Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəni sarsıdan “rüşvət əməliyyatı”na münasibət bildirib. O bəyan edib ki, baş verənlər Türkiyə dövlətinə qarşı qurulmuş oyundur. “Gəzi parkı hadisələrində uğur əldə edə bilməyənlər yeni bir addım atdılar”, – deyən baş nazir bildirib ki, dövlət içində dövlət olan mütəşəkkil dəstə mütləq meydana çıxarılacaq.

Ərdoğan qeyd edib ki, Türkiyə iqtidarı 2023-cü ilədək Türkiyəni dünyanın ilk on ölkəsinin arasında görmək uğrunda mübarizə apardığı bir vaxtda kimlərsə bu inkişafı dayandırmaq barədə düşünür.

Rəcəb Tayyib Ərdoğan “rüşvət əməliyyatı”nı “çirkli əməliyyat” adlandırıb.

Bu arada isə “rüşvət əməliyyatı” ilə bağlı yeni faktlar ortaya çıxıb. Bunlardan biri və ən önəmlisi azərbaycanlı iş adamı Rza Zərrabla bağlıdır. Belə ki, onun ofisində keçirilən axtarış zamanı iş adamının verdiyi rüşvətlərin siyahısı tapılıb. Bundan başqa, Rza Zərrabla daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər arasında korrupsiya əlaqələrinin olduğunu təsdiləyən fotolar yayımlanıb. İzləmə zamanı Müəmmər Gülərin oğlunun ofisi ətrafında çəkilən fotolar üç şübhəlinin Barış Gülərə 3 milyon dollar rüşvət verdiyinin dəlili kimi təqdim olunur. Başqa bir fotoda isə Rza Zərrab və Barış Gülər birlikdə görünür. Bu dəfəki görüş yeri Rza Zərrabın ofisidir. İçəri çantasız girən nazir olduğunun çıxanda apardığı çantada 800 min dolların olduğu iddia edilir.

Baş nazirin müavini Bülənd Arınç da istintaqla bağlı çox vacib detallardan birini açıqlayıb. Onun sözlərinə görə, saxlanılanlar dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adını çəkiblər.

Korrupsiya əməliyyatı çərçivəsində həbs edilənlərdən 9-u ötən axşam azadlığa buraxılıb. Saxlanılanlardan 28-i təkrar tibbi müayinədən keçirilib və elə xəstəxanada onlardan 9-u azad edilib. Onlar xəstəxananı arxa qapıdan tərk ediblər. Azadlığa buraxılanlar arasında məşhurlardan və məmur övladlarından heç kim yoxdur.

Türkiyənin polis sistemində köklü dəyişikliklər də davam edir. Qalmaqallı əməliyyatı həyata keçirən İstanbul polisində 6 rəis müavini işdən çıxarılıb. Onların arasında şəhərin polis rəisinin müavini Hüseyn Çapkının iki müavini də var.

Ankara polisində 18, Bursa polisində isə 3 şöbə müdirinin iş yeri dəyişdirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, polis sistemindən qovulmalar bununla məhdudlaşmayacaq və proses başqa əyalətlərdə də davam edə bilər.

Dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında üç nazirin övladları da olmaqla, 52 nəfər həbs edilib. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin “Xalq Bank”ının baş direktoru Süleyman Aslan, azərbaycanlı iş adamı Rza Zərrab və tanınmış biznesmen Əli Ağaoğlu da var.