“Qarabağ ermənilərini evlərindən qovublar…”
25 il əvvəl, 1988-ci ilin bu günü, sentyabrın18-də Qarabağın mərkəzi şəhəri Xankəndində ermənilərin ilk böyük aksiyası başlayıb. Bununla Azərbaycan torpaqlarının işğalına start verilib.
Həmin vaxt Bakı Dövlət Universitetinin tələbəsi olmuş, hazırda Gənclər və İdman Nazirliyi Bakı şəhər Tibbi Bədən Tərbiyə Labaoratoriyasında həkim işləyən, “Xankəndi” Məcburi Köçkünlərinə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva yaddaşının acı xatirələrini Modern.az saytı ilə bölüşüb.
Erməni qadını dedi ki, “sizinlə işimiz yoxdur”
– Xankəndi hadisələri baş verən zaman universitetdə oxuyurdum. Sanki bu hadisələrin olacağını əvvəlcədən hiss edirmiş kimi yay tətilini bütünlüklə Xankəndində keçirdim. Sentyabrın 16-da Bakıya gəldim.
Açığı, sentyabrın 18-də ermənilərin Xankəndində mitinq keçirməsindən xəbərsiz idim. Çünki ayın 16-da oradan gəlmişdim. Vaxt tapıb televizora da baxmamışdım… Sentyabrın 18-i idi. Universitetdə dərsdə idim. Dedilər ki, bütün müəllimlər səni axtarır. Xankəndindən olduğumu bilirdilər. Mənə dedilər ki, bəs Xankəndində mitinq olub. Düzü təəccübləndim. Axı mən oradan yeni gəlmişdim. Bu xəbəri eşidən kimi Xankəndinə zəng vurdum. Evimizdə telefon olmadığı üçün qonşumuz olan erməninin evinə telefon açdım. Anamla danışmaq istədiyimi dedim. Erməni qadın anamı çağırdı. Anam telefona gəldi, dəstəyi götürüb mənə dedi ki, “bir də bura zəng vurma. Daha bizim belə qonşumuz yoxdur” dedi. Dəstəyi alan erməni isə “sən ona fikir vermə, əslində bizim heç nədən xəbərimiz yoxdur” söylədi.
Mitinq məsələsini ermənidən soruşanda mənə cavab verdi ki, “sizinlə işimiz yoxdur”. Bütün bu olanlar bizlər üçün çox gözlənilməz oldu. Onlar bizim tolerantlığımızdan istifadə edib, içimizə o qədər girmişdilər ki… Hətta yaxın qonşumuz belə, bizə heç nə deməmişdi. Bütün erməni qonşuları ilə biz çox yaxın idik. Onları o qədər içimizə buraxmışdıq ki… Elə bilirdik onlar da bizə qarşı belə münasibətdədirlər. Amma heç də belə deyilmiş. Nə biləydik ki, gün gələcək, bu mənfur insanlar bizə qarşı belə xainlik edəcəklər…
Sumqayıt hadisələrini törədən erməniləri Xankəndində məskunlaşdırdılar…
– Sumqayıt hadisələri başlamışdı. Sumqayıtda saqqalı ermənilər azərbaycanlı adıyla evlərə hücum edirdilər. Məsələ qəlizləşmişdi. Sumqayıt hadisələrini törədən bütün ermənilər Xankəndində universitetin yataqxanasında yerləşdirilmişdi. Həmin yataqxanadan azərbaycanlı tələbələr çıxarıldı.
Sumqayıt hadisələrindən sonra Xankəndində hadisələr qızışdı. Şəhərdə olan bütün ermənilər aksiyaya çıxmışdılar. Onlar “myason”(birləşmə) sözü altında birləşərək, şəhərdə palatkalar qurub, mitinqlər keçirirdilər. Onlar bizim torpaqları yavaş-yavaş ələ keçirsələr də, mən bunu heç vaxt qəbul edə bilmirdim. O zaman videokamera tapılmırdı, ancaq elə təşkil edilmişdi ki, mitinq zamanı şəhərin küçələri kameralı insanlarla dolu idi. Şəhərdə xarici jurnalistlər çox idi. Bəlkə də heç Bakıda 18 may mitinqi olan zaman bu qədər jurnalist olmamışdı.
