“Seçiləcəyim təqdirdə Türkiyə vətəndaşlarına viza tətbiqini ləğv edəcəm”
Türkiyə mətbuatında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin müsahibəsi yayımlanıb. Müsahibəni Anadolu agentliyi alıb və “Yeni Şafak”, “Türkiyə” kimi populyar qəzetlərdə, “Timeturk”, “Beyazqazete” kimi böyük xəbər portallarında tirajlanıb.
Cəmil Həsənli müsahibəsində prezident seçiləcəyi təqdirdə Azərbaycan tərəfindən Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejimini ləğv edəcəyini söyləyib. Deyib ki, Türkiyə vətəndaşlarına Azərbaycanda viza tətbiqinə anlam verə bilmir. Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə vizasız gəldiyi halda, tarixin ən çətin zamanlarında Azərbaycanın yanında olan Türkiyə vətəndaşlarına viza tətbiq olunur.
“Azərbaycanın hər qarış torpağı türk əsgərinin qanı ilə suvarılıb. Türkiyə-Azərbaycan əlaqələri bir-birinə yaxın olan hər hansı iki dövlətin əlaqələrindən daha yaxın olmalıdır. Birinci dünya müharibəsinin sonunda bir çox dövlətlər neft ölkəsi olan Azərbaycanı ələ keçirmək üçün Bakını almaq istədiyirdi. Yalnız bir ölkənin ordusu dini və milli duyğularla Bakıya gəlmişdi. Bu da Osmanlı ordusuydu. Biz bunların fərqində olmalıyıq. Türkiyəyə qarşı hər hansı bir ögey duyğunu ağlımızdan çıxarmalıyıq. Biz iki qardaş ölkəyik və bu qardaşlıq ögey olmamalıdır. Seçildiyim təqdirdə Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejimini qaldıracağam. Ölkədə sərbəst ticarət mühiti meydana gətirəcəyik. Xarici sərmayəçilərə qəti zəmanətlər verəcəyəm və türkiyəli investorların Azərbaycanda daha rahat işləməsini təmin edəcəyəm”, – deyə Cəmil Həsənli bildirib.
Cəmil Həsənli Azərbaycanda müxalif fikirli gənclərin və dindarların təqibindən də söz edib. O, gənclərin mitinqlərdə istifadə üçün “molotov” kokteyli hazırlamaqda, dindar müxaliflərin isə narkotik saxlamaqda ittiham olunaraq həbs edildiyini deyib. Bildirib ki, bu insanlar böhtana uğrayaraq günahsız yerə həbs olunub. Seçiləcəyi təqdirdə cəmiyyəti “bu cür çirkab vəziyyətindən” qurtaracaq.
“Korrupsiyanın olmadığı bir cəmiyyət yaradacağımı vəd edirəm. Hakimiyyət dövrümdə, siyasi məhbuslar olmayacaq. Siyasi fikirinə görə insanları həbsə atmaq heç bir demokratik düşüncə tərzinə uyğun deyil. Ölkədə heç bir dövlət qurumu işləmir. Məhkəmə sistemi, parlament və digər təşkilatların hamısı yalnız bir adama, prezident Əliyevə bağlıdır”, – deyə o əlavə edib.
Cəmil Həsənli Qarabağ problemindən də bəhs edib və bu problemin həlli yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Azərbaycan vətəndaşı olan erməilərin fərdi və azlıq kimi haqlarının təmin edilməsində gördüyünü deyib.
azadliq.info