və qüsursuz xanımları yenidən yaratmaqdır.
Zövqlü xanım isə “Bu mənə yaraşır” deyib, individual olaraq özü ilə məşğul olur.
– Stil nə deməkdir?
– Stilistika zəngin elmdir, buraya gigiyena da daxildir. Stilist gözəllik aşılayır, var olan qüsurları, xoşagəlməyən nahiyələri bağlayır. Makiyaj da eyni anlamda üzdə, burunda, çənə nahiyəsində qüsur varsa, onu gizlədir.
– Üslubunuzu və stilinizi özünüz müəyyənləşdirirsiniz, yoxsa, başqalarının fikri sizin üçün önəmlidir?
– Mən geyimimdə yardım almıram. Bu sahənin içində olduğum üçün ətrafımda anlayışlı peşəkarlar çalışır. Onlarla fikir mübadiləsi aparırıq.
– Öz zövqünüzə güvənmirsiniz?
– İnsan qarderobu bol olanda seçim qarşısında qalır. Amma son qərarı yenə özüm verirəm.
– Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır.
– Qadınların hamısı eyni deyil. Həyata baxışlarından çox şey asılıdır. Şablon kimi səslənsə də, hər bir xanım individual yanaşır, hər xanıma şamil etmək olmaz.
– Moda və gözəllik sahəsində kişi, yoxsa ki, qadın üçün karyera qurmaq daha asandır?
– Burda heç bir fərq görmürəm. Kişi də, qadın da şanslıdırsa, uğur qazana bilər. Hər bir insana Allah tərəfindən verilən naxış olmalıdır. Həmçinin, insanın özünün etiket, davranış qaydaları, həyata baxışı, qabiliyyətini düzgün və səmərəli istifadəsi də önəmlidir.
– Qadınlar gözəllik naminə çox əziyyət çəkirlər. Bu baxımdan kişiləri şanslı hesab etmək olar?
– Deməzdim, çünki kişilərin də pərdə arxası bizə həsəd apardığı o qədər məqamlar var ki… Kişilər üçün də gigiyenik cəhətdən istifadə olunan kosmetik vasitələr var, onlar da gözəllik salonlarına xüsusi saatlar ayırırlar. Hazırda hər şey o qədər inkişaf edib ki, kişilər də özlərinə baxırlar və olduqca baxımlıdırlar.
Qadınların hazırlanmasına, bəzənməsinə daha çox vaxt tələb olunur. Çünki zərif cinsin nümayəndələri kişilərdən daha səbirlidirlər. Buna görə də qadınlara daha çox seçim təqdim olunur.
– Kosmetika dəriyə ziyandır. Qiymətin və bahalı olmasının fərqi var?
– Ümumiyyətlə tanınmış brendlərin zərəri yoxdur. Çünki o artıq brenddir, onların istehsal tarixi, saxlama müddəti dəqiq verilir. Buna görə də xanımlar vaxtı keçmiş kosmetikalardan uzaq durmalıdır. Brendin arxasınca qaçmağı da tövsiyə etmirəm. Çünki brend həssas dəriyə düşməyə bilər, amma hər hansı bitki mənşəli kosmetika həmin dəriyə uyğun gələ bilər. Hər gün ağır makiyaja üstünlük verməsinlər. Kosmetikanı düzgün istifadə etməmək , o cümlədən aşırı istifadə əlbəttə ki, zərərlidir. Məsələn, dəri tipinə yanlış tonal krem tətbiq edilirsə, zərərli olacaq. Tonal kremin tərkibində nə qədər sink var, onu dəridə 6 saatdan çox saxlamaq olmaz. Elə xanımlar var ki, tənbəllikdən üzünü təmizləmir. Bu baxımdan zərərli tərəfləri çoxdur. Birinci kosmetik vasitələrin saxlama müddətinə baxsınlar və makiyajı vaxtında təmizləsinlər.
