Bir neçə gün əvvəl müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 10 ilini andıq, xidmətilərini xatırladıq. Onlar çoxdur. Amma Heydər Əliyevin imzasına bağlı bir əməl də var ki, Azərbaycan və azərbaycanlılar bu gün də, sabah da onun bəhrəsindən faydalanacaqlar.

Söhbət 1994-cü ilin sentyabr ayında imzalanmış “Əsrin müqaviləsi” ilə tanınan məşhur konrtaktdan gedir. Məhz bu müqavilə Azərbaycanı yeni təhlükəsizlik sisteminə qoşdu və Bakı-Ceyhan əsas ixrac boru kəməri dövlətin təhlükəsizlik kəmərinə çevrildi. Bu müqavilənin imzalanması adi protokol qarası deyildi. Bu qlobal bir iqtisadi – siyasi dəyişikliyin bünövrəsi idi. Bu müqavilənin imzalanmasına razı olmayan güclü qüvvələr var idi. Onların maraqlarının Azərbaycanda icraçıları var idi. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçışı təşkil edənlər, Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlə yetirilməsi ilə ölkədə iğtişaşlara rəvac verilməsini planlaşdıranlar, Qarabağda vəziyyətin Azərbaycanın ziyanına dəyişdirilməsi və daha neçə- neçə ciddi səbəblər bu “Əsrin müqaviləsi”nin imzalanması əleyhinə atılan addımların tərkib hissəsi idi. Amma Heydər Əliyevin qolu güclü çıxdı və sənədə qoyulmuş bu qol Azərbaycan dövlətinin regionda əzələ nümayişi oldu. Və elə bununla da ölkənin iqtisadi qüdrətinin artırılmasına start verildi. 

Beləliklə, Heydər Əliyev “Əsrin müqaviləsi”nin müəllifi kimi tarixə düşdü. Bir neçə gcün keçəcək, daha doğrusu, dekabrın 17-də Azərbaycanda 21-ci əsrin müqaviləsi imzalanacaq. Bu müqavilənin müəllifi isə İlham Əliyev olacaq. Şahdəniz, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələrinin işlənməsi ilə bağlı imzalanan kontrakt 21-ci əsrin Azərbaycanı yaxın 100 ilinin müstəqilliyinin əsas təminatçısı rolunda çıxış edəcək. 

Biz əslində böyük bir tarixi günün ərəfəsində olduğumuz üçün fərqinə varmırıq. Söhbət 20 sentyabr kimi 17 dekabrın da dövlətin və millətin təqviminə qırmızı rəngdə yazılacağından gedir. Və təbii ki, bu tarixi hadisə də ucuz başa gəlmir. “Əsrin müqaviləsi” tək bu sənədin imzalanması ərəfəsində də Azərbaycan müxtəlif provakasiyalarla üzləşir. İstər xaricdən, istərsə də daxildə bu böyük hadisənin qarışısını almağa çalışanlar var. Daxildə sabitliyi pozmağa cəhd edən qüvvələrin gücü az olsa da, hər-halda ayrı-ayrı fəsadlara, qan qaraltmağa çatır. Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Sərhəd Xidmətinin gördüyü tədbirlər göstərir ki, dövlət sərvaxtdır. Xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək imkanları isə 1993-94 cü ildə olduğu qədər deyil. O zaman tətbiq olunan texnologiyalar üçün də bu gün elə bir baza yoxdur. Buna görə də, yeni üsullara əl atılır. Məsələn, məndən ötrü Qlobal Uitnes Təşkilatının yaydığı Hesabatla MTN-in təcridxanasından təşkil olunmuş qaçış və ya Şəmsi Rəhimovla Afiyyədin Cəlilovun qətli arasında məzmun fərqi yoxdur. Hər iki halda söhbət nəhəng tarixi layihənin qarşısının alınmasına yönəldilmiş addımlardan gedir. Mən indi sizə Qlobal Uitnes-in bəyanatındaki detallar barədə danışmayacağam. Ona görə yox ki, bu sənəddə səslənən fikirlərin araşdırılmasında maraqlı deyilik, sadəcə ona görə ki, bir az əvvəl qeyd etdiyimi provakasiyanın ictmailəşdirilməsinin tərəfdarı deyiləm. Dövlət Neft Şirkətinin bəyanatını da sizə təqdim etməyəcəyəm. Bircə onu deməyi lazım bilirəm ki, şirkət Hesabatda biznes partnoyrların seçilməsi ilə bağlı əks olunan bəyanatları qurumun dünyada artan nüfuzuna xələl gətirməyə cəhd kimi qiymətləndirir və bildirir ki, bəyanat öz qeyri-dəqiq məlumat bazasına əsaslanır və istifadə olunmuş məlumatların bir hissəsi təhrif edilib, digər hissəsi isə köhnəlib. Vəssəlam. Bununla kifayətlənirəm. Gəlin, dekabr ayının 17-ni gözləyək. 21-ci əsrin müqaviləsi imzalansın. Elə həmin həftə biz Dövlət Neft Şirkətinin rezidenti ilə müsahibə edərik, ondan bütün suallara cavab alarıq. Məncə, o söhbətdən sonra boş yer qalmayacaq. 

 

http://youtu.be/ZzgHnGpR3dg