Türkiyə NATO qarşısında şərt qoydu.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkə raket hücumundan müdafiə sistemləri ilə bağlı Qərb şirkətləri danışıqları davam etdirməyə hazır olduğunu, burada əsas şərtin birgə istehsal müəssisələri qurmaq olduğunu bəyan edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ və Avropa şirkətləri daha yaxşı şərtlər təklif edəcəyi halda, Çinlə birgə hərbi əməkdaşlığı dayandıracağına işarə vurub: “Əsas məqsədimiz uzaq mənzilli raket hücumundan müdafiə sistemlərinin Türkiyədə birgə istehsalıdır. Bu əsas şərtimizdir. Bizi də narahat edən məqam var. ABŞ və Avropa şirkətləri niyə birgə istehsaldan qaçırlar? Çinlə bərabər ABŞ və Qərb şirkətləri də hələ tenderin iştirakçısıdır, yalnız Rusiya şirkəti tenderdən çıxıb”.

Rəsmi Ankaranın addımları bəhrəsini verib. Belə ki, artıq ABŞ və Avropa şirkətlərinin nümayəndələri Türkiyəyə gəlib. Çin isə baş verən prosesdən narahatdır. Çin Xarici İşlər Nazirliyi məsələnin siyasi mövzuya çevrilməməsini, bunun normal bir silah ticarəti kimi qəbul edilməsini istəyib.

Qeyd edək ki, Türkiyəyə 4 milyard dollara başa gələcək uzaq mənzilli raket hücumundan müdafiə sistemi ilə bağlı tenderə ABŞ (“Patriot”), Rusiya (“C-300”), Fransa-İtaliya ortaqlığı (“Eurosamp-T”) və Çin qatılıb. 

Çin 3,5 milyard dollara Türkiyəyə bu sistemlərin birgə istehsalı təklifini verib. Sentyabrın 26-da Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin toplantısında raket hücumundan müdafiə sisteminin Çinlə birgə istehsalına qərar verilib. Ancaq Türkiyənin bu qərarı ABŞ başda olmaqla, NATO ölkələri tərəfindən etirazla qarşılanıb. İrəli sürülən arqument isə odur ki, Çin texnologiyası əsasında istehsal ediləcək sistemlər Türkiyənin üzvü olduğu NATO-nun müdafiə sistemlərinə uyğun olmayacaq, alyansın müdafiə qabiliyyətinə mənfi təsir göstərəcək.