Gömrük İttifaqlına üzv olmağa razılıq verdikdən sonra KTMT çərçivəsində də hava sərhədlərini Rusiyanın ixtiyarına verən Ermənistan rəhbərliyi özünü arxayın hiss etməyə başlayıb
Gömrük İttifaqına üzv olmağa razılıq verdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) çərçivəsində də hava sərhədlərini Rusiyanın ixtiyarına verən Ermənistan rəhbərliyi özünü arxayın hiss etməyə başlayıb. Rusiyadan bir az üzünü sivil Avropaya yönəltmək istəyəndən sonra sərt cəzalandırılan Serj Sərkisyan çox fikirləşmədən sentyabrın 3-də Moskvaya səfərində Kreml sahibi qarşısında dizini yerə qoydu.
Bir neçə ay əvvəl KTMT-nin Bişkek toplantısını boykot etməyə cəsarət tapmış erməni rəhbəri, qurumun sentyabrın 23-də Soçidə keçirilən sessiyasına hamıdan əvvəl özünü yetirdi. KTMT-nin üzv dövlətlərinin hava hücumundan birgə müdafiə sistemi qurmaq qərarından ruhlanan Ermənistan prezidenti Serj Sərkisyan AŞ PA-nın payız sessiyasında Azərbaycana yönəlik hədələri dilə gətirdi.
Əhalisinin yarısının işsizlik səbəbindən ölkədən qaçdığı, qalanlarının isə birtəhər dolandığı Ermənistan prezidentinə Azərbaycanı yeni torpaq işğalı ilə hədələməsi cəsarəti verən gücün kimliyi aydındır. Rusiya əlini Ermənistanın arxasından çəksə, Serj Sərkisyan Avropanın mərkəzində bu cür həyasız bəyanat verməyə cürət etməzdi. (Təəssüf ki, AŞ PA-da özünü sivil Avropanın bir küncü hesab edən Ermənistan rəhbərinin bu çıxışına qiymət verilmədi). Yeri gəlmişkən, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov oktyabrın 7-də S. Sərkisyanın AŞ PA-dakı çıxışını “həyasızlıq” kimi qiymətləndirib (APA). O bildirib ki, Ermənistanın bir tərəfdən Gömrük İttifaqına üzv olub, digər tərəfdən Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasının tərəfdarı olduğunu bəyan etməsi, avropalıları isə borclu çıxarması həyasızlığın zirvəsidir: “Təsəvvür edin, bir neçə il ərzində Avropa Birliyi ilə müqavilə hazırlanır, maliyyə xərclənir ki, Ermənistanın sərhədlərində gömrük məntəqələri tikilsin. Nəticədə isə avropalıların pulu ilə tikilən gömrük məntəqələrindən Gömrük İttifaqı istifadə edəcək. Bütün bunlar onu göstərir ki, Ermənistan proqnozlaşdırılmayan bir dövlətdir, onun xarici siyasəti kimi”.
Maraqlıdır ki, Rusiya ilə izdivacını daha da möhkəmlədən Ermənistan son günlər nəzərəçarpacaq dərəcədə arxayınlaşıb.
Bunun səbəbləri sırasında əlbəttə ki, Ermənistanın Rusiya ilə yeni əməkdaşlıq perspektivləri də var. Məsələn, KTMT Analitik Assosiasiyasının koordinatoru İqor Panarin Ermənistanın KTMT-nin çətiri altında indi özünü daha rahat hiss etdiyini deyib. “Ermənistan Gömrük İttifaqına daxil olmaq niyyətini açıqlayıb. Bu o deməkdir ki, İrəvanın Avrasiya Birliyinə də yolu açılıb. KTMT həm üzvü olan Ermənistanın, həm də ümumilikdə Avrasiya Birliyi ölkələrinin təhlükəsizliyini qoruyacaq” deyə, o bildirib. İqor Panarin Azərbaycanla Ermənistan arasında müharibə olacağı təqdirdə KTMT-nin tutacağı mövqe haqqında da danışıb. Onun sözlərinə görə, KTMT ölkələrinə hərbi təcavüz olunacağı zaman çıxış yolu təkcə təşkilatın müharibəyə qoşulması demək deyil: “KTMT təkcə hərbi təşkilat deyil. Ermənistan-Azərbaycan müharibəsi başlayacağı təqdirdə, KTMT beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcək”.
Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev isə bildirib ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil: “Ona görə də KTMT-nin Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə bu müharibə qoşulması mümkün olmayacaq”.
Onun sözlərinə görə, KTMT yalnız təşkilata üzv ölkələrin təhlükəsizliyini qorumağa cavabdehdir: “Dağlıq Qarabağ Ermənistan ərazisi olmadığından KTMT-nin bu müharibəyə qoşulması mümkün deyil. Lakin Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı təhlükə baş verərsə, o zaman KTMT nizamnaməsinə uyğun olaraq hərəkət edəcək”.
Azərbaycan politoloqları da o fikirdədirlər ki, Ermənistanın daha da həyasızlaşmasına səbəb KTMT-yə arxalanmasıdır. Politoloqların iddiasına görə, hərbi əməliyyatlar başlayarsa, bu müqaviləyə daxil olan türk dövlətləri heç bir zaman təcavüzkar Ermənistanı müdafiə etməyəcəklər. Qeyd edək ki, KTMT-nin sentyabrın 23-də Soçidə keçirilən toplantısında Sərkisyan KTMT-dəki bəzi dövlətlərin Azərbaycana dost münasibətindən gileylənmişdi.
Oktyabrın 7-də Rusiya Dumasının sədri Sergey Narışkin də KTMT haqda danışıb. Düşənbədə Rusiya-Tacikistan Universitetindəki çıxışında Narışkin KTMT haqqında danışarkən deyib ki, qurum əhatə etdiyi regionda təhlükəsizliyi qorumaq gücündədir. Parlament spikeri bildirib ki, KMTM-yə üzv ölkələrə təhlükə yaranacağı təqdirdə Rusiya öz ordusunun köməyini təklif edə bilər. Narışkin Tacikistandakı 201-ci rus hərbi bazasının adını çəkib. Aydındır ki, spiker bununla həm də Ermənistandakı hərbi bazanı da nəzərdə tutub.
musavat.com