Noyabrın 25-də Hesablama Palatasında Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri təyin olunmuş Vüqar Gülməmmədovun kollektivə təqdimetmə mərasimi keçirilib. Modern.az saytının məlumatına görə, yeni sədri Palatanın kollektivinə Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov təqdim edib.
Z.Əsgərov Palatanın yeni sədri V.Gülməmmədovu Palatanın auditorları, Kollegiya üzvləri, Palatanın şöbə müdirləri və struktur bölmələrin rəhbərlərinə təqdim edib. Bildirib ki, Azərbaycanda prezident seçkilərindən sonra hökumətin yeni tərkibi təsdiq olunmuş və Palatanın əvvəlki sədri Heydər Əsədov ölkə başçısının sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunduğu üçün noyabrın 22-də Milli Məclisdə Hesablama Palatasına yeni sədr seçilib. Heydər Əsədovun təqdimatı ilə Vüqar Gülməmmədov səs çoxluğu ilə Palatanın yeni sədri seçilib. Z.Əsgərov V.Gülməmmədovu Milli Məclisin rəhbərliyi adından təbrik edib, yeni vəzifəsində ona uğurlar arzulayıb.
Mərasimdə V.Gülməmmədov çıxış edərək ona gostərilmiş bu böyük etimada görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib, bu məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarığını sərf edəcəyini deyib. V.Gülməmmədov Milli Məclisin sədri Oqtay Əsədova və səsvermə ilə ona etimad göstərən Milli Məclis üzvlərinə də minnətdarlığını bildirərək, öz fəaliyyəti ilə bu inamı tam doğruldacağına əmin edib.
Əvvəlki sədr Heydər Əsədovun rəhbərliyi ilə Hesablama Palatasında güclü maddi-texniki və hüquqi baza yaradıldığını qeyd edən V.Gülməmmədov bu bazanın daha da təkmilləşdirilməsinin, onun Azərbaycandakı iqtisadi inkişafın yeni yüksəliş mərhələsinin tələblərinə uyğunlaşdırılmasının, eyni zamanda Hesablama Palatasının potensialının gücləndirilməsinin, kadr resurslarının artırılması və təşkilatın strukturunun təkmilləşdirilməsinin qarşıda duran əsas vəzifələrdən hesab etdiyini bildirib.
V.Gülməmmədov deyib ki, ona göstərilən bu etimad həm də böyük məsuliyyət deməkdir və Heydər Əsədovun rəhbərliyi dövründə olduğu kimi, Palatanın işgüzar nüfuzunun gözlənilməsi və ucaldılması üçün ciddi səy göstərəcək.
Təqdimetmə mərasimində Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak etdib.