– Siz xanımlara hansı kosmetikalardan istifadəni tövsiyə edərsiniz?
– Burda fikirlər müxtəlifdir. Mən peşəkar kosmetika firmasının məhsulları ilə işləyirəm. Bir də gündəlik makiyaj üçün “Chanel”, “Christian Dior” , “Klarins” və bir çox markalar var. Kosmetik dermo tərəflərini demirəm, bu məsələyə makiyaj baxımından yanaşıram. Onların göz ətrafı makiyaj məhsullarından istifadə etmirəm.
“Ən əsası mənə heç bir əziyyət vermir”
– Niyə?
– Çünki peşəkarlıq baxımdan əlverişli deyil. Mən kütlə üçün xanımı bəzəyirəm. Onun işığını, kamerasını fikirləşirəm. Yaxud da klip üçün müğənni ilə çalışdığım zaman, rejissorun, kameranın işini nəzərə alıram. Mən Azərbaycana yeni gələn, dünyada öz sözünü deyən və 70 ildir fəaliyyət göstərən “Kryolan” firması ilə işləyirəm. Bu marka ilə işləməyimin səbəbi odur ki, istədiyim gündəlik, axşam və televiziya makiyajları üçün üstün tərəfləri var, üzümüzü ağ edir.
İkinci tərəfi də teatr və qrim üçün çox əlverişlidir. Ən əsası mənə heç bir əziyyət vermir. Bu firmanın şüarı da var ki: “Reklama ehtiyacım yoxdur, məni istəyən özü gəlib tapır”. Bir də biz təkcə kosmetikanın satışını təşkil etmirik, həm öyrədirik, həm də makiyajın öyrətmə sistemini başa salırıq.
– Ətrafınızda gördüyünüz qadınların geyimlərinə fikir verirsiniz?
– Təəssüf hissi ilə baxdıqlarım çox olur… Ya da üzərindəki geyimlərdən tələsik çıxdığını başa düşürsən. Bu da zaman qıtlığından yaranır. Ərkim çatan xanımlara fikirlərimi deyirəm. Artıq çəkili xanımlar geyimlərində daha çox qüsurlara yol verirlər. Çox vaxt da xanımlardan bəzi qüsurları uzaqlaşdıra bilmirik. Psixoloji cəhətdən alışdığı üçün ona yaraşmayan geyimi geyinməyə, makiyajı etməyə davam edir, dəyişməyi həzm edə bilmir. Əslində isə geyim insanın həyatını, çevrəsini dəyişə bilər. Belə bir deyim var: “Səni geyimlə qarşılayırlar, ağılla yola salırlar…”
“Maddi cəhətdən hər cür imkanı olan qadınlar var ki, zövq baxımından kasıbdırlar”
– Pulu olan qadınların zövqsüzlüyü daha acınaqlıdır.
– Maddi cəhətdən hər cür imkanı olan qadınlar ki, zövq baxımından kasıbdırlar. Geyimin insan haqqında müəyyən fikir formalaşdırdığını nəzərə almırlar.
– Rahatlıq mənim üçün hər şeydən əvvəl gəlir. Geyimim haqqımda nə deyə bilərsiniz?
– Baxan kimi səni çözdüm. İşləyən qızsan, iş həyatında hündürdaban ayaqqabılara yer yoxdur, çünki hər yerə tez çatmalısan. Bu, sənin iş həyatının stilidir. Baxımlısan, amma sport həyatındasan.
“2 metrlik qızlarla işləmək daha maraqlı idi”
– Zövqü necə eldə etmisiniz?
