Bizim camaat qədər naşükür camaat yoxdur. İldə bu qədər yasa-toya, plov iyi verən N qədər xeyir-şər məclisinə gedib-gəlir, o məclislərdə nə qədər ağıllı molla-tamada sözü eşidir, amma bir türlü ağıllanmır də…
Budur, uca və dözümlü camaatımız Tarif Şurasının gül kimi qəttəzə bahalaşma qərarına 2007-də olduğu kimi yenə təpik atır. Qiyyənin biri 80 qəpik… Yəni 1 litr Aİ-95-in qiymətinə. Demək olar ki, havayı…
Şivən, ağlaşma, sızlama-bozlama da ondan 10 qəpik ucuz – biri 70 qəpik… Yəni 1 litr Aİ-92-nin qiymətinə. Heç neçəyə əslində…
Bu camaatı anlamaq olmur də. Guya tufan qopub. Pah. Nə olub axı?! Adi benzindir də, artıb – artıb də. Dünya dağılmayıb ha. Əvvəla, benzin bizdə onsuz da baha idi. Guya dünənə qədər ucuz idi ki, indi “bahalıq” deyib çığırırsan?! İnanmırsan?! Onda mən deyim, sən cib dəftərinə yaz.
Rövnəq Abdullayev yoldaş tonu 305 manata başa gələn Aİ-95 markalı benzini uca millətimizə hələ 2008-ci ildən bəri 736 manata, 290 manata başa gələn Aİ-92 markalı benzini 670 manata, 289 manata başa gələn Aİ-80 markalı benzini 670 manata, 232 manata başa gələn dizel yanacağını isə 485 manata soxuşdururdu. Bəs səsin niyə çıxmırdı?
Camaatımız ali savadlıdır axı. Oturub hesablayırdı ki, xaricə tonu 342 dollara satılan benzin ölkəmizdə 908 dollardır. Bunu bilir, amma səsini çıxarmırdı.
Əşi, yox e, utanmaq, ərinmək nədir. Sadəcə çıxarmırdı də. Deməli, razı idi.
Demək istədiyim odur ki, camaatımızın indiki ağlaşmasına YAP-çı deputat Aydın Mirzəzadə demişkən, heç bir münbit və obyektiv zəmin yoxdur. Bahalaşmanın isə hətta faydası var. Deyim nəyə, niyə, necə…
Bax, deyirlər ki, benzin bahalaşdısa, avtobuslar da bahalaşacaq. Guya bu da pis imiş.
Nəyi pisdir? Avtobusda gedişhaqqı indi 20 qəpikdir deyə boş-bekar evdar arvadlar bundan möhtəkircəsinə sui-istifadə eləyib 1 manatlığı xırdalayır, qəpikləri cibinə töküb bütün günü şəhərdə, dükan-bazarda avaralanır. Bu da ölkədə işsizlik, avaragorluq fonu yaratmaqdır. Canım sənə desin, zəhmətsiz gəlirə, ana yurdumuzda tıxac, basırıq, tünlük, həsənsoxdu dəyirmanı, cibgirlik vəziyyəti yaratmağa şərait qayırmaqdır.
O bekar arvadlar indən belə evdə oturacaq. Girdirmə milli seriallara baxa-baxa tum çırtlayacaq, corab toxuyacaq. Bu isə adi corab da qayıra bilməyən qüdrətli sənaye ölkəmizin iqtisadi gücünü, ÜDM-ni artıracaq. Həmçinin günəbaxan tumunu kağız torbaya yığıb sata bilməyən ölkəmizə xaricdən semiçka idxalını stimullaşdıracaq. Nəticədə xarici ticarət dövriyyəmiz artacaq. Üstəlik az gəzib-dolanan arvadların çəkmələrinin dabanı yeyilməyəcək. Bu da camaatın bir qazancı…
Ucuzluqdan sui-istifadə eləyən adamlar gəzməyib evdə oturacaqsa, deməli, şəhərdə basırıq yaranmayacaq. Bu isə ictimai-siyasi sabitliyə xeyirdir. 1 milyon daimi, yarım milyon mövsümi iş yerini qoyub cibgirlik edən cüvəllağılar azalacaq, nəticədə kriminogen vəziyyət qorxusundan qaçıb nəzarətin altına təpiləcək. Polisin işi azalacaq.
Hələ bu harasıdır?! Bahalaşmanın ən böyük xeyri milli-mənəvi dəyərlərimizə dəyəcək. Ucuz avtobuslardan möhtəkircəsinə sui-istifadə eləyən ağsaqqallar day boş-boş veyillənməyəcək. Evdə oturub nəvələrinə nağıl danışacaq, onların Brüs Li yox, Koroğlu ruhunda böyüməsinə YAP-çı şairlər demişkən, öz töhfəsini verəcək. Kişilərin də çəkmələrinin dabanı yeyilməyəcək. Bu da xalqın daha bir qazancı…
Bahalaşmadan sonra qız qaçırma halları, deməli, nəsil süpürləşmələri, tayfa yabalaşmaları da azalacaq. Bu da Avropaya inteqrasiya yolunda inamla irəliləyən ölkəmizi adam oğurluğu tənəsindən qurtaracaq.
Necə yəni nə təhər?! Bizdə qızı nəynən qaçırdırlar?! Bəli, cırıq-cındır “011”-lə, köhnə-külüş “07” ilə (kimdi e CİP-lə qız qaçırdan?!). Məntiq var e, oğlum. İndiyə qədər baqajında 1 litrlik “Fanta” qabında ehtiyat benzin gəzdirən “011”lərin işi çətin olacaq də… Qız qaçırdançı maşınlar azalanda o halların özü də azalacaq. Deməli, Ailə-Uşaq, Ər-Arvad, Gəlin-Baldız və Yeznə-Qayın İşləri üzrə Dövlət Komitəsinin işi asanlaşacaq, ailədaxili zorakılıq halları azalacaq. Bu da bir xeyrimiz…
Benzin baha olanda kimdi üstünə benzin töküb yandıran? İntiharlar azalacaq. Bu da Tarif Şurasının xalqa bir faydası…
Ümumən bahalaşmanın xeyri çoxdur. Saymaqla qurtarmaz. Bunu Artur müəllim də dəqiq deyə bilər ki, benzin qalxan kimi su, qaz, işıq, çörək, duzlu və təzə xiyar da bahalaşacaq. Bu da o deməkdir ki, camaat məcburən qənaətcil olacaq. İsrafçılıq eləməyəcək…
Bir deputat vardı e, Nazim Məmmədov. Bir dəfə bahalaşma olanda (adam onda hələ YAP vurğunu idi, sonra vuruldu deyə hökumətdən küsüb “müstəqil” oldu) Nazim müəllim müdrik çıxış yolu göstərmişdi. Demişdi camaat siqaret çəkməsin, onun pulunu qaza-işığa versin. Onun sözünə baxıb hətta tualetə getməyi tərgidənlər də olmuşdu. Sürətli inkişafımız da elə o vaxtdan lap güclənib…
Bahalıq camaatı özünü qısmağa məcbur edəcək. Bu da onun psixoloji dəyanətini artıracaq. Nəticədə müstəqilliyimiz möhkəmlənəcək, Deməli, Rövnəq Abdullayevin də kefi kökələcək.
Göydən üç alma düşdü. Üçü də Tarif Şurasının. Yeyib kef eləsinlər…