“Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini gündəmə gətirən bəzi qüvvələr var ki, Azərbaycanla Türkiyənin arasını vurmağa çalışırlar” Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) aparat rəhbəri, hakim AKP-li deputat Mustafa Kabakçı ekskluziv olaraq Modern.az saytına açıqlamasında deyib.
Türkiyəli deputatın sözlərinə görə, xarici dövlətlərə işləyən bəzi qüvvələr Ermənistanla sərhəddin açılması məsələsini ortaya atmaqla yenidən ölkələrimizin arasını vurmağa çalışırlar.
“Bizim bununla bağlı mövqeyimiz dəyişilməz olaraq qalır. Türkiyə sərhədləri niyə bağladısa, ancaq bu səbəblər ortadan qaldırılandan sonra aaça bilər. Bir milyondan çox qaçqın öz evlərinə dönmədən, işğal faktı aradan qalxmadan bu məsələ heç bir zaman Türkiyənin gündəmində olmayacaq. Bu məsələni gündəmə gətirənlər, danışanlar qardaşların arasını vurmağa çalışırlar. Bu insanlar başqa dövlətlər adına çalışan insanlardır. Onun xaricində heç kim belə bir iddiada bulunamazlar”.
AKP funksioneri Türkiyə-Ermənistan sərhədlərin açılmasında Rusiyanın mövqeyindən danışıb. Bildirib ki, nəinki Rusiya heç bir ölkə bu məsələyə qarışa bilməz.
“Rusiyanın bu məsələdə rolunun olduğunu düşünmürəm. Ən azından bu barədə məlumatım yoxdur. Türkiyə ortaya bir mövqe qoyarsa bunu sonadək dəyişməz olaraq saxlayar”.