Millət vəkili Qənirə Paşayeva Giresun Universitetində seminar verib.
“Qafqazinfo”ya xəbər verir ki, Giresun Universitetinin Rektorluq binasında baş tutan seminarda universitetdə təhsil alan içərisində azərbaycanlıların da olduğu xeyli tələbə iştirak edib. Tədbiri çıxış sözü ilə açan Universitetin rektoru Prof. dr. Aygün Attar universitetdə təhsil alan tələbələrin uğurlu kariyera qura bilməsinin vacibliyini vurğulayıb. Məruzəçi kimi çıxış edən millət vəkili Qənirə Paşayeva kariyeranın formalaşmasını mərhələli proses adlandırıb. Onun sözlərinə görə, hər bir uğurun arxasında insan amili dayanır. Fikirlərini Giresun Universitetinin tələbələrinə əlində tutduğu kağız və qələmlə əyani şəkildə izah edən millət vəkili, uğurun necə əldə ediləcəyini kiçik bir misalla göstərib O, insanın şəxsiyyətini “1” ədədi ilə işarə edib. Qazandığı hər bir şeyi isə “0” rəqəmi ilə. Sıfırların sayı nə qədər çox olsa “1”olmadan “0”ın heç bir məna ifadə etmədiyini qeyd edib. “Gələcəkdə kariyeranın uğurlu qurulmasını təmin etmək üçün bacarıq, təhsil, sevgi, inam olmalıdır. Ancaq hər şeydən öncə şəxsiyyət olmağı bacarmaq lazımdır”.
O həmçinin gənclərə xilası yalnız özlərində axtarmağı məsləhət bilib: “Xilasını başqasından gözləyən insan artıq heç nəyə nail ola bilməyəcək”. Çıxışını tələbələrlə qarşılıqlı müzakirə şəklində aparan millət vəkili sonda Azərbaycan həqiqətləri, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən bəhs edib. Çıxışının sonunda Qənirə Paşayevaya Giresun Universiteti rəhbərliyi tərəfindən xatirə plaketi təqdim edilib. O da öz növbəsində Azərbaycanın filosofu Seyid Yəhya Bakuvinin “Şəfa əl Əsrar” kitabını və özünün müəllifi olduğu kitabları Giresun Universitetinin kitabxanasına bağışlayıb.