Fərqanə Qasımova: “Atam və digər dəyərli sənətkarlar toydan səhnəyə gəliblər”.
“Bəziləri düşünürdülər ki, muğam oxuyan qalstuk taxıb oxumalıdır”
– İllər öncə, Alim Qasımova çox basqılar var idi. Əsasən də, həmkarı olan tanınmış, muğam ustaları tərəfindən. O zaman bir gənc xanəndə və Alim Qasımovun qızı olaraq, atanıza dəstək olmuşdunuzmu?
– Alim Qasımov, heç bir çərçivəyə sığmır. O, sənət dünyasının qartalıdır. Düzdür, atama çox basqılar oldu. Amma atam buna tab gətirdi. Sübut etdi ki, çərçivədən çıxmaq olar. Bəziləri ənənəvi muğamdan kənara çıxa bilmirdilər, düşünürdülər ki, muğam oxuyan yalnız qalstuk taxıb oxumalıdır. Alim bəyinsə öz dünyası var. Boş yerə demirlər ki, Alim bir dünyadır. O vaxtlar mənim 17-18 yaşım var idi. İndiki yaşımda olsaydım, həmin basqılara, bəlkə də, üsyan edərdim.
– Müsahibələrinizin birində belə bir ifadə işlətmisiniz: “Alim bəyin bu sənətdə dostu yoxdur”. Həmin fikrinizdə qalırsınızmı?
– Hər saniyənin bir hökmü var.
– Alim bəyin “Dədə” restoranında konsert vermisinizmi?
– Atamla “Dədə” restoranında konsertlər vermişəm. Əslində, həmin restoran studiya və konsert zalı olacaqdı. Amma atamın istədiyi kimi tam fəaliyyət göstərmədi.
– Alim bəy və siz daha çox Nəsiminin qəzəllərini oxuyursunuz. Buna görə də, çoxları sizi, sufilik təriqətinin davamçıları hesab edir…
– Yanlışınız var. Ən çox Seyid Əzim Şirvaninin, Baba Pünhanın, Əliağa Vahidin qəzəllərini oxumuşuq və oxuyuruq. Heç bir təriqətin davamçıları deyilik. Atam və mən namaz qılırıq.
– Alim bəylə birgə konsertləriniz çox olub. Bəs özünüz solo konsert vermisinizmi?
– 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında, ilk dəfə olaraq, müstəqil şəkildə səhnəyə çıxmışdım. Konserti sənətçi yox, menecerlər təşkil etməlidir. Dəstək verən olsa, niyə də solo konsert verməyim? Qadınlardan ibarət qrup yaratmağı düşünürəm. Atam və digər dəyərli sənətkarlar toydan səhnəyə gəliblər. Həmin yaradacağım qrupla qadın toylarına getməyi düşünürəm.
– Tələbələriniz varmı?
– Tələbələrim var. Dərs keçməkdən də zövq alıram.
– Bəs övladlarınızdan muğamın sirlərini öyrənmək istəyən varmı?
– Oğlum Salehin gözəl səsi var. Çox tənbəldir. Amma onunla babası məşğul olur.
Sizcə muğamın vətəni haradır?
Vətəni parçalamaq mənim kitabımda yazılmayıb. Azərbaycan var olduqca, muğamın vətəni Azərbaycan olacaq.
Məsələn, Qarabağlı xanəndələr muğamın vətəninin Qarabağ olduğunu iddia edirlər…
Qoy desinlər. İndi hamı çox söz deyir. Muğamı Şəkili Əli, Cabbar Qaryağdıoğlundan qabaq ifa edib. Bu o deməkdirmi ki, muğamın vətəni Qarabağdır?
1937.az