Ötən bazar, noyabrın 24-də, Permin mərkəzində atəş səsləri eşidilib.
Təqribən 20 nəfər fiziki hazırlıqlı, tapança və dəyənəklə silahlanmış şəxs “Nadejda” kafesinə hücum edərək oranı dağıtmağa başlayıblar.
Gün.Az PRM portalına istinadən xəbər verir ki, polis bunun qarşısını almaq üçün atəş açmaq məcburiyyətində qalıb.
Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə Baş İdarəsi hadisədə etnik zəminin olması ilə bağlı heç nə bildirməyib.
Kafedən isə hücumun “Alfa”, “Serber” və “KMK” kimi özəl mühafizə müəssisələrinin (ÖMM) əməkdaşları tərfindən törədildiyini bildiriblər.
Barmen Nadejda Məmmədova baş verənləri belə xatırlayıb:
“Hər şey təqribən saat 22:45-də baş verdi. Həmin vaxt ərim yanıma gəlmişdi. O, əslən azərbaycanlıdır. Ərim mənə yemək gətirmişdi və getməyə hazırlaşırdı.
Birdən bara ÖMM formalı və mülki geyimli 20 nəfər daxil oldu. Daha sonra 3-4 nəfər ərimi döyməyə, qalanları isə barı dağıtmağa başladı. Polis hamı gedəndən sonra gəldi. Ərimin qolu üç yerdən qırılıb”.