Rusiya ermənilərin Qarabağdakı müdafiə xəttini alt-üst edəcək “T-90S” tanklarını Bakıya verəndə İrəvanın Gömrük İttifaqına girməkdən başqa yolu qalmayıb 

Ermənistanın Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamaq ərəfəsində gözlənilmədən MDB Gömrük İttifaqına girmək qərarı verməsinin sensasion səbəbi ortaya çıxıb.

Virtualaz.org saytına məlum olub ki, Rusiya Ermənistanı bu qərarı verməyə Azərbaycana ermənilərin Qarabağdakı müdafiə xəttini dağıtmağa imkan verən “T-90S” tanklarını satmaqla məcbur edib. Bu etirafı Ermənistan rəhbərliyindəki anonim mənbə http://inpress.ua portalına açıqlamasında edib.

Portalın yazdığına görə, Rusiya əvvəlcə Ermənistana havayı və müdafiə məqsədli, hədəfi 3,5 kilometr məsafədən vuran tankları verib. Lakin bir neçə ay əvvəl erməni tərəfinə məlum olub ki, Rusiya Azərbaycana hədəfi 5 km məsafədən (söhbət tankın hərəkətdə olan hədəfləri və düşmənin müdafiə istehkamlarını sıradan çıxarmağa imkan verən məsafədən gedir-red.) vuran “T-90S” tanklarını satdığını öyrənib.

“Ermənistanın bütün müdafiə xətti 5 kilometrə hesablanıb. Ölkəyə müdafiəçi lazım idi və o, Rusiya olacaq” – deyə Ermənistan rəhbərliyindəki mənbə bildirib.

Mənbə əlavə edib ki, Ermənistan rəhbərliyi ölkənin Qarabağda yeni müharibəyə çəkilməsinə imkan verə bilməzdi.