Ermənistandan deportasiya olunan azərbaycanlıların Şuşadan Bakıya köçüçülməsi Xankəndində ermənilərin əl-qolunu açdı
İyul ayında xəbər yayıldı ki, Ermənistandan gələn köçkünlər Şuşada məskunlaşırlar. Şuşa camaatı onları çox yaxşı qarşılamışdı. Şuşadakı ermənilər bundan qorxaraq gəlib Xankəndində məskunlaşdılar. Halbuki, o zaman Ermənistandan qaçqın düşən azərbaycanlılar onlara bir söz belə, deməmişdilər. Aradan az keçməmiş bizim o zamankı iqtidar Şuşada məskunlaşan azərbaycanlıları Bakıya göndərdi. Bundan sonra Şuşadan qaçan ermənilər Xankəndindən geri qayıtdılar.
Sentyabr ayının əvvəllərində ermənilər evlərin qarşısında olan hündür çinar ağaclarını kəsməyə başladılar. Sonra hansı evdə azərbaycanlı yaşayırdı, oranı daş-qalaq edərək, bütün pəncərələri sındırdılar. Bu həm də digərlərinə bir işarə idi ki, bu azərbaycanlının evidi. Onlar sanki sentybarın 18-i üçün bir növ hazırlıq görürdülər. Ermənilər evlərinə daş yığır, qaynar su saxlayırdılar ki, bizə hücum edəndə bunlardan istifadə eləsinlər. Elə bilirdilər ki bizim evlərdə silah var.
Atamın erməni dostu var idi. Bizə xəbərdarlıq etmişdi ki, Xankəndini tərk edək. Hətta bizə maşın göndərərək oradan çıxmağımıza kömək etmişdi. Biz Bakıya gəldik. İqtidarın yazılmamış sərəncamı ilə evlərimiz dəyişdirildi. Xankəndində olanda bizə heç bir kömək yox idi. Bunu təsəvvür etmək mümkün deyil. Orada sahibsiz qalmışdıq. Şəhərdə heç bir köməyimiz olmadığına görə orda qala bilməzdik. Heç bir köməyi olmayan əhali silahlı ermənilərlə üzbəüz qalmışdı.
1988-ci ildə aprel-may aylarında Xocalıya hücum etmişdilər. Sonralar Kərkicahanın, Xocalının və bir çox kəndlərimizin işğalı başladı.
Xankəndində azərbaycanlıları qeydiyyata alımırdılar
1980-ci ildən bu şəhəri demək olar ki, qapalı bir zonaya çevirmişdilər. Ora gələn azərbaycanlıları yaxın buraxmırdılar. Atam dayım oğlunu çox çətinliklə qeydiyyata aldırdı.
Ermənistan erməniləri Qarabağ ermənilərini qəbul etmirdilər. Ermənistana gəlin köçən erməni qızları heç bir ay orada qala bilmirdilər, geri qaytarırdılar. Səbəbi onların xasiyyətinin tutmaması göstərilirdi. Ermənistan erməniləri Qarabağ ermənilərinə “şortivas hayır”, yəni ki “fırladılmış ermənilər” deyirdilər. Yəni bizdən olmayan, azərbaycanlılardan dönmüş ermənilər…
Sərkisyan bayrağımızı öpürdü…
Bu gün Ermənistan dövlətinin başçısı Serj Sərkisyan Azərbaycan vətəndaşı sayılır. Serj Sərkisyan bizim bayrağımız öpüb. Bu, mənim yaxşı yadımdadır. Şagird olduğum zaman əlaçılar arasında sərgi təşkil olunmuşdu. O zaman Sərkisyan Xankəndində komsomol komitəsində işləyirdi və bizə foyedə təşkil olunmuş andiçmə mərasimində bayrağı (Azərbaycan SSR-in bayrağı-red) öpməyi, hansı sözləri deyəcəyimizi öyrədirdi. Mən bu hadisələrin şahidi olduğuma görə, Serj Sərkisyanı Azərbaycan vətəndaşı kimi qəbul edirəm.
Xankəndindəki mitinqlərdə həyat yoldaşı azərbaycanlı olan erməni qadınlar da iştirak edirdilər. “Daşnaksütyun” partiyasının yığıncaqlarına da gedib qatılırdılar. Onlar sonradan Rusiyaya köçdülər. Çünki Ermənistanda onları qəbul eləmədilər. Azərbaycana gəlməyə isə qorxurdular.
Xankəndi ermənilərini Ermənistan erməniləri Qarabağdan qovub…
– Xankəndi məcburi köçkünləri tək azərbaycanlılardan ibarət deyil, ermənilər də var. Onlar mənim qarşıma Rusiyada və Ukraynada çıxıblar. Əslində onlar da məcburi köçkünlərdir və onların geri, Xankəndinə qayıtmağa ixtiyarları yoxdur. Ona görə ki, onlar Azərbaycana qarşı vuruşmayıblar və əsgərliyə getməyiblər. Evləri əllərindən alındığına görə oranı tərk ediblər.
modern.az