Dünənə qədər korrupsiya məsələsində hakimiyyətin rəsmi kursu beləydi: “Korrupsiya bütün ölkələrdə var”. Bunu parlamentin fəal deputatlarından tutmuş saray sözçülərinə, YAP funksionerlərinə qədər hamı, heç bir yaradıcılıq ədvası qatmadan, eynilə təkrarlayırdı.
Görünür, sonradan açılmış telekanalda sonradan veriliş açan keçmiş demokrat üç gün öncə “bu ölkədə korrupsiya yoxdur, rüşvətxorluq var” deyərkən köhnə kursa sədaqət nümayiş etdirib.
Bu gün həmin kurs dəyişib, ölkədə korrupsiyanın olduğu dövlət başçısı səviyyəsində etiraf olunur. Srağagün Nazirlər Kabinetində keçirilən iclasda İlham Əliyev özü deyib: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır”.
Demək, bu ölkədəki korrupsiya ciddi mübarizə tələb edən şiddətdədir.
“Bu sahədə yaxşı nəticələrimiz vardır” deyən dövlət rəhbəri əlavə edib ki, “korrupsiya Azərbaycanda olmamalıdır, bu sosial bəlanı biz aradan götürməliyik”.
Əlbəttə, dünyanın heç bir ölkəsində korrupsiyanın mövcudluğu və böyük miqyasda olması ilə fəxr etmir, ortaya “ondan bizdə də olmalıdır” iddiası qoymurlar.
Hamı bacardıqca korrupsiyanın kökünü kəsməyə çalışır, yaxud özünü bu yolda mübarizə aparırmış, məşəqqət çəkirmiş kimi göstərir.
Daha çox variantda isə əksər ölkələrdə dövləti idarə edənlər korrupsiyanın olduğunu danır, bəzən at kimi üzə durur, beynəlxalq ictimaiyyəti və yerli xalqı aldatmaq istəyirlər.
Hərçənd bu kimi təşəbbüslərin nə xalqın, nə də dünya birliyinin rəyinə, hətta mövcud korrupsiyanın miqyasının azalmasına isti-soyuğu olmur.
Həm ölkədən xaricdə olanlar, həm də ölkə daxilində yaşayanlar çox asanlıqla cəmiyyətin, iqtisadiyyatın bütün sferalarına sirayət etmiş korrupsiya hallarını təsbit edə bilirlər.
Sadəcə, bir ölkədəki korrupsiyanı müşahidə edən əcnəbilər bunu öz hesabatlarında qeyd etmək, düşəndə tənqidi fikirlər səsləndirməklə kifayətlənirlər. Onların missiyası bundan ibarətdir.
Korrupsiya içində boğulan ölkənin xalqı isə bu duruma öyrəşməyə, korrupsiya bataqlığında batmamağa, kol-kosdan yapışıb üzdə qalmağa ,alışır. Bunların da korrupsiyaya qarşı mübarizəsi bundan ibarətdir.
Belə olanda korrupsiya ilə mübarizə aparmaq funksiyası, nə qədər qəribə, paradoksal, sarkastik olsa da, korrupsionerlərin öz üzərinə düşür.
Budur, rəsmən elan olunur ki, korrupsiya ilə mübarizədə uğurlar var.
Söhbətin hansı uğurlardan getdiyi hələ məlum deyil. Düzdür, bir neçə ildir ki, müəyyən dövlət strukturlarındakı doqquzuncu dərəcəli strukturlarda müavin vəzifəsini tutan şəxslər rüşvət aldıqları yerdə yaxalanırlar, amma bunun korrupsiyaya nə dəxli var?
Adı üstündədir, onlar bu ölkədəki on minlərlə rüşvətxorun ən talesizləri, ən kimsəsizləridir, “korrupsiya ilə mübarizə” cədvəlindəki qrafaya “quş” qoymaq üçün yaxalananlardır.
Korrupsiya başqa şeydir. Onu yuxarıda sözü gedən iclasda iştirak edən oliqarx-nazirlər və onların yaratdığı iqtisadi imperiyalarda çalışanlar bilər.
Bir də deyilir ki, korrupsiya ilə mübarizə üçün birdən-birə iki dövlət strukturu yaradılıb, kadrlarla komplektləşdirilib və bu yaxınlarda xüsusi bina ilə təmin edilib.
Bəli, bu, doğrudur. Belə strukturlar var. Ancaq xalq arasında yayılan və hər yerdə istehzaya səbəb olan söz-söhbətlərdən biri belədir ki, korrupsiya ilə mübarizə idarəsində adi bir işə düzəlməyin qiyməti 15 min manatdan başlayır.
Xalqın satirik yaradıcılığı öz yerində, amma hamımız təcrübədən bilirik ki, burada bir misqal da şişirtmə yoxdur. Bu ölkədə bütün sahələr və strukturlar üzrə kadr siyasətinin on illərdən bəri hansı kriteriyalar əsasında aparıldığı heç kəsə sirr deyil.
Bəs ümid varmı ki, dövlət başçısı demişkən, “növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaq”?
Keşkə, elə olaydı. Amma olmayacaq. Necə ola bilər ki, korrupsiya mübarizləri korrupsionerlərdən qat-qat zəifdir. Onlar olsa-olsa korrupsiya mexanizminin vintciyinə çevrilə, zamanla daha böyük korrupsionerə çevrilmək arzusu bəsləyə bilərlər.
Bu üzdən korrupsiya idarəsinin hələ xeyli müddət xırda rüşvətxorlarla əlləşəcəyini, bir də hansısa başqa bir səbəbdən artıq saraydan qovulmuş məmurun varidatını hesablayacağını gözləmək olar.