Müsavat Partiyasının başqanı “Yeni Müsavat”ın 24 yaşı münasibətilə redaksiya kollektivini təbrik edib. Musavat.com-un məlumatına görə, İsa Qəmbər Facebook-da yazıb:
Bu gün “Yeni Müsavat” qəzetinin 24 yaşı tamam olur. Qəzetin rəhbəri Rauf Arifoglu başda olmaqla bütün kollektivini bu münasibətlə təbrik edirəm!
24 il böyük bir tarixdir, fədakar jurnalistlər bu illər ərzində həm Azərbaycanın müasir tarixinin salnaməsini yazıblar, həm böyük bir qəzetçilik tarixi yaradıblar, həm də “Yeni Müsavat” özü Azərbaycanın müasir tarixinin ayrılmaz bir hissəsinə çevrilib.
24 il ərzində çox çətinliklərdən keçən “Yeni Müsavat” qəzeti bu gün yenə rejimin yaratdığı maneələr ucbatından bağlanma təhlükəsi altındadır. ABŞ-ın qurucu şəxsiyyətlərindən Tomas Cefferson deyirdi ki, ölkəmiz üçün hökumət ya qəzet seçimi yaransaydı, mən qəzeti seçərdim. Azərbaycan iqtidarı isə görünür qəzetsiz hökumət variantına üstünlük verir.
Bu 24 ildə mən “Yeni Müsavat”ın demək olar ki, bütün nömrələrini oxumuşam. Ömrümün sonuna qədər də oxumaq niyyətindəyəm. Mən hesab edirəm ki, “Yeni Müsavat”ı bağlanma təhlükəsindən xilas etməyin ən düzgün yolu qəzetə abunə olmaqdır. 12 noyabr saat 13-də qəzetin ofisində olacam və qəzetə ən azı 2 aylıq abunə olacam.
P.S. Dediklərim müəyyən redaktələrlə “Azadlıq” qəzetinə də aiddir”.