Gürcüstanda yaşayan azərbaycanlıların son günlər üzləşdikləri problemlər, eləcə də soydaşlarımızın ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı baş nazir Bidzina İvanişvili və prezidenti Mixail Saakaşviliyə müraciət olunub. Bu barədə Modern.az saytına açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov məlumat verib.
Azərbaycanlı deputatın sözlərinə görə, Ermənistan sərhədçiləri tərəfindən saxlanılan Allahverdi Pələngovun azad olunması üçün prezident və baş nazirə dəfələrlə müraciət edilib kömək istənilsə də, problem həllini tapmayıb.
“Biz mütəmadi olaraq bu işlərlə məşğuluq. Soydaşlarımızın azad olunması üçün demək olar ki, bütün rəsmi instansiyalara müraciət etmişik. Ermənistan tərəfi Allahverdi Pələngovun işini yubandırır. Rəsmi qurumlar isə saysız-hesabsız müraciətlərə baxmayaraq onun azad olunması üçün heç nə etməyib”-deyə deputat bildirib.
Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı Əli Məmmədov isə bütün problemlərin sərhəddin bəlli olmamağından yarandığını deyib. Deputat Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı mütəmadi olaraq rəsmi qurumlara məlumat verildiyini bəyan edib.
Qeyd edək ki, Gürcüstanda yaşayan bir neçə azərbaycanlı erməni sərhədçiləri tərəfindən əsir götürülüb. APA-nın verdiyi xəbərə görə, bir neçə gün bundan qabaq erməni sərhədçilər Gürcüstanda daha üç azərbaycanlını saxlayaraq özləri ilə aparıblar. Marneuli Polis idarəsi işə qarışdıqdan sonra soydaşlarımız azad edilib.
musavat.com