– Əvvəllər mən makiyajda kasıbçılığı görürdüm. Amma get-gedə dövr dəyişir, inkişaf edirik. Dünya ulduzlarının, modellərin etdiyi makiyajları görəndə insana hirs gəlir, niyə bizdə də olmasın. O zaman mən kosmetologiyanı bir kənara qoyub İstanbula və Moskvaya bunun təhsilini almağa getdim. Daha sonra müsabiqələrdə və master klasslarda iştirak etmişəm. Makiyaj zənginliyinin bizdə də olmağını və gördüyüm işin peşəkarı olmaq istəyirəm. Məsələn, mən saç kəsimi ilə məşğul olmuram. Bir işin ustasıyam, başqa işə heç vaxtım da olmur. Yaxşı status qazanmaq üçün zamanımın yetdiyi qədər əmək sərf etmişəm. 8 mart ərəfəsində işləyib pul qazanmaq əvəzinə, Valentin Yudaşkinin dəfilələrində peşəkar kimi iştirak etmişəm. İşin biznes tərəflərini heç vaxt düşünməmişəm, öyrənmək daha dəyərlidir. Mənim üçün 2 metrlik qızları makiyaj etmək daha maraqlı idi. Hazırda 108 tələbəm var. Tələbələrim Azərbaycanda, ölkədən kənarda da çalışır və pul qazanırlar. Xaricdə öyrəndiyimi tələbələrimə öyrətmək xoşbəxtlikdir.
– Tanınmış insanlarla işləmək daha çətindir. İtirdiyiniz enerjini necə bərpa edirsiniz?
– Tanınmış insanlarla işləmək çətin olsa da, onlara əvvəlcədən xüsusi saatlar ayırıram, individual olaraq işləməyi xoşlayırlar. Onları sıradan xanımların saatlarına qarışdırmaq istəmirəm. Gündəlik həyatımda çalışdığım insanlardan qazandığım pul məni bu səviyyəyə gətirib çıxarıb, tanınmış insanlar məni Nigar eləməyib. Tanınmış insanların da maddiyyat tərəfini heç bir zaman görməmişəm. Ona görə də, gündəlik çalışdığım xanımları tərəzidə heç bir zaman məşhurlardan əskik görməmişəm, hər kəsə eyni baxmışam. Ulduzlar arasında müraciət edənlər olur, onlara da eyni qulluğu və servisi göstərirəm.
– İşlərim çox olur, hələ çəkilişlərə də vaxt ayırıram. Əlbəttə ki, mən də yoruluram… Amma sakit dayanmaqdan da yoruluram. Hər səhər yuxudan durub nə iş gördüyümü özümə sual verirəm. Fikirləşirəm ki, istirahətə vaxt ayırmaq hələ ki, tezdir. İstirahət üçün 45 yaşdan sonra özümə icazə verəcəm. İndi isə işləmək lazımdır. Yoqa və plates yorğunluğumu çıxarmağa kömək edir.
“Allah bir gün sənin də qulağına pıçıldayacaq…”
– Xanımlarımızla birbaşa ünsiyyətdə olursunuz. Onların ən pis xüsusiyyəti nədir?
– Həqiqəti qəbul edə bilmirlər. Qadınlar müxtəlifdir: özünü xoşbəxt hiss etməyən, əhvalı olmayan qadınlar da müraciət edirlər. Onlara heç vaxt psixoloji gərginlik yaradan sözlər demirik. Problemi varsa, onu yüngülləşdirməyə çalışırıq, yaxud da bəzi fikirlərdən yayındırırıq. Bu kimi məsələlərdə xanımlarımıza dəstək oluruq. Allah bir gün sənin də qulağına pıçıldayacaq… Qadınlar başqasında xəta tapmağa çalışmasın, nə də mükəmməl dost axtarmasın çünki dostsuz qalarlar. Yaxud da həyat yoldaşının qüsurlarını axtarmasın, bu zaman qadın özü-özünü çürüdür. Xoşbəxt, daha maraqlı olmaq və ailədə mehribanlıq yaratmaq üçün özündəki xətaları tapıb düzəltmək lazımdır.
“Huri-mələk ola bilərsən, amma adam deyilsənsə, yanına heç kim gəlməz”
– Fərqindəsiniz ki, bu, əslində psixoloqun işidir?
