Kəmaləddin Heydərovla bağlı saytlardan birində xəbər oxudum. Video da qoymuşdular. Qəbələdə boks yarışmasının açılışında oğlu Taleh Heydərovla iştirak edən FH nazirinin tədbirin açılışında himnimizi oxuması diqqətimi çəkdi. Bu hakimiyyətin əksər üzvləri himn səslənəndə ağızlarını tərpətmirlər, sanki özlərinə sığışdırmırlar milli marşımızı oxumağı. Onlar qınanılası da deyil əslində. Azərbaycan hakimiyyətinin əksər nümayəndələri keçmişdə kommunist olublar, Sovet məktəbinin yetirmələridir. Hazırda icra, hüquq-mühafizə və məhkəmə sistemində yüksək post tutan məmurların xeylisi partiya və komsomol şinelindən çıxıblar. Onlar uzun illər öz siyasi fəaliyyətlərində müstəqilliyə, azadlığa qarşı çıxıblar. Yəni yapıları belədi. Onlar istəsələr də Azərbaycan himnini əzbərləyə, zümzümə edə bilməzlər.
Məmurların himn oxumamaları zaman-zaman hətta mediada da dartışılıb. İctimai qınaq da olub onlara bu məsələdə. Fəqət onların içində himn sevgisi yaratmaq mümkün olmayıb təəssüf ki.
Deputatların da böyük əksəriyyətində himnimizə qarşı sayğısızlıq var. Jurnalistlər dəfələrdə Milli Məclis üzvləri arasında sorğu keçiriblər, onlardan himnin sözlərini bilib-bilmədiklərini soruşublar; sorğunun nəticələri hər dəfə biabırçı olub.
Yəqin əksəriyyət bilməmiş deyil, elə xalq artistlərimiz də var ki, nəinki himni oxumurlar, daha doğrusu sözlərini əzbər bilmirlər, hətta himnin sözlərinin və musiqisinin kimə məxsus olmasından xəbərsizdirlər. Musiqiçi olasan, himni bilməyəsən, onun müəlliflərini tanımayasan… Bu, heç təsadüfi bilməzliyə bənzəmir; ölkəni yönəldən siyasi rejimin himndən və onu oxumaqdan xoşu gəlmirsə, hakimiyyətin təsiri altında olan, iqtidarın çörəyini yeyib, onun sahibinin pay-püş etdiyi fəxri adlarla qürrələnən müğənni və ifaçıların “himni bilmirik” deməsi bəlkə də onların aləmində bir siyasi gedişdi. Ola bilsin bununla bu qəbildən olan müğənnilər hakimiyyətə mesaj verirlər ki, “baxın, sizin sevmədiyiniz himni biz də sevmirik, oxumuruq”…
Ona görə də belə bir vəziyyətin hökm sürdüyü ölkənin ən məşhur nazirlərindən birinin öz oğluyla yanaşı ayaq üstə dayanaraq himn oxuması bizə bu qədər təəccüblü və az qala sensasion görünür.
Bir müşahidəmi də mütləq vurğulamağı lazım bildim: Tale Heydərov atasından fərqli olaraq himni daha ürəklə, daha canlı oxuyurdu (görünür Talehin barəsində “vətənpərvər uşaqdı” deyilməsi boşuna deyilmiş). Kamal müəllim də oxumasına oxuyurdu. Ən azı musiqiçidi, söz (şeir) və melodiya hafizəsinin güclü olamasına şübhə etmirik. Amma oğlunun yanında onun sanki məcburiyyətdən himn oxuması təsuratı yaranır adamda videonu izlədikdə. Bu da səbəbsiz deyil. Yixarıda da dediyimiz kimi, Azərbaycan hakimiyyətinin ən üst düzeyndə himn oxumaq ənənəsi yoxdur! (Aşağılar da yuxarılara baxıb oxumur). K.Heydərov bu daşlaşmış ənənəni pozduğu üçün bəlkə də narahatlıq keçirirdi. Himni oxuduğu müddətdə gözünün biri monitordaydı.
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın şanlı Vətəni…
Yazıq Vətən…