“Mənim oğlum da məktəbi Bakıda oxuyub, ali məktəbi də Azərbaycanda oxuyacaq” 

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev sentyabrın 10-da Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib.

Ev sahibi Səfurə Hüseynova: “Xoş gəlmisiniz, cənab Prezident! Sizə çox minnətdarıq. Siz bizə yenidən həyat vermisiniz”.

Prezident İlham Əliyev: “Çox sağ olun. Sizi təbrik edirəm. Burada gözəl şərait yaradılıbdır, böyük şəhərcik tikilibdir. Burada dörd min köçkün bax bu gözəl şəraitdə yaşayacaqdır. Dörd min köçkünün vəziyyəti yaxşılaşır. Dövlət siyasəti aparılır. Dövlət öz hesabına köçkünləri yerləşdirir, yeni binalar, məktəblər tikilir. Burada indi tanış oldum, gözəl məktəb, uşaq bağçası, gözəl, yaraşıqlı evlər, geniş otaqlar – bütün şərait yaradılır. Bildiyiniz kimi, hər il Azərbaycanda 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yəni, hər il Azərbaycanda köçkünlər üçün orta həcmli şəhər boyda şəhərcik tikilir.

Bu, əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir. Hər il Dövlət Neft Fondundan sırf tikinti məqsədləri üçün 300 milyon manat vəsait ayrılır. Eyni zamanda, il ərzində Prezidentin ehtiyat fondundan da müəyyən vəsait ayrılır ki, köçkünləri daha gözəl şəraitlə təmin edək.

Əminəm ki, bu proses gələcək illərdə də davam etdiriləcək. Hələ öz növbəsini gözləyən köçkünlər çoxdur, o cümlədən Bərdə rayonunda. Burada dörd min köçkün yaşayacaqdır. Amma təkcə Bərdə rayonunda mənzil şəraiti yaxşı olmayan köçkünlərin sayı 30 mindən çoxdur. Onların da şəraiti yaxşılaşdırılacaqdır. İndi biz əlimizdən gələni edirik ki, tezliklə köçkünləri gözəl şəraitlə təmin edək, Bakıda da, rayonlarda da. Evlərə, mənzillərə təxminən 180 min köçkün köçürülüb. Ancaq hələ də məktəblərdə yaşayanlar vardır. Bax burada yaşayan insanlar əvvəllər məktəbdə yaşamışlar. İndi Bərdə rayonunun bütün məktəbləri boşalır, köçkünlər köçürülür, amma digər rayonlarda hələ məktəblərdə yaşayanlar vardır. Bakının özündə, Sumqayıtda uşaq bağçalarında yaşayanlar vardır. Tədricən bu məsələlər də öz həllini tapacaq və müvəqqəti də olsa sizin məişət probleminiz həll olunacaq.

Ancaq əsas məsələ ondadır ki, biz köçkünlərimizi öz dədə-baba torpaqlarına köçürək. Əminəm ki, biz onu da həll edəcəyik, çünki başqa yol ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcəkdir. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Bu ədalətsizliyə son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Haqq-ədalət bərpa edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Bu gün artan iqtisadi, hərbi gücümüz bunu təmin edəcəkdir. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcəkdir”.

Səfurə Hüseynova: Ancaq Sizin sayənizdə bu arzumuza çata bilərik, cənab Prezident. Çox sağ olun. Sizə minnətdaram. Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin. Sizin ayağınız çox ruzilidir. Mən inanıram ki, Sizin ayağınız bu evə dəyibsə biz daha da firavan həyat sürəcəyik. Fürsətdən istifadə edib balanızın, – o, bizim də balamızdır, – Heydərin ali məktəbə daxil olması münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, o, babasının və Sizin davamçınız olsun. Biz Sizi çox sevirik. Siz öz balanızın məhz Azərbaycanda təhsil almasını istədiniz. Sizə bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun, bu, doğrudan da vacib məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da məktəbi Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaq. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır. Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır.

Səfurə Hüseynova: Balaca Heydərimiz bütün gənclərə sübut etdi ki, Azərbaycanda təhsil almaq lazımdır. Bəzən bu gənclər Bakıya gedirlər, mən təəccüb edirəm ki, nəyə görə?! Prezidentimiz bütün rayonları abadlaşdırıb. O cümlədən Ağdamımızın kiçik bir kəndini böyük bir şəhərə çevirib. Allah atanıza rəhmət etsin. Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə dua edirəm ki, Allah, Prezidentimizi qoru!

Prezident İlham Əliyev : “Sağ olun. Mən Ağdam rayonunda da dəfələrlə olmuşam. Orada da quruculuq, abadlıq işləri aparılır. Quzanlı kəndi indi şəhər olmuşdur. Orada infrastruktur layihələri həyata keçirilib, sosial obyektlər, xəstəxana, idman qurğuları, yollar tikilib, qaz xətləri çəkilib. Ağdam rayonunun işğaldan azad olunan yerlərində qəsəbələr tikilmişdir. Ağdam rayonunun sakinlərinin təxminən yarısı, bəlkə də yarıdan çoxu yeni qəsəbələrdə yaşayır. Ağdam şəhəri azad olunandan sonra biz onu yenidən quracağıq. Çünki vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Ağdamın indiki görüntüləri, şəkillər, videogörüntülər vardır. Şəhəri yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər – vəhşilər ediblər. Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır”.