Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız bir sıra problemlərdən əziyyət çəkirlər. İvanişvili hakimiyyətinin gəlişi ilə Gürcüstan azərbaycanlılarının problemləri daha dərinləşib. Yeni hökumətin milli azlıqlara qarşı qərəzli münasibətindən tənə gələn soydaşlarımızın dediyinə görə, dəfələrlə aidiyyəti qurumlara, eləcə də Gürcüstan parlamentinin azərbaycanlı deputatlarına şikayətlərini bildirsələr də, dərdlərinə dərman tapılmır. Soydaşlarımız həm də müxalifət və iqtidarda təmsil olunan azərbaycanlı deputatların milli məsələlərdə bir araya gəlməməyindən şikayətlənirlər.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov soydaşlarımızın bu iradlarını  haqlı sayır.

Modern.az saytına açıqlamasında deputat Gürcüstan azərbaycanlılarının bir çox problemlərdən əziyyət çəkdiyini təsdiqləyib və bütün günahların baş nazir Bidzina İvanişvilinin hökumətində olduğunu deyib.

Hazırda prezident Mixail Saakaşvilinin komandasında təmsil olunan A.Süleymanov digər azərbaycanlı deputatların siyasi mövqeyini dəstəkləmədiyini vurğulayıb.

“Bilirsiniz ki, Gürcüstan parlamentində cəmi 3 azərbaycanlı deputat var. Onlardan ikisi Əli Məmmədov və Mahir Dərziyev hazırda iqtidarda təmsil olunurlar, mən isə müxalifət düşərgəsində. Siyasi baxışlarımız fərqli olsa da, bizim normal münasibətlərimiz var. Xüsusilə qeyd edə bilərəm ki, Mahir Dərziyev mənim siyasi rəqibim olsa da, biz 20 ildən çoxdur ki, dostluq edirik. İş işdir, dostluq da öz yerində.

Təbii ki, dost olsaq da fikirlərimiz üst-üstə düşmür, amma bizi birləşdirən bir məsələ var, o da millətçilikdir. Əli Məmmədov isə məndən yaşda kiçikdir. Onunla da görüşəndə səmimi söhbətimiz olur”-deyə A.Süleymanov vurğulayıb.

İvanişvili hakimiyyətinin azərbaycanlı deputatları isə Azər Süleymanovun fikirlərinə ironiya ilə yanaşaraq, iradlarla razı olmadıqlarını bildiriblər.

Deputat Əli Məmmədov yeni hakimiyyətin azərbaycanlılara qarşı qərəzli mövqeyinin olmadığını deyərək A.Süleymanovu təkzib edib.