“Ya İbrahimbəyov, ya İbrahimbəyov” deyib həşir salan, üz cırıb, saç yolub, başına tuman keçirən, zəhləmizi tökən əmilər, xalalar, dayılar, bibilər və onların zurnaçıları, axşamınız xeyir olsun. Necəsiniz? Səsiniz gəlmir eee nəsə. Facebook “qəhrəmanları”, virtual aləmin “avtoritetləri”, “ideoloqları” susblar. Ay lotular, bax busunuz. Sizə Allah ona görə fürsət vermir, şans tanımır ki, burnunuzun ucundan o tərəfi görə bilmirsiniz. 20 il, 10 il, 5 il, 2 il bir yana, 2 ay sonranı proqnozlaşdıra bilməyəcək qədər fərsizsiniz, fəhmsizsiniz. Bir qoca kişi gəlib sizi fırlatdı, məzələndi, axırda çəkildi kənara. Üstəlik hər şeyin məsuliyyətini yüklədi üstünüzə. Sizi aşağıladı, sizə savadsız, ağılsız, qanundan anlamayan dedi. İndi verin də cavabını Rüstəm müəllimin. Niyə cınqırınız çıxmır? Dilinizimi uddunuz, lan?! Sizə – bu ağlın sahiblərinə ölkənin taleyini, millətin qədərini etibar etməkmi olar?! Əsla! Hər şeyi bir neçə ayın içində bərbad edərsiniz. Siyavuş qədər ağlınız yoxdu. Amma dillənəndə yekə-yekə danışırsınız. Sizdən ağıllılara, sizdən səlis düşünüb zamanında düşərgəni biabırçılıqdan xilas etmək istəyənlərə çamur atırsınız. Çünki gerizəkalısınız, o ağılı insanların məntiqini anlamağa zəkanız yetmir. Axırda da ağzınızın payını verirlər. Necə ki bunu indilikdə Rüstəm İbrahimbəyov elədi. İndi ağzınızın qıraq-bucağını silə-silə o mənasız və ağılsızlıq yağan gözlərinizi zilləyin Rüstəm kişinin arxasına. İbrahimbəyovu başımıza çıxaranlar, “ya o, ya heç kim” deyib həşir qoparanlar çıxsın hesab versinlər, izahat versinlər, ya da üzləri qalıbsa üzr istəsinlər insanlardan, ittiham etdikləri bizlərdən. Millətin, müxalifətçilərin 2013 şansını məhv edən macəraçı siyasətbazlardan, mətbuavtoşlardan, yalançı nikbinlərdən, özünü hamıdan ağıllı göstərməyə çalışan bəzi köşə yazarlarından izahat gözləyirəm. İbrahimbəyovun son müsahibəsinin izahını versinlər. Onu ağına-bozuna baxmadan müdafiə edib başa çıxaranlar başlarını dik tutub millətə bunun hesabını necə verəcəklər, çox maraqlıdır. Görürsünüzmü, siyasət pafos deyil, hay-küy deyil, qaragüruh deyil, qara piar deyil, çamur vedrəsi gəzdirmək heç deyil. Siyasət böyük ağıl, güclü məntiq, geniş ürək, iti zəka, yeri gələndə intuisiya tələb edən ciddi peşədir. Və bir də doğru vaxtda doğru qərarlar verməyi bacarmaq qabiliyyəti, istedadıdır. Siyasətçi üçün sahiblənməli olduğu şeylərdən biri də aydın, şəffaf, ləkəsiz siyasi keçmiş, tərtəmiz bioqrafiyadır. Keçmişi qara ləkələrlə zəngin olan bir dəstəbaşının, siyasi təriqət rəhbərinin milləti ağ günə çıxarmaq iddiasına düşməsinin axırı bu cür biabırçılıqla yekunlaşır.

***

Ziyalının müxalifətin başına keçməsini də sınadılar. Sonluq biabırçı oldu. Ögey liderlərin müxalifəti birləşdirib xalqı ağ günə çıxaracağına inanmaq lazım deyilmiş. Son 15 illik tarix sübut etdi ki, bu varinat alınmır, alınmayacaq. Rəsulun, Lalənin, Eldarın və Rüstəmin timsalında bunu görə-görə gəlirik. Azərbaycanda lider kimi müdafiə olunacaq, sonadək arxasınca gediləcək tək bir isim var bu gün – İsa Qəmbər. Mən bunu müsavatçı və “Yeni Müsavat”çı olaraq demirəm. Bu, mənim vətəndaş mövqeyimdir. İsa bəy 25 ildən çoxdur ki, tutduğu mövqedən sapmayıb. Etibarlı adamdır, güclü şəxsiyyətdir, avtoritetdir, sözünə bütövdür. Yalan danışmır, həqiqəti söyləməkdən çəkinmir. Ən çətin və ağır günlərdə silahdaşlarını, dövlətini, ölkəsini qoyub heç yana qaçmayıb. 1993-də ən qorxulu və təhlükəli günlədə, parlament binasında qiyamçıların avtomatlarının lüləsi sinəsinə tuşlanan vaxtlarda ölkəsinin, mənsub olduğu düşərgənin namusunu qorumaq üçün həbsə girdi. İ.Qəmbərin adı indiyədək bu rejimlə gizli-aşkar əməkdaşlıqda hallanmayıb. Təmiz, şəffaf həyat yoluna malikdir. Dövlət təcrübəsi, yüksək idarəçilik bacarığı var. 1992-93-cü illərdə nə vaxt müharibənin gedişinə müdaxilə edib, Azərbaycan ordusu hər dəfə qələbə qazanıb: ya işğal olunmuş torpaqlarımızı geri qaytarmışıq, ya da bizdə olan torpaqlar düşmənin əlinə keçməyib. Parlamentdə spiker olan vaxtlar onun necə ideal idarəçilik qabiliyyətinin olduğuna şahidlik etmişik. Belə bir qiymətli insanı, lideri, siyasətçini qoyub niyə ora-bura vurnuxur müxalifət? Azərbaycan indiki vəziyyətdən İsa Qəmbər kimi potensiala malik bir şəxsiyyətin liderliyi və iştirakı ilə çıxa bilər. Gözünüzü ordan-burdan çəkin, nicat, qurtuluş Bakıdadır, İsa Qəmbərdədir.