Prezidentliyə namizədliyini irəli sürmüş millət vəkili Zahid Orucun imzatoplama kampaniyası davam edir. Bu barədə Modern.az saytına prezidentliyə namizədin bu günlərdə yenicə fəaliyyətə başlamış Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu məlumat verib.
Onun sözlərinə görə, Z.Orucun prezidentliyə namizədliyinin rəsmən qeydə alınması üçün onun imzatoplama kampaniyasına avqustun 18-dan start verilib və bu müddət ərzində 12 mindən artıq seçici imzası toplanıb.
İmzatoplama kampaniyasının uğurla davam etdiyini bildirən Ə. Əlioğlu deyib ki, bu kampaniya ölkədəki 125 Seçki Dairəsinin böyük əksəriyyətini -70-dən çoxunu əhaətə etməkdədir:
Ə.Əlioğlunun eyni zamanda bildirdiyinə görə, məlum imzatoplama kampaniyasına 20-yə yaxın fəal cəlb olunub ki, onlar da öz işlərini seçki qanunvericiliyinə uyğun şəkildə uğurla aparmağa çalışırlar:
“ Çox güman ki, yaxın zamanlarda da imzatoplama kampaniyasını uğurla başa çatdırıb, imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik”.
Bununla yanaşı, Seçki Qərargahının rəhbəri qeyd edib ki, MSK-da Z. Orucun səlahiyyətli nümayəndələri də təsdiqləniblər.
Ə.Əlioğlu daha sonra rəhbərlik etdiyi Seçki Qərargahının da yeni fəaliyyətə başladığını və onun öz üzərinə düşən işlərin öhdəsindən məsuliyyətlə, uğurla gəlməyə çalışdığını bildirib.
“Onu da qeyd edim ki, Seçki Qərargahımız Nərimanov rayonu ərazisi-Təbriz küçəsi -116 ünvanında yerləşir və maraqlananlar qərargahımıza gələ, müraciət edə bilərlər”-deyə, o, sözlərinə əlavə edib.