Məşhur biznesmen Əli Ağaoğlu, azərbaycanlı iş adamı Reza Zarrab da saxlanılıb; həbslər davam edir
İstanbul prokurorluğu bu dəqiqəyə qədər həbs edilənlərin siyahısını açıqlayıb. Siyahını təqdim edirik:
Əli Ağaoğlu – iş adamı
Mustafa Dəmir – Fatih Bələdiyyə başçısı
Barış Gülər – Daxili işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayan – İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz Bayraktar – Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Reza Zerrab – iş adamı
Süleyman Aslan – iş adamı
Mehmet Ali Kahraman – Ekologiya Nazirliyinin Aparat Rəhbəri
Sadiq Soylu – Ekologiya Nazirliyiin sözçüsü
Müstafa Behçet Kaynar – Ekologiya nazirinin sözçüsü
Onur Kaya – Ekologiya nazirinin sözçüsü
***
İstanbul polisi bu dəqiqələrdə Halk Bankın Ataşehirdəki baş ofisində axtarış aparır. Musavat.com Türkiyə mənbələrinə istinadən xəbər verir ki, əməliyyat başlayandan dərhal sonra Halk Bankın səhmlərinin qiyməti sürətlə enməyə başlayıb. Bankın hər saniyə iri məbləğdə vəsait itirməsi haqda xəbərlər gəlməkdədir.
***
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb. Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil.
Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən (baş polis idarəsi) mətbuata bildiriblər ki, əməliyyat 1 ildir davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir. İstintaqı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuror vəkili (1-ci müavin) Zəkəriyyə Öz və onun tabeliyindəki prokuror Cəlal Qara aparır. Z. Öz “Ergenekon” əməliyyatının istintaqını aparan və bu çərçivədə çoxsaylı həbslərə sanksiya verən prokuror kimi tanınır.
Hələlik hökumət və hakim partiya baş verənlərə münasibət bildirməyib.
***
İstanbul Cümhuriyyət Prokurorluğunun başlatdığı əməliyyatda altı ayrı ünvana basqın edilib. Aralarında Əli Ağaoğlu ilə məşhur sənətçi Ebru Gündeşin həyat yoldaşı Reza Zarrabın da olduğu bir qrup iş adamının saxlandığı bilirlir.
Türkiyə mətbuatının xəbərlərinə görə, iki məşhur siyasətçinin yaxını da nəzarətə alınıb. Ancaq bu məlumatlar hələ rəsmi olaraq açıqlanmayıb . Əməliyyatlara maliyyə və mütəşəkkil şöbə müdirliyinə bağlı polislər qatılıb. Həbslərə səbəb olaraq Toki tenderində yol verilmiş maliyyə maxinasiyaları və rüşvətxorluq halları göstərilir.
Habertürk TV-nin xəbərinə görə , səhərə yaxını başlayan əməliyyatda əvvəldən təsbit edilən 18 ayrı ünvana basqın edilib.
Əməliyyatın digər vilayətlərə sıçrayacağı, saxlanılanların sayının artacağı bildirilir.
APA-nın xəbərinə görə, Türkiyənin müxtəlif internet saytları iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğullarının bu gün səhər prokurorun təlimatı ilə polis tərəfindən saxlanıldığı haqda xəbər yayıblar.
Xəbəri eşidən iqtisadiyyat naziri Zəfər Çağlayan bu günə nəzərdə tutulan rəsmi proqramlarını ləğv edib. Daxili işlər naziri Müəmmər Gülərin Bolqarıstana səfərini təxirə saldığı xəbər verilir.
musavat.com