Gözümüzü açandan onu həmişə belə görmüşdük. Elə bilirdik ki, o, elə belə doğulub, belə yaşayacaq, belə də dünyadan köçəcək. Ayaq yalın, baş açıq. Əynində də rəngi bozarmış, köhnə çitdən nazik don. Yalnız payızın sonları və bütün qışı ayağına nəsə geyinərdi. Kimsə onu bir dəfə də olsun paltoda, ya da ayrı bir qalın paltarda görməmişdi. Heç doğulduğu ili, günü də bilmirdik…

Saraydan danışıram, 1993-cü ilin yayında ermənilərin işğal etdikləri kəndimizin fağır, arxasız, kimsəsiz, işsiz və gücsüz sakinindən.

Sarayı bizim kəndin yeganə bomju da adlandırmaq olardı…

Amma yox, bomjlardan fərqli olaraq onun gecələməyə yeri-yurdu, baş soxmağa daxması vardı. Əslində, kəndimizdə üstü dəmir, ya da şiferlə örtülməmiş ev yox idi. Elə Saraygilin də evi taxtapuşlu, amma torpaq döşəməli idi.

Saçları pırpız, əl-ayağı, üst-başı kirli olan bu qadını hamı çox istəyirdi. İndi hələ də anlaya bilmirəm ki, uşaq vaxtı ondan tum alıb necə çırtlayırmışıq. Hə, axı kəndimizdə tum qovurub satırdı Saray.. 

O cür natəmiz bir qadından tum almağımız böyüklərin qınağına tuş gəlsə də onun tumu həmişə bizə dadlı gəlirdi…

Əslində, kəndimizdə Sarayı tanımayan, xatırlamayan adam yoxdur. Hətta kəndimiz ermənilər tərəfindən işğal ediləndən sonra doğulan uşaqlar da onu qiyabi tanıyır, böyüklərin danışdıqlarından…

Kəndimizin bütün toy və yas mərasimlərində Saray mütləq ələ-ayağa dolaşmalıydı. İşə yaramırdı ha, ələ-ayağa dolaşırdı. Amma əslində, kömək etmək istəyirdi. Kəndimizin ən kiçiyi də, böyüyü də ona təpinərdi. Elə bil kəndin bütün yeniyetmə oğlanları ilk dəfə qadına təpinməyi onun üzərində məşq edirdilər…O isə heç kəsə cavab verməzdi, dinməzcə gedib bir qıraqda dayanıb, boynunu büküb baxardı.

Lakin toylarımızda, yas yerlərimizdə bişən xörəklərdən birinci pay alanlar sırasında uşaqlarla yanaşı, həmişə Saray da olardı…

Kənddə uşaqdan tutmuş böyüyə qədər hamı Sarayı danlayırdı ki, heç olmasa bir faydalı işin qulpundan yapışsın, amma o, heç vaxt bunlara məhəl qoymurdu. Elə öz işindəydi – səhərdən axşama qədər sərgərdan kimi, boş-boşuna kəndi gəzib dolaşardı…

Bəzən ona təsir etmək üçün camaat deyirdi ki, “Ay Saray, ölsən ortalıqda qalacaqsan, kim sahib çıxacaq sənə, yasını kim verəcək?”

Həmişə də onlara belə cavab verərdi:

-Allah öz kəndimizə versin, bu camaata dəyməsin. Məni el adəti ilə yerdən götürəcək və Şıxbabalının qəbiristanlığında dədəmin yanında basdıracaqlar…

Bu, Sarayın yeganə arzusu və ən böyük ümidi idi. Öz kəndində ölmək, orada dədəsinin yanında dəfn edilmək. Amma alınmadı! Kəndimiz işğal edildi, onun yeganə arzusu puç oldu…

Sarayın sağ-salamat olduğunu, Ağdamın Quzanlı qəsəbəsində yaşadığını bilirdim. Görənlər deyir ki, heç dəyişməmişdi, ayaq yalın, baş açıq. Əynində də rəngi bozarmış, köhnə çitdən nazik don…

Dəyişən yalnız odu ki, kimi görsə, bircə sual verərmiş:

– Kəndimizə nə vaxt qayıdacağıq?!

Bu günlərdə eşitdim ki, Quzanlıda yolu keçərkən Sarayı maşın vurub. Yerindəcə keçinib!

P.S. Sarayın ömürlüyü ilə maraqlandım, bircə onu öyrəndim ki, kəndimizdə doğulub. Atası Məti Məhəmməd fəhlə işləyib. Qızbəs adlı bir bacısı süpürgəçi olub. Onun da Süleyman adlı bir oğlu…Vəssalam.