Müharibədən təzə qayıtmışdım. Məcburi köçkün kimi üz tutduğumuz bu şəhərə öyrəşmək  mənim üçün çətin idi. Metroda çantalarını dizlərinin üstünə qoyub, işvəli baxışlarını yerə dikən qızlara-elə bil onlar bu pozanı günlərlə məşq eləmişdilər -qışqıra-qışqıra döyüşdən, məğlubiyyətdən, qandan danışmaqdan özümü güclə saxlayırdım. Sonra öyrəşdim…

Müharibə ab – havası hiss olunmayan bu şəhərin qanunlarına yavaş-yavaş mən də alışdım, qələbə arzusunu itirmək təhlükəsi hesabına olsa belə. Sonra şəhərin limandan yan alıb başqa şəhərlərə üzən gəmilərə, daha doğrusu, tüstülənən paroxodlara bənzəyən şadlıq evlərinə öyrəşdim.

Fikir vermisinizmi, paytaxtın şadlıq evləri axşam saat 6-dan sonra tüstülənən nəhəng gəmilərə necə bənzəyir? Elə bil indicə harasa üzüb gedəcəklər. Fikir verməmisinizsə, onda bir dəfə diqqət edin.

Amma indi ramazan ayıdır, nahaq yerə vaxt itirməyin, çünki şadlıq evlərinin “tətil günləridir”.

Bax beləcə, şadlıq evlərinə də, baş kəndin yaratdığı ehtiyaclara da öyrəşdim.

Müharibə illərində döyüşə, qan-qadaya öyrəşdiyim kimi öyrəşdim, amma müharibənin elə məqamları var ki, onlara əsla öyrəşə bilmədim.

*****

…Təzəcə azad etdiyimiz kənddə, ikimərtəbəli evin zirzəmisində gizlənmiş qoca erməni qadını getmir gözümün önündən. Heç yadımdan  çıxmır, küncdə qorxmuş bir heyvancığaz kimi şöngümüş, bükülüb yumağa  dönmüşdü. Özünü yüngülcə batırmışdı qorxudan. Sanki vurulacaq zərbədən arıq, titrəyən əlləri ilə sifətini qoruyurdu, çənəsindəki 6-7 dənə uzun ağ tükləri də qorxudan əsirdi…

Yəqin ki, onu gözləyən bütün dəhşətləri, həm də dəfələrlə yaşayıb bitirmişdi və indi üzündəki  qorxu sadəcə, heyvani bir qorxu idi.

Görəsən, onu nə üçün qoyub getmişdilər? Bəlkə kimsəsizdi? O zaman belə səhnələr görəndə   Xocalıda əsir düşən, zorlanan, alçaldılan qocalarımızı, qız gəlinlərimizi də xatırlayıram…

Sonra eşitdim ki, həmin qarını əsirlə dəyişdiriblər…

****

Bax, buna, bu cür səhnələrə öyrəşə bilmədim bu illər ərzində…

…Fikir vermisinizmi paytaxtın şadlıq evləri axşam saat 6-dan sonra tüstülənən nəhəng gəmilərə necə bənzəyir? Ramazandan sonra mütləq diqqət yetirin.