ABŞ-ın paytaxtı Vaşinqtonda müsəlman və xristian nümayişcilər Konqres qarşısında bir-birinə qarşı etiraz aksiyaları keçiriblər. ABŞ Konqresi qarşısında yaşanan bu qarşıdurma barədə ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı xəbər verib. 

2001-ci il terrorundan 12 il keçməsinə baxmayaraq, müsəlmanların nümayiş təşklil etməsinin məqsədi vardı. “Bir milyon müsəlmanın nümayişi” adlandırılan bu etiraz aksiyası hələ 8 ay əvvəl elan olunmuşdu. Bununla belə, nümayişə 1 milyon əvəzinə təqribən 40-50 iştirakçı qatıldı. Çıxış edənlərin bir qismi nifrət və zorakılığa qarşı Amerika ilə bərabər olduğunu desədə digərləri Amerikanın vergi ödəyicisinin pulunu günahsız insanların öldürülməsinə xərclədiyini bildirdi. 

Müsəlmanların nümayişinə etiraz edənlərin olacağı əvvəldən məlum idi. Rəhbərlik müsəlmanların nümayişinə icazə versə də, onlara qarşı etiraz etmək üçün toplaşmaq istəyənlərin xahişini rədd etmişdi. Bununla belə, hadisə yerində gördüklərimiz bunun əksi oldu. 

“İndi mənim arxamda gələnlər müsəlmanların Vaşinqtonda nümayişinə etiraz edənlərdir. Bu yürüşə rəhbərlik tərəfindən icazə verilməsə də, yürüşün keçirilməsinə heç kəs maneə törətmir” – Vaşinqtondan Sevinc Osmanqızı bildirir. 

Müsəlman nümayişçilərlə ABŞ-ın müxtəlif ştatlarından gələn bir neçə min baykerlə toqquşmaya yol verməmək üçün ABŞ-ın park polisi güclənmiş iş rejimində işləyir, nümayişçiləri bir-birindən ayırmağa çalışırdı. Lakin bu, o qədər də asan deyildi. Kapitoliumun ətrafında etirazını bildirən müsəlman və xristian nümayişçilər bir-birinin üstünə qışqırırdılar. Təəssüf ki, müsəlman nümayişçilərə qarşı nalayiq hərəkət edənlər də oldu. 

Bəs müsəlmanların nümayişi nəyə görə bu qədər güclü reaksiyaya səbəb oldu? Bunu motosiklistlerin yürüşündə iştirak etmək üçün Missuri ştatından Vaşinqtona gələn baykerdən soruşuruq. 

Motosiklistlerin nümayişinin iştirakçısı, Ed Hopkins: “Biz müsəlmanların 11 sentyrbda burda yürüş keçirəcəyini eşidəndə düşündük ki, belə bir gündə bunu etmək düzgün olmaz. Ona görə də, ABŞ-ın müxtəlif yerlərindən olan baykerlər bir yerə toplaşdıq, vətənpərvərliyimizi nümayiş etdirmək və bu etiraza balans yaratmaq istədik”. 

Etirazlar qızışanda ara qarışır, məzhəb itir. Bu nümayişçilərin isə nifrət obyekti müsəlman olduğunu zənn etdikləri ölkə prezidentidir. 

Nümayişçi, Tim Vəns: “Barak Hüseyn Obama təkcə ABŞ deyil, bütün dünya üçün təhlükədir. O, amerikalıların hüquqlarını əllərindən almaq üçün hər şey edir. Əgər ABŞ müstəqilliyini itirərsə, dünyanın heç yerində azadlıq olmayacaq. Obama hakimiyyətdən getməlidir”. 

Beləliklə, 2001-ci il terror aktlarının daha bir ildönümü arxada qalır. Bu dəfəki ildönümü ABŞ səfirinin öldürüldüyü keçən illə müqayisədə dinc keçsə də, müsəlmanlara qarşı münasibətin hələ də həssas olduğunu üzə çıxardı. 

 

http://youtu.be/fKnsDI-lK5c