“VHP üzvlərinin Milli Şuradan çıxmaları gündəmdə deyil”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytının suallarını cavablandırıb.
Virtualaz.org bildirir ki, jurnalistin “VHP və sizinlə bağlı baş verən son hadisələr partiya üzvlərinin Milli Şuradan çıxmasına səbəb ola bilərmi” sualına cavabında S.Rüstəmxanlı deyib: “Milli Şura yarananda VHP-nin bir neçə üzvü orada təmsil olundu. Amma sonradan Milli Şura ətrafında müəyyən proseslər baş verdi, qurumun prezidentliyə namizədi dəyişdi, ilk təşəbbüskarlar aradan çıxdılar… Bütün bunlar elə vəziyyət yaratmışdı ki, VHP üzvləri Milli Şuradan çıxmalı idilər. Bunu müzakirə də etmişdik. Amma sonradan Cəmil Həsənli Milli Şuranın prezidentliyə namizədi oldu. İnsanların ona şəxsi simpatiyası var. Cəmil bəy namizəd olandan sonra VHP üzvlərinin şuradan çıxmağı yaxşı qarşılanmazdı. Bunu nəzərə aldılar və Milli Şurada qaldılar…
Əslində mən Milli Şura ideyasına inanmırdım və inanmıram. Şuranın uğur qazanmaq ehtimalı yoxdur. Bu məsələni də partiyada müzakirə etmişik. Sadəcə ortada Cəmil Həsənli faktoru olub. Mənim də Cəmil bəyə hörmətim var. Ənənəvi siyasi liderlərdən başqa bir adamın siyasətə qatılması, məsuliyyəti öz üzərinə götürməsi Azərbaycan cəmiyyəti üçün təzə bir hadisə idi. Bütün bunlar VHP üzvlərinin Milli Şurada təmsilçiliyinə stimul olub, amma mən əvvəldən demişəm ki, Milli Şurada deyil, Milli Məclisdə təmsil olunuram.
Baş verən son hadisələr isə vəziyyəti dəyişir. Bu hücumlar qarşısında geri çəkilsəm bu, düzgün anlaşılmaz. Ona görə də VHP üzvlərinin Milli Şuradan çıxmaları gündəmdə deyil”.