Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Qəbələ görüşü və qəbul olunan bəyannaməni dəstəklədiyini söyləyib. Millət vəkili Qənirə Paşayeva bu tədbirin Azərbaycanda yüksək səviyyədə keçirildiyini, Türkmənistanın bu tədbirə qatılmasını mühüm hadisə sayıb:

“Ümid edirik ki, yaxın günlərdə Özbəkistan da bu prosesə qoşulacaq”

Deputat əlavə edib ki, Qəbələdə keçirilən qərarlar mühüm hadisədir və hamımız onların qısa zamanda həyata keçəcəyini gözləyirik. Özəlliklə, Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Akademiyasının yaradılması haqqında, Türk tarixi və ədəbiyyatına dair ümumi dərsliklərin yaradılması, türk dövlətlərinin bir-birlərinin dillərinin təhsil müəssisələrində seçmə kurslar kimi tədris edilməsi haqqında sənəddə öz əksini tapan məsələlərin Türkdilli dövlətlərin birliyinin və əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində önəmli məsələlər olduğunu dedi. Ortaq türk tarixinin və ədəbiyyatının yazılması və bütün türk dövlətlərinin təhsil müəssisələrində tədrisi gəncliyin düşüncəsində böyük yer tutar ki, bu da dövlətlərimizin birlik və bərabərliyini daha da artırar.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu sənəd parlamentdə qəbul olunan kimi Azərbaycan dövlətinin təhsil müəssisələri Türkdilli dövlətlərin dillərinin seçmə kurslar kimi tədrisinə başlasalar, bu, digər Türkdilli dövlətlər üçün də gözəl bir örnək olar. Özəlliklə sənəddə öz əksini tapan Türkdilli Diasporun birgə fəaliyyət strategiyası əsasında illik Birgə Fəaliyyət Planlarının hazırlanmasını özündə əks etdirən maddəyə toxunan millət vəkili Qənirə Paşayeva bunun əhəmiyyətini xüsusi vurğulayıb. İnaqurasiya mərasimində cənab prezident Xocalı Soyqırımının dünyaya daha geniş çatdırılması və tanıdılması istiqamətində işlərin daha da artacağını vurğuladı. Xocalı Soyqırımının hamımızın ortaq məsələsi olaraq bu illik Fəaliyyət Planında öz əksini tapması bu işi daha da genişlədər və qardaşlığımızı da daha da gücləndirər, eyni zamanda bu çərçivədə birlik və bərabərlik içərisində ermənilərin qondarma “erməni soyqırımı” yalanlarına qarşı daha geniş mübarizə apara bilərik.