Keçmiş OPEK prezidenti Azərbaycan qazının Afrikaya nəqli işinə rəhbərlik edəcək
Keçmiş OPEK (Neft İxrac Edən Ölkələrin Təşkilatı) prezidenti Azərbaycan qazının Afrikaya nəqli biznesinə rəhbərlik edəcək.
Virtualaz.org Maltanın “Malta Today” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyada qeydiyyatdan keçən, fəaliyyət arenası Qərbi Afrika olan “Gazol” şirkəti Nigeriyanın keçmiş neft sənayesi naziri Rilvanu Lukmanı qurumun Direktorlar Şurasının yeni rəhbəri təyin edib.
“Gazol” şirkəti ARDNŞ-lə ortaqdır və Azərbaycan şirkəti ilə Afrika bazarında qaz satışını təmin etmək barədə razılaşmaya malikdir. “Gazol” şirkəti 2004-cü ildə təsis olunmuş “Afren” neft şirkətinin tərkibindən ayrılıb. Bu şirkətin təsisçilərindən biri və prezidenti R.Lukman olub. 2008-cü ildə o, Nigeriyanın neft sənayesi naziri təyin edildiyi üçün şirkətin rəhbərliyindən gedib. Hazırda “Afren” “Gazol”un təsisçilərindən biri olaraq qalır.
Xəbərdə bildirilir ki, R.Lukman Nigeriyada dövlət təsisatlarında işləyərkən öz biznes imperiyasını qurub. Nigeriya isə dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir. Zəngin neft ehtiyatlarına baxmayaraq əhalisinin yarıdan çoxu dilənçi kökündə yaşayır.
R.Lukman 1985-1989-cu illərdə OPEK-in prezidenti, 1995-2000-ci illərdə isə təşkilatın baş katibi olub. 2000-ci ildə o, Nigeriya prezidentinin energetika məsələləri üzrə müşaviri təyin edilib, 2003-cü ildə istefaya gedib. 2004-cü ildə “Afren” neft şirkətini təsis edib. Tezliklə bu şirkət Nigeriyada neft-qaz kəşfiyyatı və hasilatında ən iri şirkətlərdən biri olub.
R.Lukman 2009-cu ildə yenidən siyasətə qayıdıb və neft sənayesi naziri təyin olunub. Neft sənayesi naziri postunda olarkən Lukmanın ünvanına çoxsaylı korrupsiya ittihamları səslənib. Belə ki, Lukman nazir ola-ola neft sənayesində fəaliyyət göstərən ən azı 4 şirkətin direktoru və əsas səhmdarı idi.
Qəzet yazır ki, R.Lukman Nigeriyanın ən ziddiyyətli fiquru və bu Afrika ölkəsinin siyasətində “boz kardinal” hesab olunur.
Buna baxmayaraq R.Lukmanın şirkəti olan “Afren”lə ARDNŞ arasında əməkdaşlıq artıq mövcuddur. “Gazol” şirkəti isə Azərbaycan qazının sıxılmış formada Benin üzərindən Qərbi Afrikaya çıxarılmasında operator kimi seçilib. Eyni zamanda 2011-ci ildən etibarən ARDNŞ “Afren” şirkətinin Nigeriyanın Ebok yataqlarından hasil etdiyi neftin marketinqi ilə məşğul olur.
“Gazol”la ARDNŞ arasında sıxılmış qazın Beninə ixracı üçün 2012-ci ildə strateji alyans yaradılıb. Alyans ARDNŞ-in cəlb etdiyi kreditlər və şirkətdən transferlər hesabına “Gazol”a investisiya yatırılmasını həyata keçirir. “Gazol”un idarəetmə komandasını da təbii ki, ARDNŞ formalaşdırır.
ARDNŞ hazırda Afrikanı sıxılmış qazla üzən qaz terminalı vasitəsilə təmin edir, lakin gələcəkdə Qvineya körfəzindən Afrikaya ucuz qaz nəqli üçün kəmər çəkilməsi nəzərdə tutulur.
“Gazol”un əməliyyatlar üzrə direktoru Alan Bakston deyir ki, şirkətin Afrikadakı məqsədi qazı kəmər vasitəsilə almaqdır. Çünki sıxılmış qaz nəqli baha başa gəlir.
Hazırda şirkət ARDNŞ-in verdiyi sıxılmış qazı Qərbi Afrika ölkələrinə satır və həcm məhdud olduğu üçün yerli bazarın tələblərini ödəmir.