“Rəhmətlik Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hazırda Bakıda yaşayır. İşləmək barədə isə hələ ki, düşünmür”. 

Bunu Modern.az saytına eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə Ərturqut Əliyevə dəfələrlə iş təklifi gəlsə də, bundan imtina edib. 

“Mən özüm də ona bir neçə dəfə demişəm ki, dövlət orqanlarında işə düzəldə bilərəm. Hətta Ərturquta Prezident Administrasiyasında işləmək üçün imkanlar da yaranıb. Amma o, bundan yararlanmır və  öz ampluasındadır”-deyə A.Əliyev bildirib.

Xatırladaq ki, bir müddət öncə Ərturqut Əliyev mətbuata açıqlamasında Türkiyədən yaxşı iş təklifi aldığını bildirib. O, hətt bir müddətliyə Bakını tərk edərək türkiyəyə getmişdi.

Qeyd edək ki, Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində başa vurub. Hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib. Hazırda işsizdir. Mərhum prezidentin qızı Çilənay Səmədbəyli isə ailəsi ilə Bakını tərk edərək Türkiyəyə köçüb. Elçibəyin həyat yoldaşı evdar qadındır.

Xatırladaq ki, 2012-ci il iyul ayının 21-dən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qüvvəyə minib. Sözügedən qanunun müvafiq tələbinə əsasən, Əbülfəz Elçibəyin ailəsinə 3750 manat məbləğində aylıq müavinət ayrılıb.