– Bəli. Psixoloji cəhətdən onlara dəstək olur və rahat olmaları üçün əlimizdən gələni edirik. Bu zaman həm işimiz keyfiyyətli olur, həm də bir qadına kömək etmiş oluruq. Kim ki, qarşısındakı insanın dərdləri və problemləri ilə maraqlanmır, o, həmişə yerində sayacaq, o, heç vaxt istədiyi statusu qazana bilməyəcək. İşi olmasa da, ünsiyyətdə olduğu insana istilik göstərməlidir. Huri-mələk ola bilərsən, amma adam deyilsənsə, yanına heç kim gəlməz.
– Qadınlardan söz düşmüşkən, toydan sonra çıxan söz-söhbətdən soruşmaq istəyərdim. Həyat yoldaşınızın keçmiş yoldaşı mətbuata danışmaqda məqsədi sizdən qisas almaq idi, yoxsa…? Ümumiyyətlə, qadının həmcinsi haqqında bu cür danışması nə dərəcədə doğrudur?
– Bu barədə heç danışmaq istəmirəm.
– Bu cür ittihamlara cavab verməmək üçün böyük ürəyə malik olmaq lazımdır. Demək olar ki, heç reaksiya vermədiniz və üstündən keçdiniz.
– Ailə müqəddəsdir, ona kiminsə toxunmasını, ləkə salmağını və şəxsi həyatımın işıqlandırılmasını istəmirəm. Bu mənə də, həyat yoldaşıma da xoş olmayan bir şeydir. Çünki mən peşəkar kimi tanınmışam, şəxsi həyatımı heç vaxt gündəmə gətirməmişəm. Bu vaxta qədər nə isə olsaydı, üzə çıxardı. Mətbuatda ancaq 2013-cü ildə hansı obrazları yaratdım, xanımlarımız üçün nələr elədim, hansı xeyrim dəydi və.s bu kimi mövzuların müzakirə olunmasını xahiş edirəm. Gördüyüm işlərdən dayanmadan, yorulmadan danışaram. Bunu ucuzlaşdırıb mövzu eləməsinlər, çünki kənardan ucuz piar kimi görünür.
– Yeni il gecəsi xanımlarımız nə geyinsinlər, necə bəzənsinlər?
– Xanımları, xalqımızı və Azərbaycandan kənarda yaşayanları təbrik edirəm. Xanımlar karnaval makiyajı etməkdən qorxmasınlar. Ağır makiyajın da minimalizm tərəfləri var. Ən pis əhvalı olan xanıma belə tövsiyə edir, hətta əmr edirəm ki, yeni il gecəsi maraqlı görünsünlər. Xanımlar 2014-cü ildə mütləq hər şeyi yeniləsinlər, kosmetikalarını təzələsinlər, qarderobunda yenilik eləsinlər, təzə aksessuarlar alsınlar… Ən əsası həyata şükür eləməyi və Allaha bağlılığı, dua eləməyi unutmasınlar. Uşaqlar şaxta babaya məktub yazan kimi, xanımlar da arzularını və istəklərini yazıb, imzalarını atsınlar.
– Siz yazırsınız?
– Yazıram, ən çətin anlarımda belə dua edir, ürəyimdə Allahla söhbət edirəm. Həyatımda heç bir zaman mərdi-məzarla rastlaşmadım. Bir-iki qalmaqal olsa belə, onu üzə qabartmadım. Çünki həyatda düz yolla, ancaq bir cığırla getmək olmaz. İnsana dəyən zərbələr də olmalıdır ki, həyatın gözəlliyini duya biləsən.
– Xanım-xatınlığını itirməsinlər, əlçatmaz, baxımlı, səliqəli, gözəl və gigiyenik olsunlar. Ancaq belə xanımlar qüsursuz, mükəmməl və xoşbəxt ola bilərlər. Yeni ildə yaxşı və ümidli, parlaq həyat arzulasınlar. İstəməsələr, heç bir uğura nail ola bilməzlər.